Ana Sayfa > Araşdırma > Sosial şəbəkələrin insan beyninə təsirləri: “Aqressiya və depressiya yaradır”
Sosial şəbəkələrin insan beyninə təsirləri: “Aqressiya və depressiya yaradır”14-09-2020, 16:19. Yazar: admin |
Türkiyəli uzman Alptekin Çetin sosial şəbəkələrin insan beyninə təsirləri barədə araşdırma aparıb. O bildirib ki, "Facebook"dan mütəmadi istifadə beynin badamcıq sahəsinə təsir edir: “ “Facebook”dan intensiv istifadə edən insanlarda psixoaktiv maddələrdən asılı olan xəstələrdə olduğu kimi, beynin badamcıq sahəsində boz beyin materialının həcminin azalması müşahidə edilib. Yaddaş problemləri, unutqanlıq, düşünmə qabiliyyətinin itirilməsi kimi klinik nəticələr gündəlik həyata mənfi təsir göstərə bilər. İnsanın kompüter və ya smartfon arxasında gününün çox hissəsini sosial media hesablarında keçirmə istəyi çoxdur. İnsan bu istəyinə qarşı çıxa bilmirsə, həyatı üçün təhlükəli olan alüdəçiliklə üz-üzə qalır. Sağlamlığı risk altına düşür”. Sosial şəbəkələrin insan şüuraltına və psixologiyasına təsirləri barədə “Sherg.az”a danışan psixoloq Fərqanə Mehmanqızı insan xislətində asılılıq olduğunu bildirib. Psixoloq qeyd edib ki, sosial şəbəkələr çox adamda asılılıq yaradır: “Çünki həyatımızı, işimizi, hətta şəxsi həyatımızı belə sosial şəbəkələrdə qururuq. Bütün bunlar da bizdə asılılıq yaradır. Çox maraqlıdır ki, ətrafımızda olanlar da bizdən umur və söyləyirlər ki, “mesaj yazdım, zəng elədim niyə cavab vermirsən?”. Məhz bu fakt da bizi sosial şəbəkələrə bağlayır. Ən son xəbərləri, gündəmi bu platformadan alırıq. Ona görə də sosial şəbəkələrə bağlılıq yaranır”. F.Mehmanqızı vurğulayıb ki, informasiyanın sürətlə yayılması, Feysbuk səhifəmizdə mənfi və müsbət xəbərlərin ard-arda gəlməsi, beynin bir neçə məlumatı anidən alması təbii ki, beyində yorğunluğa səbəb ola bilir: “Amma sosial şəbəkələrin beyin kiçilməsinə şərait yaratdığı fizioloji hadisələrdir. Bu haqda ciddi bir məlumata da rast gəlməmişəm. Sosial şəbəkələr psixologiyamıza təsir edir. Bir də görürsən ki, əhval-ruhiyyəmiz yaxşı olduğunda bəd xəbər eşidirik. Təbii ki, bu, insan psixologiyasına mənfi təsir göstərir. İnsanda aqressivlik, samativ depressiya yaranır. Lakin insan beyni alışqanlığa meyillidir. Ona görə belə yaşamağa alışmışıq. Beynimiz mənfi və müsbət informasiyaları eyni anda qəbul edib, analiz etməyə və rəy verməyə məruz qalır. Gündəmi təqib etmək üçün beyin sürətlə düşünməyə məcburdur”. Geri dön |