Ana Sayfa > Araşdırma > 0 manatlıq şirkətlər milyonluq tenderləri NECƏ QAZANIR? - ekspert izah edir
0 manatlıq şirkətlər milyonluq tenderləri NECƏ QAZANIR? - ekspert izah edir13-07-2020, 12:46. Yazar: admin |
«10 manatliq şirkətlər milyonluq tenderləri qazandı». Bu tip xəbərlərlə yəqin hər kəs çox qarşılaşıb və tez-tez eşidilən bir şey necə həqiqət kimi şüuraltına oturursa bu da eyni formada əksəriyyət (mən daxil) həqiqət kimi qəbul edir. Qətiyyən əksəriyyəti MƏSULİYYƏTSİZ, CAHİL adlandırmaq niyyətim yoxdur çünki çoxluq belə başa düşürsə bunu üçün mütləq ki səbəb vardır, onları sadalamağa və ən əsası bu məsələni satınalma nöqteyi nəzərdən dəyərləndirməyə çalışacam. NİZAMNAMƏ KAPİTALI NƏDİR? Nizamnamə kapitalı iqtisadi subyektlərin maliyyə vəziyyətləri barədə təsəvvür yaratmağa imkan verən ən vacib göstəricilərdən biridir. Nizamnamə kapitalı təşkilatın kapitalının ən sabit elementlərindəndir və onun dəyişdirilməsi müəyyən edilmiş qaydada qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Eyni zamanda, təşkilatın öhdəliklərinin icrasının təminatı baxımından nizamnamə kapitalı onun nizamnaməsindən irəli gələn vəzifələrinin icrası üçün lazım olan vəsaitlərin formalaşma mənbəyidir. Nizamnamə kapitalı gələcəkdə gəlir əldə etmək məqsədi ilə həyata keçirilən fəaliyyət üçün ilkin kapitaldır (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi https://www.economy.gov.az/…/nizamnam%C9%99-kapital%C…/21359) QANUNVERİCİLİK NƏ DEYİR? AR Mülki Məcəlləsində (http://www.e-qanun.az/code/8) Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı ilə bağlı aşağıdakı bəndləri diqqət çəkir 90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz 90.4. Əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.” 90.5. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Səhmdar cəmiyyətlər (http://www.e-qanun.az/framework/226) banklar, sığortaçılar, təkrar sığortaçılar, fond birjası, kredit ittifaqları (https://banker.az/nizamnam%C9%99-kapitalinin-minimum-m%C9%…/) üçün bu minimum müəyyən edilsə də MMC-lər üçün belə bir minimum yoxdur yəni 50 qəpik də qoyula bilər ancaq şərti olaraq 10 AZN tələb edilir. Dövlət satınalmaları haqqında qanunun 6.2.1-ci bəndində “satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması” bunun yoxlanılması üçün isə 28.2-ci maddəsində “malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış” istənilir. Bütün bunlardan göründüyü kimi əslində mövcud qanunvericilikdə nizamnamə kapitalı 10 manat olan heç bir MMC-ə milyonluq tender udması qanun pozuntusu hesab edilimir... BƏS ƏSLİNDƏ NECƏ OLMALIDIR??? Bəli satınalan təşkilat satınalma predmeti üzrə təklif vermiş təchizatçının həmin işləri yerinə yetirmək üçün maliyyə vəziyyətinin yaxşı olmasından əmin olmalıdır. Beynəlxalq praktikada (Dünya Bankı, Asiya İnkişaf Bankı və s.) maliyyə dayanıqlılığı yoxlanılan təşkilat qarşısında aşağıdakı 4 tələb qoyulur: • Ümumi aktivlərlə (total assets) və ümumi passivlər (total liabilities) arasında fərq olaraq hesablanan xalis dəyər (net worth) müsbət olmalıdır • Vergidən sonra mənfəət (profit after tax) müsbət olmalıdır • Tələb olunan tender predmetinin dəyəri həcmində maliyyə vəsaitlərini idarə etmə təcrübəsi olmalıdır. İllik dövriyyə əsasında yoxlanılır, tələb olunan iş üzrə aylıq dövriyyə (müqavilə məbləği/müqavilə müddəti) hesablanıb illik dövriyyə çıxarılır və təşkilatdan ən azından məbləğ qədər illik dövriyyə tələb olunur. • (Daha çox tikinti işlərində yoxlanılır) Təşkilatın daxili maliyyə imkanları müqavilə üzrə bir neçə ay ödəniş edilmədiyi təqdirdə işlərin icrasını daxili gücü hesabına işləri davam etdirməlidir. Bu imkanları da dövriyyə kapitalı ilə cari müqavilələri üzrə aylıq öhdəlikləri arasında fərq əsasında hesablanır. Qeyd olunanlar isə əsasən illik maliyyə-audit hesabatları əsasında yoxlanılır (Bəzi hallarda isə bankdan arayış da alına bilər ancaq bu etibarlı sənəd deyil çünki hesaba pul qoyub götürməklə bu dövriyyə artırıla bilər). BUNLAR NƏ MƏNAYA GƏLİR? Bu o deməkdir ki, qalib firma işi icra etmək üçün lazımi maliyyə imkanları var, maliyyə risk faktoru azdır və ən əsası təşkilat işin öhdəsindən gələ bilmədiyi təqdirdə hər hansı ziyan dəyərsə o ziyanı qarşılaya bilmək sifarişçinin təşkilatdan tələb edə biləcəyi resurslar var. Göründüyü kimi MMC-nin nizamnamə kapitalının az və ya çox olması təşkilatın maliyyə vəziyyətinin yaxşı və ya pis olmasının göstəricisi deyil. Əgər təşkilatın ümumi öhdəlikləri nizamnamə kapitalının daxil olduğu ümumi aktivlərindən çox olarsa o nizamnamə kapitalının məbləği heç bir əhəmiyyət kəsb etmir. Digər tərəfdən təşkilat iflasa uğrayarsa kreditorlar qarşısında həm TƏSİSÇİNİN məsuliyyəti olan nizamnamə kapitalı, həm də MÜƏSSİSƏYƏ məxsus olan BÜTÜN ƏMLAKLA cavabdehdir. İndiki halda KİV yalnız nizamnamə kapitalını görə bildiyi üçün təşkilatın dəyərini nizamnamə kapitalı ilə bir tutur. Qanunvericilik əslində nizamnamə kapitalının təkcə pul ilə olmasını məhdudlaşdırmır, yuxarıda da qeyd edildiyi “nizamnamə kapitalı gələcəkdə gəlir əldə etmək məqsədi ilə həyata keçirilən fəaliyyət üçün ilkin kapitaldır”, yəni təşkilat bu kapitaldan istifadə edib aldığı əmlakı da nizamnamə kapitalında otuzdurması onun kənardan dəyərini daha düzgün müəyyən etməyə kömək edər. Sadəcə indiki halda nəzərə alsaq ki, nizamnamə kapitalının məbləği üçün hər hansı minimum tələb yoxdur, eləcə də məbləğin çox olması təşkilata hər hansı üstünlük vermir üstəlik təşkilat iflasa uğrayacağı təqdirdə təsisçinin risklərini artırır məbləğin aşağı tutulması heç də ağılsızlıq kimi dəyərləndirilməməlidir! BƏS NƏ ETMƏK LAZIMDIR? Düşünürəm mövcud qanunvericilikdə bu məbləğin yüksək olması üçün tələb və təşviq şərtləri olarsa bu məsələ düzgün həllini tapa bilər. Lakin digər tərəfdən də mikro və kiçik sahibkarların saylarını (!) artırmaq tələblərini də nəzərə alsaq dövlət bunda çox da maraqlı olmaya bilər. Formal olaraq bu sahibkarlarının sayının çox olması heç də iqtisadiyyatın güclü olması mənasına gəlməyəcəyini nəzərə alaraq bu kimi sahibkarlara müəyyən güzəştlər tətbiq edilə bilər. Məsələn, Almaniyada belə bir təcrübə var, nizamnamə kapitalı 1 avro olsa belə GmbH açıla bilir. “Bununla birlikdə, bu tip GmbH, tam hüquqlu GmbH olacağına zəmanət vermək üçün iş gəlirlərindən nizamnamə kapitalını qurmalıdır. Bu aşağı məbləğli ilkin nizamnamə kapitalını kompensasiya etmək üçün şirkət nizamnamə kapitalı 25.000 euro-ya çatana kimi illik mənfəətin 4-də 1-ini nizamnamə kapitalı üçün ayırmalıdır.Yəni nizamnamə kapitalı tam formalaşmadığı müddətcə səhmdaları mənfəətin 75 %-i üzərində mülkiyyət hüququna malikdirlər. Bu hədəfə çatdıqda ayrılmış kapital nizamnamə kapitalına, mini GmbH isə öz növbəsində rəsmi GmbH-a çervrilir.” (Alliance Law Centre https://www.facebook.com/…/nizamnam%C9%99…/3083153088576423/) Satınalma qanunvericiliyinə gəldikdə isə hər təşkilatın illik maliyyə hesabatları olmasa da maliyyə hesabatında olan məlumatların olduğu mənfəət bəyannamələrini (Azərbaycan Respublikası Vergilər Nazirinin 13.01.2017-ci il tarixli 1717040100030800 №-li Əmri ilə təsdiq edilmiş - http://vn.taxes.gov.az/beyanname/2017_new/menfeet_forma.zip) verdiklərini nəzərə alsaq xalis dəyər və mənfəətlilik bu bəyannamələr əsasında yoxlanıla bilər. Eyni qaydada dövriyyə də bəyannamədəki “ümumi gəlirlər” bölməsindəki məlumatla yoxlanıla bilər. Nəzərə alsaq ki, bütün müəssisələr müəyyən obyektiv və subyektiv səbəblərdən bütün gəlirlərini elan etmirlər bu obyektiv səbəblər aradan qaldırıla bilsə və eləcə də satınalma qanunvericiliyində müvafiq dəyişiklik olsa bir çox sahə şəffaflaşmaq məcburiyyətində olacaq və əksər rəqəmlər daha çox reallığı əks etdirə biləcək. Bu baxımdan qeyd olunan işləri icra etmək səlahiyyəti olan təşkilatların (Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) İqtisadiyyat Nazirliyinin tərkibində olması bu prosesin mümkünlüyünə ümidi daha da artırır. Müəllif: Elşən Həsənov, satınalma üzrə mütəxəssis Geri dön |