Ana Sayfa > Araşdırma / Manşet > Din libaslı buqələmun xisləti
Din libaslı buqələmun xisləti23-01-2019, 13:47. Yazar: admin |
Gərdişi-dövran elə gətirib ki, günümüzdə "çoxüzlü", dəyişkən mövqeli, qeyri-sabit əqidəli adamlarla rastlaşır, belələrini gördükcə də adətən ikrah dolu nəzərlərlə baxdığımız "ikiüzlü"lərə az qala şükür etməli oluruq. Bəli. Hər necə olsa da, ikiüzlünün xəyanətkar mahiyyətini daha asan tanımaq olur. Di gəl ki, buqələmun xislətli xəyanətkarları nəinki normal insanın, heç "ikiüzlü"lüyü həyat tərzi edənlərin də anlaması müşkülə çevrilir. Yeri gəlmişkən, buqələmun heyvanlar aləmində sürünənlər sinifinə aid, bədəninin rəngini və formasını tez-tez dəyişmək bacarığına malik, əsasən hərəkətsiz, yalnız qida qəbul edən bədən uzvlərinin daim işlək vəziyyətdə olduğu kərtənkələ növüdür. ...Bu yaxınlarda gündəlik xəbərlərlə tanış olarkən Zabil Məhərrəmov adlı birisinin Moskvada yaşayan azərbaycanlı dindarları və ruhaniləri hədəfə alan hədə-qorxu dolu çıxışı ilə rastlaşdım. Günün hansı hissəsini hansı havadarının qucağında oturduğunu özü də bilməyən, bilmədikcə də gah şovinist, separatçı, gah dindar, gah da Rusiya təəssübkeşi kimi meydan sulayan həmin buqələmun xislətli xəyanətkar məxluq insanlara milli təəssübkeşlik, hətta din, əqidə və mənəviyyat dərsi keçməkdən çəkinmədiyi aydın oldu. Bütün çıxışı boyu sadə dindarlardan tutmuş ruhanilərədək həmvətənlərimizin dini etiqadına aşağılayıcı nəzər salan, Kərbəla ziyarətini "olimpiya yürüşü" adlandıran Z.Məhərrəmov dövlətimizə, dövlət atributlarımıza, azərbaycançılıq məfkurəsinə dil uzatmaqla öz aləmində ona verilən tapşırığı icra etdiyi qənaətindədir. Rusiyada yaşayan, əsasən də talışəsilli həmvətənlərimizin bir çoxlarının adını çəkməklə, onlara ilk öncə Rusiya dövləti adından hərbə-zorba gəlməsi, daha sonra özünə, özünün xəyanətkar mövqeyinə yaxın, onunla eyni əqidəni bölüşən şəxslər kimi göstərmək cəhdlərinin arxasında dayanan məkrli məqsədlər də istər istəməz bəlli olur. Burada dindar və ruhani olan həmvətənlərimizin doğma vətənlə mənəvi bağlarını qırmaq, barələrində şübhəli fikirlər yaymaqla onları öz təsiri altına salmaq niyyətində olması Z.Məhərrəmov xislətinin aydın göstəricisidir. Gah özünü milli təəssübkeş, gah da "şiə", "İmam Zaman (ə.f) əsgəri" kimi qələmə versə də, bu buqələmun dərk edə bilmir, yaxud da dərk etmək istəmir ki, öz aləmində tilov atmağa çalışdığı insanlar onun gerçək mahiyyətinə yaxşı bələddirlər. Onun, böyüyüb boya başa çatdığı, üzərində gəzdiyi, şəhidlərimizin qanı ilə suvarılmış torpağa dönük çıxması, Azərbaycana xəyanət etməsi artıq heç kimə sirr deyil. O da sirr deyil ki, Z.Məhərrəmov nə şiəliyə, nə talışa, nə də İmam Zaman əsgəri olmağa aidiyyəti olmadığı kimi ləyaqəti də yoxdur və o sadəcə olaraq "zori balayanlar"a nökərçilik edən bioloji varlıqdır. Düzdür, ola bilsin eyni zamanda İrandakı bəzi dairələrə də xidmət göstərir. Bir sözlə, yetər ki, Azərbaycana qarşı olsun. Çıxışlarında mütəmadi şəkildə "azərbaycanlı" sözü ilə "dindar", "şiə" anlayışlarını bir-birinə zidd məfhumlar kimi təqdim etmək, öz aləmində ziddiyyət yaratmaq səyləri sözsüz ki, Zabil kimilərin təfəkkürünün məhsulu ola bilməz. Belə cəhdləri, nökərçilik etdiyi "axberlər"i və "ağalar"ının təlimatları əsasında göstərdiyi şəksizdir. Bu reallığı bilməyən yoxdur, istər dindar olsun, istərsə də qeyri-dindar. Lakin ilk baxışda bizə səbəbi aydın olmayan bir fakt var ki, qürbətdəki həmvətənlərimizin dini heysiyyətindən istifadə edib ölkəmizə qarşı iş aparan Əkbəri Ciddinin təsiri altında fəaliyyət göstərən Famil Cəfərov hələ də Zabil Məhərrəmov, İsmayıl Şabanov kimi Azərbaycana düşmənçilik mövqeyində dayanmış şəxslərlə sıx münasibətdədir. Hadisələrin axarını yaxından seyr edən, eləcə də famil cəfərovların, əkbəri ciddilərin, zabil kimilərin əsl simasına yaxşı bələd olan çoxsaylı dindar və ruhanilərimiz artıq belə ünsürlərlə məsafə saxlayaraq ən azı susqun formada olsa da, onlara etirazlarını bildirməlidirlər. Bəli, hər bir düşüncəli insan, o cümlədən də həyat tərzi ilk növbədə əqidə və əxlaqla tənzimlənən dindarlar, xüsusilə də müqəddəs dinimizin dərinliklərinə bələd olan ruhanilər çox aydın dərk edirlər ki, Azərbaycana qarşı iş aparan Əkbəri Ciddinin tapşırıqlarını yerinə yetirdikcə siyasi məqsədləri, şəxsi mənafeləri bütün müqəddəs dəyərlərin fövqünə keçirmiş, hazırda Zabil və İsmayıl kimi xəyanətkarlarla dostluq edən Famil Cəfərovun etdiyi çıxış, dini xütbə və moizə xarakteri daşıya bilməz. Axı, ermənilərə əlaltılıq, zori balayanlara nökərçilik edən Zabil kimi ünsürlərin dəstəkçisi necə ruhani ola bilər, yaxud şiə, İmam Zaman xidmətçisi?! Hər hansı dində bir şəxsin iki əqidəyə qulluq etməsi harada görünüb?! Başını itirmiş Famil Cəfərov isə islah olunmaq əvəzinə məscidə yığışmış dindarları onu dinləmək məcburiyyəti qarşısında qoyur. O, ya başa düşmək istəmir, ya da qarşısında əyləşən insanları ağılsız hesab edir?! İslam dinində ağıla verilən önəm olduqca əhəmiyyətlidir. Bunu hamıdan yaxşı bilən isə ruhanilər və dindarlardır. Müqəddəs dinimizin prinsiplərinə görə, əqli insana sərmayə verib onu dünya bazarına göndərən Allah-Təala bununla bəndələrinə sonsuz lütflə seçim haqqı bəxş etmişdir. Bəli, belə buqələmunların tilovuna düşməkdən, onların sürüklədiyi uçuruma yuvarlanmaqdan qorunmaq üçün ən böyük silah elə ağıldır. Şübhəsiz ki, Zabil Məhərrəmov, Famil Cəfərov, İsmayıl Şabanov, Əkbəri Ciddi ittifaqının məhsulu olan və İrandakı bəzi dairələrlə Ermənistanın əməkdaşlığından qaynaqlanan belə uçurumdan uzaqlaşanlar, bununla dini vəzifələrini, vətəndaşlıq borcunu yerinə yetirməklə yanaşı, həm də kişilik mövqelərini ortaya qoymuş olurlar. Çünki, dininə, vətəninə, dövlətinə sadiq olan şəxsə bəllidir ki, xəyanət uçurumuna yuvarlanıb həmin müqəddəs dəyərlərə dönük çıxanlar üçün bu mərhələyədək toxunulmaz heç nə qalmayıb. Aparılan bütün zərərli təbliğatların müqabilində, istənilən halda ona məruz qalan insanın qəlbinin dərinliklərində qurulan vicdan məhkəməsində bir sual meydana gələ bilər: "Sizlər İranda təhsil alarkən, Rusiyada işləyərkən, yaxud başqa yerlərdə yaşayarkən ev-eşiyinizi, doğmalarınız, ailənizi hansı dövlət qoruyub, onların asayişini kim təmin edib?" Digər tərəfdən Ermənistanın bizə düşmənçiliyi aşkardır. Lakin öz əlaltılarını qızışdırıb dövlət və xalq olaraq müqəddəsatımıza toxunmağa çalışan, dövlət atributlarımızı zabil kimilərin dili ilə müzakirəyə çıxaran İrandakı bəzi dairələr də bilməlidir ki, biz ortaya təəssübkeş vətəndaş mövqeyi qoyub, heç bir dövlətin ideologiyasını müzakirə etmək istəməzdik. Ən azı dindarlarımıza "1963-cü ildə meydana gəlmiş siyasi-ideoloji təlim olan Vilayəti-Fəqihin müqəddəs dinimizə və klassik şiəliyə nə aidiyyəti var?" ritorik sualını verib onu şərh etmək məcburiyyətində qalmağı heç arzulamazdıq. Arzularsa qarşılıqlı olanda səmimiyyət doğurar. Ümumiyyətlə, əgər bu xəyanətkarları, eləcə də Əkbəri Ciddi kimi ölkəmizə qarşı iş aparan qüvvələri və onların təsiri altından fəaliyyət göstərən dini dinara satan Famil Cəfərovu ruhani, dindar olaraq hələ də qəbul edən həmvətənimiz varsa, öz baxışını dəyərlərimiz naminə bir daha təftiş etməli və özünü uçuruma yuvarlanmaqdan qorumalıdır. Hələ ki, zərərdən geri dönüş imkanı var. Təbii ki, bu da insanın şəxsi iradəsi, xarakteri və ləyaqətinə bağlıdır. Özünü dindar, ruhani, mənəviyyat adamı sayan kəs əli dinc sakinlərin, köməksiz qocaların və məsum körpələrimizin qanına batmış zori balayanlara nökərçilik edən Zabil Məhərrəmov, İsmayıl Şabanov kimilərlə həmrəy ola, elələrinin dəstəyi ilə "dini təbliğat" aparan "ruhani"lərin təsiri altında qala bilməz. Hətta o "ruhani" zahirən savadlı görünüb, bəlağətli çıxışlar etməyi bacarsa da. Çünki bir insanı onun bilik və bacarığı məşhurlaşdırsa da, kimliyindən asılı olmayaraq şəxsiyyət olmağın əsas meyarı xarakterdir. Üstəlik də ruhani və dindar mühitində. Yenə də seçim etmək insanın şəxsi iradəsi, xarakteri və mövqeyindən asılıdır. Kim istəsə, Zabilin, Əkbəri Ciddinin təsirinə düşməklə dindən, mənəviyyatdan uzaqlaşa, ailəsi, doğmaları, vətəni üçün itirilmiş şəxsə çevrilə bilər. Belə yaşayış isə yaşayış olmaz, sadəcə buna sürünmək demək olar. Elə sürünən, zəhmətsiz dolanan və gündəlik azuqəsini gözləyən buqələmun kimi. Kim də istəsə mövqe sərgiləyib münasibətini ortaya qoya bilər. Gerçək dindar, mənəviyyat adamı və ən nəhayət kişi xarakterli şəxsiyyət kimi. Aslan Qocayev Milli.Az Geri dön |