Ana Sayfa > Araşdırma > Azərbaycanda koronavirusa yoluxma halları niyə azaldı? - MÖVQE

Azərbaycanda koronavirusa yoluxma halları niyə azaldı? - MÖVQE


2-09-2020, 11:24. Yazar: admin
Azərbaycanda koronavirusa yoluxma halları niyə azaldı? - MÖVQE

Azərbaycanda digər ölkələrdən fərqli olaraq koronavirusla mübarizədə daha tez tədbirlər görüldü, infeksiyanın ölkədə ilk yayılan vaxtlarında məktəblər bağlandı.

Bunu Oxu.Az-a açıqlamasında “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında çıxışına münasibət bildirərkən deyib.

“Müqayisə üçün deyim ki, ABŞ-da isə məktəblər aprelin əvvəllərindən bağlandı, ona görə də, bu ölkədə virus güclü şəkildə yayıldı”, - P.Vəliyeva bildirib.

Prezident avqustun 31-də həmin modul tipli hospitalın açılışında videoformatda çıxış edərkən söyləyib ki, xəstəxanada 820-dən çox çarpayı mövcuddur.

Ölkə başçısı qeyd edib ki, qısa müddət ərzində bu çarpayıların sayını 1500-ə qədər artırmaq olar.

Yeni Klinikada çarpayıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilib. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir.

Prezident deyib ki, bütün bunlarla yanaşı, modul tipli yeddi xəstəxananın tikintisi nəzərdə tutulub.

P.Vəliyevanın sözlərinə görə, Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması pandemiyaya qarşı tədbirlərin görülməsində mühüm addım idi.

QHT təmsilçisinin fikrincə, bütün ölkələrdə səhiyyənin keyfiyyəti çarpayı sayı ilə qiymətləndirilir.

“Azərbaycanda koronavirus infeksiyası ilk yayıldığı vaxtlarda xəstəxanalarda yataq saylarının az olması ciddi narahatlıq yaradırdı. Halbuki xəstələrlə yanaşı karantinə alınan şəxslər üçün yerlər olmalı idi. Buna görə koronavirusun yayıldığı ilk zamanlarda Azərbaycanda problemlər yarandı”, - deyə P.Vəliyeva əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda təcili şəkildə modul tipli xəstəxanaların istifadəyə verilməsi problemin miqyasını azaltdı:

“Hazırda ölkədə koronavirusla bağlı vəziyyət stabildir. Bu da onunla əlaqədardır ki, vətəndaşlar xəstəliyin ciddi fəsadlar törədə biləcəyini başa düşdülər. Koronavirusun bir simptomunu özündə müşahidə edən şəxs belə test verdi. Bu isə xəstəliyin erkən aşkarlanmalarına səbəb oldu. Buna görə də ölkədə sağalanların sayı yoluxanların sayını keçdi”.

Onu da xatırladaq ki, Prezident çıxışında bir daha vətəndaşları məsuliyyətli olmağa çağırıb.
Geri dön