Ana Sayfa > Araşdırma > Düşmən ölkədə siyasi qarşıdurma pik həddə yaxınlaşır - TƏHLİL

Düşmən ölkədə siyasi qarşıdurma pik həddə yaxınlaşır - TƏHLİL


10-06-2020, 09:16. Yazar: admin
Düşmən ölkədə siyasi qarşıdurma pik həddə yaxınlaşır - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan koronovirusdan sağaldığını bildirib. Baş nazir özünün və ailə üzvlərinin təzədən COVİD-19 testindən keçdiyini, nəticələrin isə neqativ olduğunu bəyan edib. Elə bu fonda da xəbər yayılıb ki, Paşinyan Rusiya lideri Putinin dəvətini (əslində tələbini) qəbul edərək, iyunun 24-də Moskvada 2-ci Dünya müharibəsində qələbənin 75-ci ildönümünə həsr olunmuş paradda iştirak edəcək.

Xatırladaq ki, iyunun 1-də Rusiya prezidenti Paşinyana zəng edərək, həm onu ad günü münasibətilə təbrik eləmiş, həm də tezliklə sağalmasını arzulayaraq onu Moskvadakı parada dəvət eləmişdi. O zaman bir sıra KİV-lər ehtimal kimi yazmışdı ki, Paşinyan məhz Rusiyaya getməmək üçün “xəstələnib”.

Moskva səfəri ərəfəsində isə artıq sağalmış baş nazir radikal kadr islahatlarına qərar verib. Xəbər verildiyi kimi, srağagün baş nazir birdən-birə üç güc strukturunun rəhbərini - Ermənistanın baş polisini, Silahlı Qüvvələrin Baş Qərargah rəisini və Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbərini işdən azad edib. Buna qədər də məlumatlar yayılırdı ki, Paşinyan bu postlara daha etibarlı şəxsləri gətirmək istəyir.

*****

Maraqlıdır ki, Nikol Paşinyanın son qalmaqallı kadr təyinatları onun mənəvi müəllimi olmuş sabiq prezident Levon Ter-Petrosyanın bir neçə gün öncə açıq şəkildə onun müdafiəsinə qalxmasından sonra baş verib. Ter-Petrosyan demişdi ki, koronavirus Ermənistana müharibə elan edib və bu müharibənin bütün ağırlığı Ermənistan rəhbərliyinin üzərinə düşdüyündən, kim Paşinyana qarşı mübarizə aparırsa, o, bilərəkdən və ya bilməyərəkdən xalqa xəyanət edir. “Müharibə dövründə ölkə daxili siyasi mübarizə dəlilik əlamətidir və belə mübarizəyə heç bir halda haqq qazandırmaq olmaz” - eks-prezident bildirtmişdi. Bundan cəmi iki gün sonra Paşinyanın müxalifətə, faktiki, müharibə elan eləməsi diqqət çəkməyə bilməz.

Bu da hamısı deyil. Məlumatlar yayılıb ki, Ermənistan rəhbəri özünün əsas rəqibi - Ermənistanın Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri (təzəcə işdən çıxarılanla qarışdırmamalı), Moskvanın adamı sayılan general Artur Vanetsyana qarşı da radikal qərar verməyə hazırlaşır. Yeri gəlmişkən, artıq özünün “Vətən” adlı partiyasını yaradan Vanetsyan Paşinyanın son kadr təyinatlarını da sərt tənqid edib, bütövlükdə onu ölkəni uçuruma aparmaqda ittiham edib, “Nikol, getmək vaxtıdır!”, - deyə onu bir daha istefaya çağırıb.

Paşinyanın növbəti hədəfi isə deyəsən, məhz Kremlin əsas adamının həbsidir. Nəzərə alsaq ki, artıq Putinin yaxın dostu, keçmiş prezident Robert Köçəryan da neçə vaxtdır həbsdədir, o zaman ehtimal ki, Nikol Paşinyan Moskvaya yeni bir “kozır”la, yəni üstün mövqe ilə, siyasi bazarlıq üçün təzə predmetlə getməyi hədəfləyib. Hər halda, Ermənistan mediasının yazdıqlarından belə qənaət hasil olur.

*****

“Ermənistanın baş naziri Nikol Paşinyan dünəndən siyasi müxalifəti məhv etmək kursu götürüb. Bugünlərdə hakimiyyət bütün gücünü son vaxtlar konsolidasiya prosesinin gedən müxalifət cəbhəsinə qarşı yönəldib”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni nəşri “Qraparak” yazıb. Nəşrin bildirdiyinə görə, hazırda baş nazirin əsas hədəfi Artur Vanetsyandır. “Nədən ki, Nikol əsas təhlükəni məhz ondan gözləyir” - qəzet iddia edib.

Nəşr daha sonra öz mənbələrinə istinadən yazıb ki, Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin yeni təyin olunmuş direktoru Arqişti Kərəmyana onun ilk işi kimi Vanetsyanı “zərərsizləşdirmək” əmri verib: “Baş nazir hər hansı bir bəhanə ilə onu MTN-ə çağırmağı, saxlamağı və ardınca məhkəməyə bütün vasitələrlə təzyiq edib həbs olunması üçün 2 aylıq həbs qərarı almağı tapşırıb. Ona deyilib: bu iki ay üçün onu həbsdə saxlamaq vacibdir və 2 aydan sonra sərbəst buraxarıq. Onu da qeyd edək ki, Argişti Kərəmyan peşəkar zabiti deyil və rəhbərinin tapşırıqlarını yerinə yetirmək məsələsində heç bir ”kompleks"i yoxdur. Əldə etdiyimiz məlumata görə, Artur Vanetsyan tezliklə dindirilməyə çağırılacaq və yəqin ki, həbs ediləcək. Lakin məhkəməni real sübutlar olmadan həbsə icazə verməyə məcbur etmək olduqca çətin olardı".

Öz növbəsində hakimiyyətin müdafiəsinə qalxan Ermənistan Xristian-Demokrat Partiyasının sədri, politoloq Levon Şirinyan hesab edir ki, Nikol Paşinyan sərt və cəsarətli qərarlarına davam etməlidir.

Sitat: “Hökumətdə avtoritar meyllər gücləndirilməlidir, demokratik qaydalara görə, demokratiya avtoritar metodologiya ilə qurulur. Bundan qorxmağa gərək yoxdur. Onların məqsədi Nikolu devirməkdir və əgər o devrilsə, Ermənistan devriləcək. Vacibdir ki, o, xalqa etibar eləsin və daim islahatlar aparsın. Xalq ona inanır və dəyişiklikləri görməlidir. Nikolun başqa müttəfiqi yoxdur, hamı ona düşməndir. Xalq inqilab edib, xalq da inqilabın yiyəsi olmalıdır”.

*****

Yazı hazırlanarkən məlum odlu ki, Ermənistan parlamentində təmsil olunan ikinci ən böyük siyasi qüvvə - müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan baş nazir Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edib. Onun fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib. “İnvestisiya yoxdur, iqtisadiyyat inkişaf etmir, koronavirusla mübarizə uğursuz oldu”, - Tsarukyan bəyan edib.

Eyni zamanda parlamentdəki üçüncü ən böyük siyasi qüvvə olan “İşıqlı Ermənistan” Partiyası da hökumətin ölkədə islahatlar aparmağa qadir olmadığını hesab edir.

*****

Beləcə, daha əvvəllər də proqnoz elədiyimiz kimi, düşmən ölkədə siyasi ehtiraslar və qarşıdurmalar özünün növbəti, bəlkə də sonuncu mərhələsinə keçməkdədir. Koronavirus bu prosesdə yəqin ki, ən güclü katalizator rolu oynayacaq...


Geri dön