Ana Sayfa > Araşdırma > Ekspert deyir ki, bölgələrdə turizmin bərpası üçün ilk növbədə pandemiya standartlarına uyğun şərait qurulmalıdır

Ekspert deyir ki, bölgələrdə turizmin bərpası üçün ilk növbədə pandemiya standartlarına uyğun şərait qurulmalıdır


3-07-2020, 10:57. Yazar: admin


Azərbaycanda son illər qeyri-neft sektorunun ən çiçəklənən sahəsi olan və valyuta gəlirlərinin artmasına təsir göstərən turizm sektoru pandemiyanın təsiri altında ən pis günlərini yaşayır. Daxili turizmin ayaqda qalması üçün dövlət dəstəyi olmazsa, bu sahədə baş verəcək geriləməni uzun illər bərpa etmək mümkün olmayacaq. İyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın baş katibi Zurab Pololikaşvili arasında keçirilən videokonfransda da pandemiyanın bu sahəyə təsirləri və turizm sektorunu qorumaq üçün görüləcək işlərdən danışılıb. keçirilib.

Prezident İlham Əliyev də qeyd edib ki, turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Biz bunu Azərbaycanda da, bütün dünyada da müşahidə edirik. Dövlət başçısı əlavə edib ki, son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu: “Keçən il rekord göstərici qeydə alınıb - 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək. Odur ki, mühüm məsələlər barədə danışmaq təşəbbüsünə görə sizə təşəkkür edirəm. Sizi yenidən görməyimə şadam”.

Zurab Pololikaşvili də qeyd edib ki, pandemiya bütün dünyanı çənginə alıb, 2-3 aydır ki, bütün dünya bağlıdır, 150-yə yaxın ölkənin sərhədləri hələ də açılmayıb: “Bəlkə də ən çox itki, ən böyük böhranla üzləşən turizm sektoru olub, nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmamışdı. İndi biz heç vaxt görmədiyimiz böhran içindəyik. Bu günə qədər ümumi itkilərin həcmi təqribən 1 trilyon 500 milyon dollara bərabərdir”.

Dövlət başçısı isə əlavə edib ki, pandemiya dövründə daxili turizmə böyük diqqət yetirilir: “Çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm sənayesini dəstəkləyən amil ola bilər”.

Prezident bildirib ki, bu sahəyə sərmayə qoyulması bundan sonra da davam etdiriləcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradılacaq: “Azərbaycanda buna kömək edə biləcək bütün amillər var: sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi. Həm coğrafi mövqeyimiz, həm dünyanın müxtəlif ölkələri ilə aviasiya əlaqələrimiz. Buna görə yalnız məqsədyönlü iş və potensialın artırılması, bir də, əlbəttə, məsələn, ölkəyə əcnəbi vətəndaşların böyük axınına mane olan bürokratik əngəllərin aradan qaldırılması lazımdır. Bütün bunlar gündəlikdədir”.

Müzəffər Ağakərimov: Heç bir MDB ölkəsində turizmə dövlət ...Ekspert deyir ki, bölgələrdə turizmin bərpası üçün ilk növbədə pandemiya standartlarına uyğun şərait qurulmalıdır

Postpandemiya dövründə turizm sektorunun bərpası və daxili turizmin inkişaf üçün atılacaq addımlardan danışan Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, indiki ərəfədə daxili turizmi inkişaf etdirmək üçün addımlar gələn ilə hesablanmalıdır: “Burada nə işlərin görüləcəyi barədə müzakirələri bütün turizm qurumları bir araya gələrək təhlil etməli, vahid konsepsiya hazırlanmalıdır. Bu konsepsiyada məhz hansı rayonlarda daxili turizmi inkişaf etdirməyi müəyyənləşdirmək lazımdır. Həmçinin yeni epidemioloji vəziyyətə uyğun, pandemiya standartlarına uyğun şərait yaradılmalıdır ki, insanlara orada normal sanitar-epidemioloji vəziyyətdə, qida təhlükəsizliyinə əməl edilməklə xidmət göstərilsin. Bu standartları işləyib hazırlamaq lazımdır. Monitorinq qrupu yaradılmalı və gələcəyə baxışla addımlar atılmalıdır. Biz gələcəkdə daxili turizmi inkişaf etdirmək istəyiriksə, regionlarda olan hotellərin, kafe və restoranların bütün şəraiti, postpandemiya dövründə necə işləməsi barədə tövsiyələr verilməli, həmin kafelər, restoranlar, hotellər öz standartlarına uyğun obyekti hazırlamalıdırlar”.

Ekspert vurğuladı ki, bölgələrdə turizmin bərpası üçün ilk növbədə pandemiya standartlarına uyğun şərait qurulmalıdır: “İndi bir çoxları rayonlara üz tutur, orada istirahət edirlər. Ancaq bu düzgün deyil. Çünki ilk növbədə sanitar-epidemioloji şərait yaradılmalıdır, daha sonra hotellər fəaliyyətə başlamalıdır. Yeni turizm növləri də inkişaf etdirilməlidir ki, Azərbaycandan xaricə gedən turistlər artıq ölkədə istirahət etsin, xüsusən də yay aylarında daxili turizmə tələbat artacaq. Çünki əgər əvvəllər bizim insanlar Dubaya, Bodruma, Antalyaya istirahətə gedirdilər. Ancaq artıq ölkəmizdə istirahətə üstünlük verəndə hotellərin sayı çatışmayacaq. Yüksək səviyyəli xidmət verən hotellər olmalıdır, sanitar normalara uyğun tikilməlidir”.

M.Ağakərimov vurğuladı ki, turizm sektorunda hazırda itkilər var: “Ancaq biz çalışırıq ki, bu itkilər az olsun. Turizm şirkətlərinin bir çoxu bağlana da bilər, işçiləri ixtisar oluna bilər. Ancaq çalışmalıyıq ki, az itkilərlə prosesdən keçək. Turizm şirkətləri də bir araya gəlib öz problemləri haqqında müzakirə aparmalıdırlar. Təkcə bir sahədə çalışan insanların yox, turizmin müxtəlif sahəsini təmsil edən insanlar arasında fikir mübadiləsi aparılmalıdır. Çıxış yolları axtarılmalı, problemlər həll olunmalıdır”.
Geri dön