Ana Sayfa > Araşdırma > Kütləvi etirazlar və zorakılıqlarda “koronavirus izi” - TƏHLİL

Kütləvi etirazlar və zorakılıqlarda “koronavirus izi” - TƏHLİL


9-06-2020, 12:23. Yazar: admin

Kütləvi etirazlar və zorakılıqlarda “koronavirus izi” - TƏHLİL
Yalnız pandemiyadan deyil, onunla bərabər gələn yan təsirlərdən də qorunmağa ehtiyac var.

Mayın 25-də ABŞ-da qaradərili Corc Floydun ölümü bu ölkədə son illərdə görünməmiş kütləvi etirazlara, vətəndaş itaətsizliyinə səbəb oldu. Artıq iki həftədir ki, ölkənin bir çox iri şəhərlərində irqçilik əleyhinə kütləvi etiraz nümayişləri keçirilir. Bir sıra şəhərlərdə etirazlar polislə toqquşmalar və dağıntılar, eləcə də mağazaların yandırılıb qarət olunması kimi zorakılıqlarla müşayiət olunur.

Lakin etirazlar yalnız ABŞ-la yekunlaşmayıb. Artıq Avropanın bir sıra ölkələrində, Kanada, Avstraliya və planetin fərqli nöqtələrində ABŞ-dakı hadisələrlə bağlı etiraz nümayişləri keçirilir.

İngiltərənin Bristol şəhərində irqçiliyə qarşı aksiyada kölə tacirinin heykəlini dağıdıblar.

Almaniyanın paytaxtı Berlində irqçiliyə qarşı etiraz məqsədi ilə keçirilən aksiyada 15 min nəfər iştirak edib. Aksiya dinc məcrada baş versə də, sonradan bəzi iştirakçıların polislə qarşıdurması yaranıb, nəticədə 93 nəfər tutulub.

Fransada irqçiliyə qarşı keçirilən aksiyada 23 min nəfər iştirak edib. Etiraçılar ABŞ-dan ədalət tələb edən şüarlar səsləndiriblər.

Böyük Britaniyanın paytaxtı Londonda parlament binası qarşısında minlərlə insan ABŞ-dakı irqçiliyə etiraz olaraq aksiya keçirib. Eyni zamanda, etirazçılar “İrqçiliyə son!” və “Britaniya suçsuz deyil!” kimi şüarlar da səsləndiriblər.

Danimarkanın paytaxtı Kopenhagendə də Corc Floydun ölümünə etiraz olaraq, 15 minə yaxın insan etiraz aksiyası keçirib.

Etirazlar ABŞ-ın ən yaxın müttəfiqi hesab olunan İsrailə də sıçrayıb. İsrail polisinin psixi xəstəlikdən və astmadan əziyyət çəkən 32 yaşlı fələstinli İyad Hallakı öldürməsi ölkədə gərginlik yaradıb. Bir qrup israilli polisin qanunsuz hərəkətinə etiraz olaraq aksiya keçirib.

Məsələyə İsrailin Baş naziri Benyamin Netanyahu da münasibət bildirib və baş verənləri faciə adlandırıb. Polisin silah gəzdirməsindən şübhələndiyi və “Dur” əmrinə tabe olmayıb qaçan İyyadı vurmasından sonra gəncin silahsız olduğu üzə çıxıb.

Doğrudur, ABŞ-da vaxtaşırı polisin xüsusən də qaradərili vətəndaşları qətlə yeriməsi, irqçilik əleyhinə kütləvi etirazlar olur. Sonuncu dəfə altı il əvvəl Barak Obama ABŞ prezidenti olduğu zaman Ferqüsson olayları ölkədə 70-dən çox şəhərdə kütləvi etirazlara səbəb olmuşdu. 2014-cü ilin avqustun 9-da Missuri ştatının Ferqüsson qəsəbəsində polisin 18 yaşlı qaradərili Maykl Braunu qətlə yetirməsi tezliklə ölkə ərazisində kütləvi etirazlara səbəb olub. Etirazçılar polisin qaradərililər və latın amerikalılara qarşı zorakılığını pisləyiblər.

Ancaq hər nə qədər bütün ölkəyə yayılsa da, Ferqüsson hadisələri Floyd etirazları qədər geniş yayılmadı və ən əsası zorakılığa səbəb olmadı. Digər tərəfdən, Ferqüsson hadisələri əsasən ABŞ-da etirazlara səbəb olsa da, Floyd etirazları planetin bir çox nöqtələrinə yayıldı. Avstraliya, Avropa və Kanadada etiraz aksiyaları, irqçilik əleyhinə yürüş-mitinqlər keçirildi.

Təbii ki, bu aksiyaların əsas şüarı irqçiliyə qarşı idi. Britaniyada etirazçıların kölə tacirinin heykəlini dağıtması illərdən bəri toplanan etirazın ifadəsi idi. Burada digər amil son illərdə Avropa və ABŞ-da sağ mühafizəkarlığın yüksəlməsi və bunun fonunda irqçi çağırışların artmasıdır.

Yəni başqa sözlə, illərdir toplanan mənfi enerji etirazlar şəklində özünü büruzə verdi.

Lakin müşahidələr göstərir ki, hər nə qədər bu etirazlar gözlənilən, ya da başqa sözlə normal idisə, zorakılığın miqyası daha yüksək idi. Bu isə artıq yarım ildir planeti cənginə alan pandemiya ilə əlaqədardır.

Pandemiya dövründə ölkələrdə tətbiq olunan karantin rejimi və xəstəliklə birlikdə çoxsaylı məhdudiyyətlər, qadağalar, iqtisadiyyatdakı durğunluq, əhalinin gəlirlərinin azalması kütləvi depressiya və qəzəbə səbəb olub. Bunun ilk əlaməti Çində karantin dövründə boşanma və ailə münaqişələri ilə özünü göstərdi. Daha sonra isə mütəxəssislərin planeti cənginə alan xəstəlik fonunda insanların bir-birinə qarşı daha da anlayışlı olacağı ilə bağlı proqnozlarının özünü doğrultmadığı, əksi baş verdiyi müşahidə olundu. Karantin dövründə cinayət - soyğunçuluq, qətl hadisələrində azalma olmadı.

Məsələn, ABŞ-da hazırda 40 milyondan çox insan işsiz kimi qeydiyyata alınmaq üçün müraciət edib. Halbuki ilin əvvəlində ABŞ-da işsizliyin səviyyəsi son 50 ilin minimumunda idi. Bu kimi sosial-iqtisadi problemlərə sərt karantin rejimi, insanların məcburi evdə qalması kimi tədbirlərin yaratdığı stressi də əlavə edəndə mənzərə daha aydın olur.

Günlərlə, aylarla evdə qalan, gündəlik həyat tərzi və vərdişlərindən imtina edən, qazancından məhrum olan insanların psixoloji vəziyyətinin gərgin olması normaldır. Floyd hadisəsindən bir neçə həftə əvvəl ABŞ-ın Minnesota ştatında silahlı adamların şəhər məclisi binasını ələ keçirməsi gözlənilən partlayışın ilk qığılcımları idi. Mayın 25-də Corc Floydun polis zorakılığı nəticəsində ölməsi aylardır yığılan qəzəbi üzə çıxardı. Özü də təkcə ABŞ-da deyil, bütün dünyada...

Floyd etirazları Azərbaycana sirayət etməsə də, bazar günü Bakıda qeydə alınan hadisələrin səbəbləri oxşar idi. Ard-arda gələn karantin qadağaları istər-istəməz insanların psixologiyasına mənfi təsir edir, onları qəzəbləndirir və nəticədə baş verənlərə qəzəbli reaksiya verməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, karantin və təcrid virusun yayılmasının qarşısını alırsa da, digər tərəfdən psixoloji risklər yaradır. Bu səbəbdən də İtaliya kimi virusun ən çox yayıldığı ölkələrdə hökumətlər psixoloji xidmətlərə əlavə yardım ayırıb. Çünki hər kəsə aydındır ki, karantin dövrünün “ev həbsləri” insanların psixologiyasına təsirsiz keçməyəcək.

Karantin dövrünün insanların psixologiyasına təsiri ilə bağlı “Guardian” qəzetində yer alan araşdırmada bildirilib ki, pandemiyanın ilk dövründə xalq qadağaları normal qarşılasa da, sonrakı mərhələdə xüsusən də davranışlara görə karantinə riayət etmək çətinləşir. “University College London” Davranış Dəyişikliyi Mərkəzinin müdiri və Britaniya hökumətində məsləhət şurasının üzvü Syuzan Mişeyin fikrincə, ilk vaxtlarda tətbiq olunan sərt karantin tədbirləri daha sonra karantinə riayət etməni çətinləşdirə bilər. Bu səbəbdən də İngiltərə hökuməti karantin tədbirlərini tədricən həyata keçirib.

Hökumət məsləhətçisinin fikrincə, pandemiyaya qarşı mübarizə aparmaq üçün motivasiya, yetkinlik, fürsət və stimul əsaslı davranış modelinə riayət olunmalıdır.

Belçikanın Brüssel Azad Universiteti və Mons Universitetində sosial-psixologiya dərsi deyən Olivier Klein bu davranış dəyişikliyi modelinin hazırda təsiri mübahisə doğuran “kütləvi psixologiya” fərziyyəsinə söykəndiyini düşünür.

Onun fikrincə, belə vəziyyətdə qeyri-müəyyənlik insanların narahatlığını artırır, bu isə məlumat axtarışına yönəldir. Artan yoluxma və ölüm xəbərləri insanları daha da gərginləşdirir.

Bu səbəbdən də mütəxəssislər hələ karantinin ilk dövrlərində yarana biləcək uzun və ağır məhdudiyyətlər, iqtisadi vəziyyətin pisləşməsi, gəlirlərin azalması, eləcə də xəstəliyin təsirləri, yoluxma hissinin yaratdığı qorxunun insanların psixolgiyasında mənfi təsirləri ilə bağlı xəbərdarlıq edirdi.

Baş verənlər göstərir ki, koronavirus pandemiyası yalnız insanların səhhətində, iqtisadi vəziyyətində deyil, həyatın bütün sahələrində, o cümlədən ruhi vəziyyətimizə də təsir etməkdədir. Bu mənada indi yalnız virusdan deyil, onunla bərabər gələn yan təsirlərdən də qorunmağa ehtiyac var.

Rəşad Quliyev
Geri dön