Ana Sayfa > Araşdırma > Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaşdır - RƏY
Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaşdır - RƏY3-06-2020, 14:52. Yazar: admin |
“Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının (AİB) direktoru daxil olmaqla rəhbər heyəti ilə videokonfrans keçirdi. Bildiyiniz kimi, bundan öncə də Avropa Yenidənqurma və İnkişaf Bankının və digər beynəlxalq maliyyə institutlarının rəhbərləri Davos Forumu çərçivəsində, yaxud digər tədbirlərdə, həmçinin Azərbaycana səfər edərək ölkə başçısı ilə görüş keçirib. Bu görüşlərin hamısının bir ana xətti var. Qeyd etdiyimiz təşkilatların hamısı Azərbaycana investisiya qoymaqda maraqlıdır. Onda sual olunur: Nə üçün Qafqazın 10 milyon əhalisi olan lider ölkəsinə belə maraq var?” “Report” xəbər verir ki, bunu Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli ölkədə həyata keçirilən sosial-iqtisadi və siyasi islahatları şərh edərkən deyib. O, Azərbaycana olan marağın səbəblərini açıqlayıb: “Birincisi, ona görə ki, Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. İkincisi, ölkəmizin ödəmə qabiliyyəti çox yüksəkdir, üçüncüsü isə xarici borc heç vaxt ÜDM-nin 20%-ni ötmür. Cənab Prezident dəfələrlə deyib ki, biz istənilən xarici borcu 1 il ərzində bağlaya bilərik. Ona görə də beynəlxalq maliyyə institutlarının Azərbaycan Respublikasına belə marağı var. Bilirsiniz ki, “Fitch”, “Moody’s” və “Stabdard & Poors” beynəlxalq reytinq agentlikləri pandemiya dövründə bir çox ölkələrin reytinqlərini aşağı salıb. Amma Azərbaycanın reytinqini dəyişməyərək eyni səviyyədə saxlayıblar. Yəni ölkəmizin ödəmə qabiliyyətli olduğunu nəzərə alaraq bu qərara gəliblər. Həm də görürlər ki, Azərbaycan Respublikası indiyə kimi 30-a yaxın ölkəyə yardım edib. Təkcə pandemiya şəraitində 15 dövlətə, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 2 dəfə hərəsi 5 milyon ABŞ dolları olmaqla ümumilikdə 10 milyon ABŞ dolları məbləğində yardım edib. Həmçinin ölkəmiz də böyük investora çevrilib. Misal üçün, bizim Türkiyədə və digər ölkələrdə dəyəri milyard dollarlarla ölçülən investisiyalarımız var. Bütün bunlar Azərbaycanın reytinqinin yüksək olmasına səbəb olur. Məhz buna görə AİB Azərbaycanın qeyri-neft sektoruna investisiya qoymağa maraq göstərir”. Deputat AİB-in Azərbaycanda suvarma və irriqasiya sistemlərinin yenidən qurulmasında maraqlı olduğunu və Milli Məclisin növbəti iclaslarında bu barədə məsələ qaldıracağını deyib: “Azərbaycanın ən böyük problemlərindən biri olan suvarma sistemləri üçün dövlət proqramının tərtib edilməsi barədə danışmaq istəyirəm. Çünki demək olar ki, Azərbaycanın bütün regionlarında suvarma və irriqasiya sistemlərinin yenidən qurulmasına ehtiyacı var və ADB buna maraq göstərir. Ümumiyyətlə, pandemiya şəraitində 4 ayın nəticələrinə baxdıqda ümumi daxili məhsulun 0,2-0,3%, qeyri-neft sektorunun isə 16% artımı onu göstərir ki, Azərbaycan inkişafdan qalmır, əksinə, inkişaf edir və önəmli dövlətdir. Hesab edirəm ki, bunlar qarşılıqlı maraq çərçivəsində həyata keçirilir. Həm də Azərbaycanda sabitlik mövcuddur, hər hansı təsərrüfat sisteminin pozulması ehtimalı yoxdur. Onlar çox dəqiqliklə Azərbaycanın maliyyə-bank sistemi öyrənirlər. Görüşlər zamanı biz görürük ki, nəinki beynəlxalq təşkilatlar, həmçinin başqa ölkələr də Azərbaycanın atdığı addımları yüksək qiymətləndirirlər. Ona görə də beynəlxalq maliyyə institutlarının Azərbaycana olan bu marağı təbiidir və hesab edirəm ki, Azərbaycan özünün daxili potensialından başqa mümkün olan qədər bu kreditlərdən, investisiyalardan faydalanacaq. Həmişə olduğu kimi, onlar da vaxtında ödəniləcək və bu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq. Bir sözlə, Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaşdır. Ölkəmiz həm siyasi, həm iqtisadi, həm də investisiya baxımından çox cəlbedici ölkədir. İnam var, etibar var və bu, özünü doğruldub”. Geri dön |