Ana Sayfa > Araşdırma > Məktəb psixoloqu hara baxır, ya da var ki, baxsın?! - AKTUAL

Məktəb psixoloqu hara baxır, ya da var ki, baxsın?! - AKTUAL


15-03-2021, 08:18. Yazar: admin
Məktəb psixoloqu hara baxır, ya da var ki, baxsın?! - AKTUAL

Son günlər intihar kabusu yenidən cəmiyyətdə ciddi narahatlıq yaradıb. İntiharların həm şəxs, həm onun ailəsi, həm də cəmiyyət üçün nə qədər faciəli olduğu məlum məsələdir. Bir şəxsin intiharı cəmiyyətdə saysız insanın travması deməkdir. Xüsusilə, yeniyetmələrin, azyaşlı uşaqların intihara meylli olması böyük problemdir.

İnsanın şəxsiyyət kimi formalaşmasında ailə ilə yanaşı, məktəb mühitinin də müstəsna rolu var. Belə olan halda, təbii olaraq diqqətlər məktəb psixoloqlarına yönəlir – hər məktəbdə fəaliyyət göstərən, dövlətdən maaş alan təbəqəyə. Bu faktor martın 9-da iki yeniyetmə qızın özlərinə qəsd etmələrindən sonra xüsusilə qabardı.

Məktəb psixoloqları şagirdlərlə lazımi səviyyədə işləyə, onların psixologiyasının müsbətə köklənməsinə yardım edə bilirlərmi? Belədirsə, son zamanlar məktəblilər arasında bu cür arzuolunmaz tendensiya niyə çoxalıb?

AYNA mövzuya aydınlıq gətirməyə çalışıb.
Psixoloq Vüsalə Əmiraslanova hesab edir ki, məktəb psixoloqları aktiv iş rejimində çalışırlar, sadəcə olaraq onlara ümumi sistematika lazımdır: “Ümumi götürsək, intihara meyilli olan uşaqlarda bu proses 7-ci sinifdən başlayır. 7- 8-9-cu siniflərdə uşaqların psixologiyası intihara daha çox meyilli olur. 10 və 11-ci siniflərdə isə daha çox təhsillə, yaxud da sevgi münasibətləri ilə bağlı intiharlar olur. Onlarla qrup şəklində seminarlar təşkil etmək lazımdır. Əlavə olaraq fərdi şəkildə uşaqların xarakteristikası müəyyənləşdirilməlidir. Nəticədə intihara meyilli uşaqlar daha çox ortaya çıxa bilər. Şagirdlərin xarakterlərini xüsusi testlərdən keçirərək öyrənmək olar. Daha sonra uşaqların ailə vəziyyəti, bullinqə məruz qalıb-qalmadıqları, psixi durumları, ümumiyyətlə psixi, nevroloji problemlərinin olub-olmadığı da araşdırılmalıdır. Bu cür testlər də davamlı keçirilməlidir. Məktəb psixoloqlarında da bu davamiyyəti formalaşdırmaq lazımdır”.
“Azyaşlı uşaqlar bir-birinə baxıb hansısa hərəkətləri edirlər. Son zamanlar da belə hadisələr çoxalıb. Belə yazılar da çox yazılır, intiharlarla bağlı çox danışılır və uşaqlar da bununla maraqlanmağa başlayırlar. Cəmiyyətdə insanların maarifləndirilməsi lazımdır. Uşaqlarımız intihar edəcək deyə qorxub, onları buna təhrik etmək də olmaz. Qorxanda da uşaq valideynlərini cəzalandırmaq üçün intihar edə bilir. Eyni zamanda intiharı da çox təbliğ etmək olmaz. Uşaqlara intiharın pis tərəflərini izah etmək, onların həyatlarının nə qədər önəmli olduğunu anlatmaq lazımdır”, - deyə psixoloq bildirib.

Təhsil eksperti Elçin Əfəndi də son illərdə intihar hallarının çoxalmasını həyəcan siqnalı kimi dəyərləndirir: “Bu da cəmiyyət üçün olduqca təhlükəlidir. Bunun qarşısını almaq üçün müvafiq olaraq dövlət tərəfindən addımlar atılmalıdır. Təkcə məktəb psixoloqları yox, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eyni zamanda QHT-lər doğru-dürüst işləməlidir”.

“Ümumiyyətlə, məktəblərdə təəssüflər olsun ki, psixoloqların hamısı demək olar ki, yerində deyil. Bu, nə deməkdir? Yəni məktəblərdə psixoloq vəzifəsi var, lakin faktiki olaraq həmin vəzifəni daşıyacaq kimsə yoxdur. Varsa belə, o şəxs psixoloq deyil, hansısa məktəb direktorunun qohumu, tanışıdır. Təəssüflər olsun ki, onlar, sözün həqiqi mənasında psixoloq deyil, hansısa başqa sahənin adamlarıdır. Bu şəxslərin də şagirdlərə psixoloji cəhətdən yardım etmələri absurddur, doğru deyil”, - ekspert vurğulayıb.

Əfəndinin fikrincə, reallıq bundan ibarətdir ki, məktəblərdə çalışan psixoloqlar da bütün məktəb şagirdlərini daimi olaraq izləyə, onlara psixoloji konsultasiyalar tətbiq edə bilmirlər: “Yalnız hansısa hallar, faktlar ortaya çıxdığı zaman onlar görüşlər, müvafiq konsultasiyalar təyin edirlər. Bu, vəziyyətdən çıxış yolu deyil. Yaxşı olar ki, ümumiyyətlə, məktəblərdə psixologiya ilə bağlı faktiki məşğələlər təyin olunsun, ya da ən azı, bir saatlıq psixoloji dərslər təşkil olunsun. Bunlar vacibdir. Necə ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbul olunması həyata keçirilirsə, onlar tərəfindən də psixoloq vəzifəsini yerinə yetirəcək məktəb psixoloqları üçün də xüsusi imtahanlar keçirilməlidir. Bütün məktəblərin hamısında psixologiya üzrə təhsil almış şəxslər fəaliyyət göstərməlidir”.

“Sözün açığı, şagird intiharlarının müxtəlif səbəbləri var. Burada ailələrdən də bir çox məqamlar asılıdır. Ailədə mərifət, tərbiyə kimi amillər olmalıdır. Bu məsələlərdə cəmiyyətin də müəyyən mənada günahı var. İnformasiya texnologiyalarının özü də belə məsələlərdə az rol oynamır. İntihar edən şagirdlərin ailələri də iddia edir ki, şagirdlər foto çəkmək üçün binaya çıxıblar. Təbii ki, bu məsələ araşdırılır. Düşünürəm ki, bu kimi məsələlərdə təkcə ailəni, cəmiyyəti günahlandırmaq düzgün deyil. İnformasiya texnologiylarının təsiri, insanların özlərini cəmiyyətə tanıtmaq istəməsi halları bu kimi nəticələr meydana çıxara bilir”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.
Geri dön