Ana Sayfa > Araşdırma > Azərbaycanda koronavirus dönəmi: Testlər nə qədər əhəmiyyətlidir? - MÖVQE
Azərbaycanda koronavirus dönəmi: Testlər nə qədər əhəmiyyətlidir? - MÖVQE9-06-2020, 12:52. Yazar: admin |
Ötən ilin dekabrın sonunda Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Ölkəmizdə ilk koronavirusa yoluxma fevralın sonunda qeydə alınıb və bu, idxal yoluxma faktı kimi qeydə alınıb. Elə həmin vaxtdan dövlət səviyyəsində bir çox qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın dəfələrlə xalq ünvanlanmış müraciətləri vəziyyətin nə qədər ciddi, eyni zamanda, ölkə rəhbərliyinin diqqətində olmasının bariz nümunəsidir. Ölkədə koronavirus xəstələri üçün nəzərdə tutulmuş “Yeni Klinika”nın açılması, həmçinin, Azərbaycanda müxtəlif ərazilərdə inşa olunan modul tipli xəstəxanaların inşası və fəaliyyətə başlaması dövlətin bu sahədə gördüyü qabaqlayıcı tədbirlər silsiləsinin həlqələridir. Azərbaycanda bu virusun yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər görülüb və bu proses davam etməkdədir. Virusun aşkarlanması üçün testlərin aparılması böyük əhəmiyyət kəsb edir. Koronavirus yayılmağa başlayanda virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlıqları və ləvazimatlar Azərbaycana gətirildi. Təbii ki, testlərin aparılması istiqamətində Azərbaycan qabaqcıl yerlərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın modul tipli xəstəxana kompleksinin açılışında iştirakı zamanı dövlət başçısı bildirib ki, Azərbaycanda koronavirusa qarşı mübarizədə atılan bütün addımlar qabaqlayıcı xarakter daşıyır: “Bütün bu kompleks tədbirlər – testlərin keçirilməsi, xəstəxanaların, laboratoriyaların fəaliyyəti və həkimlərin peşəkarlığı, işin düzgün təşkili bizə imkan verdi ki, hazırda bu vəziyyətdən istədiyimiz kimi, az itkilərlə çıxaq. Hər bir insanın ölümü onun yaxınları, qohumları üçün böyük faciədir və hər bir insanın həyatı bizim üçün qiymətlidir, dəyərlidir. Ancaq dünyada hər şey müqayisədə ölçülür və biz görəndə ki, inkişaf etmiş ölkələrdə gündə yüzlərlə, bəzi hallarda mindən çox insan vəfat edir, əlbəttə ki, Azərbaycanda bu sahədə görülmüş işlər xüsusi əhəmiyyət daşıyır və bunu hər kəs görür. Hətta bizimlə eyni sayda əhalisi olan ölkələrdə artıq uzun müddətdir ki, hər gün yüzlərlə insan vəfat edir. Bu ölkələrin səhiyyə sistemi həmişə bütün dünyaya, o cümlədən, bizə nümunə kimi göstərilirdi. Ancaq bu dövrdə hər kəs gördü ki, orada vəziyyət artıq böhranın pik həddinə çatıb. Ona görə, əlbəttə ki, müqayisə aparılanda Azərbaycan dövlətinin gördüyü işlər böyük üstünlük təşkil edir. Biz əsas diqqətimizi vəziyyəti nəzarətdə saxlamaqda görürük və birinci mərhələdə buna nail ola bilmişik. Ona görə kompleks tədbirlərin görülməsi, o cümlədən, karantin rejiminin tədricən vəziyyətə uyğun olaraq qüvvəyə minməsi, onun sərtləşdirilməsi və son günlər ərzində yumşaldılması - bütün bunlar ölçülüb-biçilmiş addımlardır”. Azərbaycanda bu sahədə görülmüş işlər xüsusi əhəmiyyət daşıyır. Bunun nəticəsidir ki, virusdan vəfat edənləri sayı digər ölkələrlə müqayisədə çox azdır. Ölkə üzrə qısa müddətdə beynəlxalq standartlara uyğun testlərin aparılması üçün ölkədə 24 laboratoriya fəaliyyət göstərir. Bu da Ümumi Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 4377-si müalicə olunaraq sağalıb. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 391 test aparılıb. Həyata keçirilən bütün bu tədbirlər nəticəsində virusa yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir. O cümlədən, ötən dövr ərzində Azərbaycanda tibbi maska, kombinezon, dezinfeksiya vasitələrinin istehsalına başlanılması son zamanlarda əldə etdiyimiz ən böyük uğurlardandır. Görülən işlərin hədəfi Azərbaycan vətəndaşının sağlamlığının qorunması və rifahının təmin edilməsidir. Geri dön |