Ana Sayfa > Araşdırma > Necə edək ki, virusa yoluxma statistikası stabil qalsın - xüsusi resept yoxdur
Necə edək ki, virusa yoluxma statistikası stabil qalsın - xüsusi resept yoxdur12-08-2020, 08:49. Yazar: admin |
Ekspert: “Hansı ölkədə ki, insanların məsuliyyət hissi güclü deyil, onlarda problem daha da artır” Son bir həftədə Azərbaycanda koronavirusa yoluxanların sayında azalma müşahidə edilməkdədir. Məsələn, ötən həftə avqustun 3-də ölkədə 241 nəfərdə virusa yoluxma faktı aşkarlanmışdısa, avqustun 9-da bu rəqəm 87, 10-da isə 79 nəfər oldu. Virusdan ölənlərin sayında da xeyli azalma var. Son olaraq, avqustun 10-u üçün verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Bundan əvvəl isə gündəlik olaraq virusdan ölənlərin sayı 8 nəfərdən aşağı düşmürdü. Qeyd edək ki, ölkədə virusa yoluxma halı ən çox iyul ayının ortalarına təsadüf edir. Həmin vaxt gündəlik olaraq virusa yoluxanların sayı 500-600 olurdu. Lakin tətbiq edilən sərt karantin rejiminin təsiri özünü göstərməyə, koronovirusla bağlı vəziyyət yaxşılaşmağa başladı. Artıq xəstəxanalar da boşalır, yükdən azad olunur. O da məlumdur ki, avqustun 10-dan etibarən sərtləşdirilmiş karantin tətbiq edilən rayon və şəhərlərdə bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Gələn həftədən də başlayaraq, digər yumşalma qaydaları tətbiq ediləcəyi gözlənilir. Bəs karantin qaydalarında yumşalmalar yenidən yoluxma statistikasını artıra bilərmi? Hazırkı vəziyyətin davamlı olması üçün hansı tədbirlər görülməlidir? Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Müsavat”a danışıb: “Əlbəttə, bu, hamımızı sevindirir ki, son həftələrdən artıq koronavirusa yoluxma ilə bağlı statistikada azalmalar var, hər keçən gün bu istiqamətdə yaxşı nəticələr əldə edirik. Eyni zamanda, virusa yoluxanların sayı ilə sağalan xəstələrin sayının arasındakı say nisbəti də pozitivdir, gündəlik olaraq ölən xəstələrin sayında da azalmalar var. Bütün bunların hamısı çox yaxşı haldır. Lakin heç bir halda biz arxayınlaşmalı deyilik, ehtiyatı əldən vermək olmaz. Özümüzü qorumaq üçün yeni üsullar icad etməyə ehtiyac yoxdur. Artıq hər kəsə məlumdur ki, maska taxmalı, sosial məsafəni qorumalı, dezinfeksiya tədbirlərinə əməl etməliyik. Heç kəs unutmamalıdır ki, koronavirus hələlik bəşəriyyətdən silinib, getməyib, bu virus dünyanın atmosferində dolanır. Yəqin ki, hələ uzun illər biz bu virusla yaşamağı öyrənməliyik”. Millət vəkili qeyd edib ki, karantin rejimində tətbiq edilən yumşalmalar insanların məsuliyyət hissini azaltmamalıdır: “Son günlər virusa qarşı olacaq vaksin haqqında xoş xəbərlər gəlməkdədir. Məlumata görə, artıq bu vaksinin sınaqları da həyata keçirilməyə başlayıb. Amma vaksin oldu-olmadı, biz hələlik özümüzü və ətrafımızdakıları qorumalıyıq. Məlum olduğu kimi, ölkədə tətbiq edilən karantin rejimində tədricən yumşalmalar edilməkdədir, artıq çimərliklər açılıb, rayonlara gediş-gəlişin bərpa olunacağı gözlənilir. Bütün bunlar insanlarımızın məsuliyyət hissini azaltmamalıdır”. Oxu.az - Komitə sədri parlamentin iclaslarının vaxtı ilə bağlı ... Musa Quliyev Musa Quliyev çimərliklərdə yaşanan sıxlıqdan da danışıb: “Müşahidə edirik ki, çimərliklərdə olduqca sıxlıq yaşanır. Unutmayaq ki, nəinki qapalı, hətta açıq məkanlarda bu virusa yoluxma ehtimalı var. Yəni ”açıq havada, dənizdə virusa yoluxmaram" deyib, məsuliyyətsiz davranmaq olmaz. Çimərliklərdə də sosial məsafəni gözləməliyik. Yenə də qohumların, tanışların bir-birinin evinə gediş-gəlişinə məhdudiyyət olmalıdır. Kütləvi tədbirləri keçirmək qətiyyən olmaz. Yəqin ki, yaxın vaxtlarda toy və yas məclislərinin də hər hansı bir formada keçirilməsinə icazə veriləcək. Lakin yenə də bir-birimizi qorumağa öyrəşməliyik". Millət vəkili əhalinin son vaxtlar pandemiya ilə bağlı davranışlarına da münasibət bildirib: “Təəssüf ki, insanların bu işə davranışı birmənalı deyil. Düşünürəm ki, bu da insanların mədəni, bilik səviyyəsindən, məsuliyyət hissindən asılıdır. Müşahidə edirik ki, xüsusən də kiçik alış-veriş obyektlərində, meyvə-tərəvəz satılan məkanlarda tibbi maskalardan istifadə etmirlər. Hazirda Gəncə şəhərindəyəm və seçicilərim ilə qəbul keçirirəm. Qeyd edim ki, seçicilərimizin bir çoxu qaydalara riayət edir. Lakin bəziləri də var ki, maskanı çənəsinə taxıb, gəlir oturur qəbulda. Dəfələrlə həmin şəxslərə xəbərdarlıq edib, tövsiyələrimizi bildirmişik ki, əslində siz həm özünüzü, həm də ətrafınızdakıları təhlükəyə salırsız. İstərdik ki, hər kəs bu qaydalara əməl etsin. Hər birimiz müşahidə etdik ki, hansı ölkədə insanlar qayda-qanunlara daha ciddi şəkildə riayət edir, məsuliyyət toplum halında yüksəkdir, orada koronavirus lokallaşdı, demək olar ki, pandemiyadan çıxa bildilər. Hansı ölkədə ki, insanların məsuliyyət hissi güclü deyil, onlarda problem daha da artır. Məsələn, qonşu İran dövləti hələ də koronavirusun cəngində qalıb. Ona görə də toplum olaraq, hər birimiz məsuliyyət hissini dərk etməli, özümüzü bu istiqamətdə tərbiyə etməliyik”. Xalidə GƏRAY “Yeni Müsavat” Geri dön |