Ana Sayfa > Araşdırma > İsraildəki qəsəbə indiyə qədər özünü koronavirusdan necə qoruyub?

İsraildəki qəsəbə indiyə qədər özünü koronavirusdan necə qoruyub?


8-07-2020, 11:26. Yazar: admin
İsraildəki qəsəbə indiyə qədər özünü koronavirusdan necə qoruyub?

Son günlər İsraildə koronavirusa yoluxanların sayı yenidən artmağa başlayıb, amma bu artım ölkənin hər yerinə aid deyil. Elə bölgələr var ki, orada yoluxma sayı sıfırdır. Bunlardan biri də İsrailin şimalında yerləşən Gineqar qəsəbəsidir.

Almaniyanın “Spiegel” qəzeti bu qəsəbənin koronavirusla uğurlu mübarizəsi haqqında yazıb. Mikroskop həmin məqaləni təqdim edir:

Mart ayında, virus sürətlə yayılmağa başlayanda burada yaşayan fermerlər traktorlarını qəsəbənin girişində saxlayıb yolu bağlayıblar ki, maşınlar bura daxil ola bilməsin. Qəsəbənin yalnız bir giriş-çıxışı qalıb, oradan da yad adam keçə bilməz. Bu metod sərt, amma uğurlu olub. İndiyə kimi burda heç bir yoluxa faktı qeydə alınmayıb. Bu uğurun səbəblərindən biri də buranın başqa bir özəlliyi ilə bağlıdır. Gineqar İsraildəki 250 Kibbutzdan biridir.

Kibbutz nədir: “Kibbutz”un hərfi tərcüməsi “qruplaşma” deməkdir və hazırda İsraildə 250 Kibbutz var. Sosializm və iudaizmin vəhdəti olan bu icmalarda insanlar hər şeyi ortaq istifadə edir. Kibbutzların fabrik və fermaları İsrailin sənaye hasilatinin 9 faizini təşkil edir ki, bu da təxminən 8 milyard ABŞ dollarına bərabədir.

Uzun zamandan bəri çox adam Kibbutzları vaxtı keçmiş, zamanla uyğunlaşmayan hesab etsə də, bu icmalar korona günlərində virusa qarşı uğurla döyüşən qalalar kimi özlərini göstərdilər. Əsası 1922-ci ildə qoyulan bu icmanın ilk sakinləri çadırlarda yaşayıblar.

17 gənc yəhudi 1922-ci ildə bu ərazini satın alıb və burada kənd təsərrüfatı ilə məşğul olmağa başlayıb –nənə-babaları qəsəbənin qurucularından olan Noa Zahavi deyir.

Vaxt ötdükcə burada yaşayanların sayı artır, yüzlərlə insan qəsəbənin sakini olur. Onlar torpaqdan, gəlirlərdən, ərzaqdan ədalətli şəkildə birlikdə istifadə edirlər. Ancaq bu konsept axıra kimi işləmir. Ötən əsrin sonlarında icma iflas edir və torpaqlar özəlləşdirilir. Amma ərazilərin böyük hissəsi elə qəsəbənin sakinlərinindir. Onların bir qismi digər şəhərlərdə işləyirlər. Amma icma ruhu hələ də yaşayır. Və bu koronavirusdan qorunmaq üçün əhəmiyyətli rol oynayıb.

Kibbutz onilliklər ərzində kənardan asılı olmadan mövcudluğunu qoruyub. Koronavirus meydana çıxanda ilk reaksiyamız belə oldu; biz özümüz-özümüzü hər şeylə təmin edə bilərik. Ehtiyacımız olan hər şeyimiz var. Bu bir növ refleks idi – N.Zahavi əlavə edir.

İsraildə karantin elan edilməmişdən qabaq Gineqar artıq öz darvazalarını bağlamışdı. Qəsəbənin cəmi bir girişi açıq qalmışdı ki, oradan girən-çıxan hər kəsin tempraturu ölçülürdü. Paralel olaraq da könüllülər qəsəbənin təminatı ilə məşğul olmağa başlayıb. Burada həm də sosialist keçmişdən yadigar qalan, sosial, fəlakət halları və mədəniyyətlə məşğul olan komitələr mövcuddur.

Koronavirus böhranının öhdəsindən gəlmək üçün hər komitə öz üzərinə düşən işi gördü. Gineqarın bir növ seçilmiş bələdiyyə sədri olan Qal Qoldner belə deyir.

Qəsəbədə ərzaq fondu yaradılmaqla yanaşı, risk qrupunda olan sakinlərin siyahısı tərtib olunub. Xəstəliyi olanlar, tək valideynlər və digər bu qəbildən olan sakinlər üçün ayrıca telefon xidməti yaradılıb. Ehtiyacı olanlar o nömrəyə zəng edə bilərdilər.

Onlar tək olduqlarını hiss etməməliydilər, görməliydilər ki, qayğılarına qalan var. Yaşlı insanların evlərinə yemək göndərilirdi ki, küçəyə çıxmaq məcburiyyətləri qalmasın. Qəsəbənin uşaqları yaşlıların qapınlarının ağzına gül, limon və bir qeyd yazıb qoyurdular: “Möhkəm olun”.

Noa Zahavi deyir ki, virus böhranının ilk həftələrində qəsəbədən kənarda işləyən sakinlər də kənara çıxmırdılar: “Biz pakt imzalamışdıq, bir-birimiz üçün məsuliyyət daşıyırdıq”. Başçının sözlərin görə, bu qəsəbədə insanlar bir ailə kimi yaşayırlar. Ona görə də bir nəfərin virusa yoluxmağı, hər kəsin yoluxmağı deməkdir.

Qəsəbənin yolları artıq açılsa da hələ rəsmi olaraq COVID-19-a yoluxma halı qeydə alınmayıb. Qonşuluqda yerləşən Miqdal HaEmek şəhərində isə yoluxanların sayı günbəgün artır. “Bu virusu Gineqara buraxmamaq üçün əlimizdən gələni edirik” – Noa Zahavi deyir. Qal Qoldner isə qəsəbədən kənarda olarkən maska taxdığını, məsafə gözlədiyini vurğulayır, amma eyni zamanda qorxurlar ki, bir gün yoluxma qeydə alınacaq və hər kəsə yayılacaq.
Geri dön