Ana Sayfa > Araşdırma / Manşet > Yasamal RİH tikinti şirkəti ilə söz güləşdirir: palçığa isə vətəndaşlar batır…
Yasamal RİH tikinti şirkəti ilə söz güləşdirir: palçığa isə vətəndaşlar batır…17-12-2018, 08:33. Yazar: admin |
Prezident İlham Əliyev aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məsələsini daim diqqət mərkəzində saxlayıb. Bu məqsədlə mütəmadi olaraq müxtəlif sosial yönümlü layihələr uğurla həyata keçirilib və vətəndaşlar tərəfindən böyük məmnunluqla qarşılanan həmin tədbirlər bu gün də davam etdirilir. Bu baxımdan artıq reallaşdırılmasına start verilən sosial mənzillərin tikintisi də təqdirəlayiq hadisədir. Rubrika.az xatırladır ki, paytaxtın Yasamal rayonu ərazisində, “Qanlı Göl” adlanan məkanda yeni istirahət sağlamlıq mərkəzi və çoxmənzilli sosial binaların inşasına başlanılıb. Bildirək ki, sözügedən layihə Avropanın tanınmış memarları tərəfindən hazırlanıb. “Qanlı Göl” adlanan ərazinin şimal və şimal- qərb hissəsində, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən ərazi vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən güzəştli mənzillərin inşası üçün seçilib. Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin yerləşəcəyi ərazinin sahəsi 11,6 hektardır. İlkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzilin tikintisi nəzərdə tutulub. Amma görünən odur ki, əhalinin böyük səbirsizliklə gözlədiyi sosial evlərin inşası eyni zamanda sosial problemlərin yaranmasına da səbəb olub. Hər halda bununla bağlı Rubrika.az-ın redaksiyasına şikayət məktubu ünvanlamış bir qrup sakinin yazdıqlarından belə anlaşılır. Sözügedən şikayət məktubunda bildirilir ki, Yeni Yasamal yaşayış massivi, “Qanlı göl” ərazisinin qərb sahilində, bir qədər də konkretləşdirsək “Stanopey” şirkətinin yaxınlığında yerləşən 350-yə yaxın evin sakinləri əsl cəhənnəm əzabı yaşayırlar: “Bu ərazidə təxminən 350-yə yaxın fərdi ev var. Məlum olduğu kimi, ərazinin bu hissəsində 11 min kvadrat metr sahəni əhatə edən yerdə sosial evlərin tikintisinə başlanıb. Biz bu təşəbbüsü alqışlayırıq, amma tikinti aparan şirkət sanki bizim qəsdimizə durub. Onlar tikintiyə başlayandan sonra mövcud yolları dağıdıblar, əvəzində isə heç bir alternativ yol çəkilməyib. Yolsuzluq şəraiti isə sakinləri böyük çətinliklərlə üz-üzə qoyur. Hər gün yüzlərlə sakin uzunboğaz çəkmələrdə, palçığa bata-bata işə gedib gəlmək zorunda qalıb. Şikayətlərimizi isə eşitmək istəyən yopxdur”. Şikayət müəllifləri daha sonra bildirir ki, yaranmış problemlə bağlı dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətində olublar: “Bir neçə dəfə sakinlərdən ibarət qrup sözügedən məsələnin müsbət həll olunması ümüdüylə Yasamal Rayon İcra Hakimiyyətində olub. Orada bizə deyiblər ki, sizə yol çəkilməlidir, amma bu iş onların yox, sosial mənzillərin tikintisini aparan şirkətin vəzifəsidir. Tikintini aparan şirkətdən isə bildirilir ki, sizə yolu Yasamal RİH çəkməlidir”. Rubrika.az bildirir ki, sözügedən ərazidə tikintini Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) aparır. Yolu kimin çəkməli olduğunu dəqiqləşdirmək üçün isə həm Yasamal RİH, həm də tikintini reallaşdıran MİDA təmsilçilərinin rəsmi mövqeyini öyrənməyə çalışacağıq. Geri dön |