Ana Sayfa > Araşdırma > Azərbaycanlı "həkimlər" və onların dəhşətli koronavirus "arqumentləri" - AKTUAL
Azərbaycanlı "həkimlər" və onların dəhşətli koronavirus "arqumentləri" - AKTUAL5-06-2020, 10:38. Yazar: admin |
Elə ki koronavirus pandemiyası peyda oldu, Azərbaycanda “həkim”lərin sayı da artdı, qəfildən milyonlarla azərbaycanlıya “həkim”lik vəhi verildi və onlar özlərini Hipokratın əsl davamçıları kimi aparmağa başladılar. Bəs bu “həkimlər” nə işlə məşğul olurlar, koronavirusla mübarizədə hansı formada “iştirak” edirlər, “müalicə” metodları nədir? Çox sadə: onlar bütün ölkəyə yayılıb və koronavirusun olmadığını “sübut” etməklə məşğuldular. Bu zaman hansısa tibbi savada, elmi biliyə ehtiyac yoxdur. Heç Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi statistik göstəricilər, dünyanın ən demokratik və şəffaf ölkələrinin infeksiyaya yoluxanların, ölənlərin sayı ilə bağlı hər gün açıqladıqları rəqəmlər, vurusla mübarizə aparan həkimlərin yalvarış dolu müraciətləri, sağalan insanların həyəcanla danışdıqları da bizim “həkimlərin” “arqumentləri” qarşısında bir nəyə yaramır. Ölkədə hər addım başı rast gəlinən “həkimlər” “Necə olur ki” ilə başlayan bir neçə sual səsləndirirlər, özləri də cavab verirlər (taksi sürücülərinin həkimliyi lap adamı mətəl qoyur, zalım uşaqları elə bil hamısı Harvard Universitetinin tibb fakültəsini fərqlənmə diplomu ilə bitiriblər) və bununla da koronavirusun olmadığını “sübuta” yetirirlər. İndi demək olar ki hamı koronavirusdan danışan zaman söhbətə “mən inanmıram”la başlayır. Sözsüz, bu qədər təbliğatın, çağırışın, informasiya bolluğunun fonunda belə inamsızlığın dərin kökləri, ciddi səbəbləri var. Lakin heç də uzaq olmayan keçmişə nəzər salanda məlum olur ki, azərbaycanlıların inandıqları nəsnələr də var. Məsələn, “Vahid bank”, muncuq düzmək əməliyyatı, “QuestNet” və s. Onda inanıb özlərinə ziyan vurublar, indi isə gözlərinin qabağında olan bu qədər həqiqətə inanmayıb özlərini və bütün ölkəni təhlükəyə atırlar. Elə ölkəmizdə koronavirusun da “maddi” tərəfinə inam böyükdür. Nədir bu? Kimi dindirirsən deyir ki, xalasıgilin qonşusunun bacısının dayısı oğlunun qaynanası vəfat edəndə həkimlər gəlib 3-5 min manat təklif ediblər ki mərhumun koronavirusdan öldüyünü yazsınlar, lakin qohumları bundan imtina edib. Bununla bağlı şaiyə ayaq tutub yeriməkdə davam edir. İşin ən maraqlı tərəfi odur ki, hələ indiyə qədər heç kim bununla razılaşmayıb, pulu götürən olmayıb. Böhran dövründə kütləni sakitləşdirmək, hadisələrin gedişatını nəzarətdə saxlamaq üçün şaiyə metodilogiyasından istifadə olunması başa düşüləndir. Bu, insanların təşvişə qapılmaması, sosial gərginliyin yaranmaması, vəziyyətin daha ağır olduğuna dair yayılan yalan məlumatların qarşısının alınması üçün vacibdir. Lakin Azərbaycanda koronavirusla bağlı yayılan şaiyə (koronavirus yoxdur, boş şeydir, hətta həkimlər başqa xəstəlikdən və ya qəfildən vəfat edən şəxslərin yaxınlarına pul təklif edirlər ki, mərhumun pandemiya qurbanı olduğuna dair rəy yazsınlar) ölkəyə ziyan vurmağa başlayıb. Bunun qarşısını almaq çox vacibdir. Azərbaycanlıların əksəriyyəti koronavirusu siyasi oyun, ABŞ-Çin qarşıdurması, dünyanı yenidən bölüşdürmək üçün uydurulan yalan sayırlar. Amma uzun illərdir siyasətlə məsafə saxlayan həmvətənlərimizin dünyanı cənginə alan, milyonlarla insanın yoluxduğu, yüzminlərlə adamın öldüyü pandemiyanı siyasət meydanına çevirməsi təəccüb doğurur. Düzdür, səhiyyə siyasətdən ayrı deyil, lakin pandemiya da siyasət deyil, insanları öldürən acı gercəklikdir. Virusdan qorunmaq üçün maska taxmağı bu qədər siyasiləşdirmək nəyə lazımdır? Maskanı ağzı-buruna deyil, çənəyə taxıb kimi aldadırıq? Avtomobildə olan təhlükəsizlik kəmərindən istifadə etməmək üçün min bir bəhanə uyduranlar indi eyni halı tibbi maska ilə bağlı edirlər. İndi işin ən təhlükəli tərəfi sonrakı peşmançılığın heç bir fayda verməyəcəyindədir. Hələlik xəstəxanalarda boş çarpayılar, süni tənəffüs aparatları, xəstələrə qulluq edəcək sayda həkimlər var. Ancaq belə inamsızlıq, vəziyyəti dəhşətli səviyyəyə gətirib çıxara bilər. Madam ki azərbaycanlılar rəsmi qurumlara, həkimlərə inanmırlar, onda kimə güvənirlərsə onların dediklərinə qulaq assınlar. Məsələn, ölkəmizdə Vladimir Putinə inanan, onun dilində danışmağı, övladına rus dilində təhsil verməyi üstün tutanlar çoxdur, onda heç olmasa Vladimir Putinin koronavirusla bağlı dediklərini dinləyin. Onun ən yaxınında olan adamlar – Rusiyanın baş naziri Mixail Mişustin, Putinin mətbuat katibi Dmitri Peskov, mədəniyyət naziri Olqa Lyubimova da koronavirusa yoluxub. Heç Putin bu faktları gizlətməyib də. Axı sən dindarsan, namaz qılıb, oruc tutursan. Elə ki Ramazan ayı başladı gözün İran ayatullahlarında, Səudiyyə Ərəbistanı şeyxlərində olur, onların iftarın, bayram namazının vaxtını nə zaman açıqlayacağını gözləyirsən, Ayı birinci onların görüb sənə deməyini müstəhəb bilirsən. İndi heç olmasa onları dinlə, koronavirusla dediklərini ciddi qəbul et! Axı sən bir həftə Türkiyədə qalıb geri qayıdandan sonra, “evet”lə, “hayır”la danışırsan, “abi” deyə müraciət edirsən, onda heç olmasa türk qardaşlarımızın epidemiyanın qarşısını almaq, ondan qorunmaq üçün elan etdikləri qaydalara əməl et! Müalicə və təhsil üçün İsrail, Almaniya, Britaniya, ABŞ-a, gəzmək üçün Gürcüstana gedirsən, onda bu ölkələrin rəhbərlərinin koronavirusla bağlı fikirlərinə ehtimad göstər. Amma yetər ki, vəziyyətin ağır olduğunu qəbul edəsiniz, özünüzün və başqalarının həyatını təhlükəyə atmayasınız! Geri dön |