Ana Sayfa > Araşdırma > Prezidentin Qarabağ çağırışının arxasındakı mətləblər
Prezidentin Qarabağ çağırışının arxasındakı mətləblər16-02-2016, 09:43. Yazar: admin |
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ötən həftə boyunca da gərginlik davam etdi. İşğalçı ölkənin hərbi qüvvələrinin diversiya-təxribat hücumları nəticəsində ordumuzun kiçik çavuş rütbəli bir əsgəri şəhid olsa da, beynəlxalq aləmdən hər hansı reaksiya gəlmədi. Qeyd edək ki, Münhendə Ermənistanın XİN əməkdaşının Azərbaycanı ittiham etməsinin qarşılığında prezident İlham Əliyev tutarlı cavab verib və Ermənistanın qarşısındakı yeganə şərti açıqlayıb: “İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın”. Bu fikirlər əslində təkcə Ermənistana və havadarlarına deyil, beynəlxalq təşkilatlara da ünvanlanmış mesajdır. Bununla Bakı mövqeyində qəti olduğunu bəyan etmiş olur. Yəni həmsədrlər açıq şəkildə ermənilərin mövqeyindən çıxış etsələr də, Qarabağ separatçılarına “yaşıl işıq” yandırsalar da, Azərbaycan torpaqlarının işğalda qalması ilə razılaşmayacaq. Yeri gəlmişkən, ötən həftə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Münhendə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik, Pyer Andrie və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiklə görüşüb. Ancaq Azərbaycan prezidentini müşayiət edən Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla analoji görüş keçirilmədi. Şübhəsiz ki, həmsədrlər AŞ PA-nın qış sessiyasında oynadıqları ermənipərəst mövqelərinə görə sərt təpki ilə qarşılandıqdan sonra rəsmi Bakı ilə münasibətləri yumşaltmaq istərdilər. Bu arada ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi”nə müsahibəsində “Azərbaycan hökuməti ATƏT-in Minsk Qrupu həmsədrlərinin AŞPA-ya Dağlıq Qarabağla bağlı qətnamə barədə çağırış etməsini kəskin tənqid edib. Həmsədrlərin belə çağırış etməsi hansı zərurətdən irəli gəlib” sualını cavablandıraraq deyib: “Biz regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə etiraz etmirik. Biz Azərbaycan və Ermənistanın bu məsələni istədikləri kimi qaldırmaq hüquqlarını dəstəkləyirik. Həmsədrlər vurğulayırlar ki, Minsk Qrupunun qəbul etdiyi danışıqlar formatı olaraq qalır. Biz ümid edirik ki, bu münaqişəni danışıqlar yolu ilə həll etmək üçün Ermənistan və Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq Minsk Qrupu ilə sıx əməkdaşlıq edəcəklər”. Amerikalı həmsədr münaqişənin həlli elementlərinin müzakirələrini davam etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla hər zaman görüşməyə hazır olduqlarını da söyləyib. “Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün bizim danışıqlar beynəlxalq hüquq prinsiplərinə - BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və xüsusi olaraq - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanır. Münaqişənin hərtərəfli həll planının bir hissəsi olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxil olmaqla, işğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır” - o vurğulayıb (report). *** Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında dövlət başçısının Münhen çıxışını yüksək qiymətləndirdi: “Azərbaycan prezidenti cənab İlham Əliyevin Münhen konfransındakı çıxışı həm ermənilərə, həm də bu gün demək olar ki, tam şəkildə ermənilərin mənafeyini müdafiə edən, ermənilərin təcavüzünü dəstəkləyən ATƏT-in Minsk Qrupunun həmsədrlərinə bir mesaj idi. Yəni ilk öncə BMT-nin məlum qətnamələrinin icra edilməməsindən tutmuş, həmsədrlərin AŞ PA-nın məlum sessiyasından əvvəl verdikləri bəyanatlara qədər baş verənləri bir daha yada salsaq, görərik ki, xarici işlər naziri Elmar Məmmədyarovun həmsədrlərlə görüşməməsi düzgün addımdır. ATƏT-in Minsk Qrupunun tam tərkibdə yığıncağı bu gün gündəmdədir və yəqin ki, bu görüşdə həmsədrlərdən müvafiq sorğular olacaq və həmin görüşdə iştirak daha önəmlidir. Nalbəndyanın görüşünə gəldikdə isə bu, təbii bir haldır. Çünki istər həmsədrlər, istərsə də Nalbəndyanın status-kvonu saxlamaq və bu kimi məsələlər üst-üstə düşdüyündən onların müzakirə edəcəyi məsələlər var”. A.Nağiyev Qərb ekspertlərinin Qarabağ müharibəsi ilə bağlı anonsunun arxasında dayanan mətləbləri də açıqladı: “Bu bəyanatlar Rusiyanı daha irimiqyaslı əməliyyatlara cəlb etmək istəyidir. Belə olan halda onsuz da iqtisadi tənəzzülə uğrayan Rusiya daha çətin vəziyyət düşə bilər. Bu da Qərbin ən böyük istəyidir ki, iqtisadi narazılıqlar fonunda siyasi istəklərini həyata keçirsin. Fikir versək görərik ki, bir az əvvəl terrorla mübarizəni ön plana çəkən Rusiya artıq öz hərb maşınını ancaq Bəşər Əsədin iqtidarda qalmasına yönəldib və buna görə Türkiyəyə qarşı bütün variantlardan istifadə edir. Bu, Dağlıq Qarabağda və sərhəd bölgələrində gərginliyin artmasının bir səbəbidir. Xəzər və Qara dənizlərdə Rusiya hərbi təlimlər keçirir, güc nümayiş etdirir. Qərb də bundan istifadə edir, qeyd etdiyimiz kimi, Rusiyanı müharibəyə sürükləyir və bu yolla regionda baş verən münaqişələrin birbaşa təşəbbüskarı olduğunu göstərməyə çalışır. Təbii ki, bunun üçün Türkiyədən, yəni NATO üzvü olan dövlətdən də istifadə edilir. Bundan istifadə edən Ermənistan da havadarlarının hesabına münaqişənin daha da gərginləşməsinə çalışır”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, İlham Əliyevin Münhen təhlükəsizlik konfransında iştirakı bir neçə səbəbdən vacib idi: “Birincisi, iki ildir nə Davos İqtisadi Forumunda, nə də Münhendə təhlükəsizlik konfransında Ermənistan prezidenti iştirak edir. Bu da İlham Əliyevə Azərbaycanın haqlı mövqeyinin maneə görmədən beynəlxalq birliyə çatdırılmasına şərait yaradır. Çünki əgər Ermənistan prezidenti Serj Sərkisyan da bu tədbirlərdə iştirak edərdisə, yalan təbliğatına dövlət başçılarını, diplomatlar və ekspertləri inandırmağa çalışacaqdı. Kimsə inanmayacaqdı, ancaq inanan da olacaqdı. Ona görə də yalan təbliğatla qarşılaşmayan İlham Əliyev Azərbaycanın mövqeyini beynəlxalq aləmə çatdırmaq üçün zəruri imkan qazandı. Azərbaycanın iqtisadi və sosial həyatda ciddi çətinliklərlə üzləşməsinə baxmayaraq, həm Davos, həm də Münhendə Azərbaycanın iştirakı ilə enerji və tranzit layihələrinin təqdimatı keçirildi. Bu, o layihələrdir ki, Avropa və ABŞ da bunların qısa zamanda reallaşmasında maraqlıdırlar. İlham Əliyevin Münhen təhlükəsizlik konfransında iştirakını şərtləndirən ikinci vacib səbəb Qarabağ münaqişəsidir. Biz beynəlxalq aləmin ikili standartları ilə üzləşməmizə baxmayaraq, Qərblə daima müxtəlif səviyyələrdə birgə işləməliyik”. E.Şahinoğlunun fikrincə, daim anlatmalıyıq ki, Azərbaycanın torpaqlarının işğalı faktının davamı yalnız bölgə üçün deyil, Avropa İttifaqı üçün də ciddi təhlükə yaradır: “Təsadüfi deyil ki, Avropa İttifaqı məsələləri üzrə ixtisaslaşmış nüfuzlu Avropa Siyasəti Mərkəzinin Dağlıq Qarabağ münaqişəsinə dair yaydığı son geniş hesabatda Cənubi Qafqazı və bütövlüklə Azərbaycanı Avropanın cənub sərhədi kimi dəyərləndirib. Bu isə o deməkdir ki, Dağlıq Qarabağda başlanacaq müharibə Avropa İttifaqının sərhədində gedəcək. Ona görə də əgər Avropa İttifaqı Cənubi Qafqazda yeni müharibə istəmirsə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə maraqlanmalı, ATƏT-in Minsk Qrupu ilə məsləhətləşmələrə başlamalıdır. Bu mənada İlham Əliyevin Münhendəki çıxışlarının əsas qayəsini məhz bu faktor təşkil edirdi ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən Cənubi Qafqazda sabitlik olmayacaq. Elə İlham Əliyevin Münhendə erməni diplomatın sualına verdiyi cavabda da bu fikir yer alırdı ki, ”əgər sabitlik istəyirsinizsə, işğala son qoyun". Bu, İlham Əliyevin artıq necənci dəfədir ki, Ermənistana və beynəlxalq aləmə mesajıdır. Başqa sözlə, bu, o deməkdir ki, işğala son qoyulmayana qədər Azərbaycan müharibə başlamayacağına dair kimsəyə təmin verməyəcək. İlham Əliyev Azərbaycanın haqq səsinin Avropa İttifaqında eşidilməsini və qəbul edilməsini istəyirsə, ölkəmizin Avronestə qayıtmasını da təmin etməlidir. Məncə, Avronesti tərk etmək rəsmi Bakının səhv qərarı idi. Bu qərarı yenidən gözdən keçirməyə ehtiyac var. Əlbəttə, bu qurum Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi rol oynamır. Ancaq əgər biz Azərbaycanı Avropa İttifaqı ilə birləşdirən körpülərin birindən imtina ediriksə, Brüsselə ünvanladığımız “Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək verin” çağırışımıza qarşılıq almaya da bilərik. Ona görə də rəsmi Bakı qısa müddətdə Avronestə geri dönmək haqqında düşünməlidir. Avronestdə biz yoxuq, Ermənistan var. Meydanı könüllü surətdə niyə Ermənistana təhvil verməliyik?" Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bizim üçün maraq doğuran çoxsaylı görüşlər keçirildi: “Bu tədbirlərdə Dağlıq Qarabağ, enerji, ikitərəfli və ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu və mənim diqqətimi çəkən əsas nüanslardan biri Azərbaycan atalar sözündə deyilən zərbi-məsəl oldu: ”Qara məni basınca, qoy qaranı mən basım". Minsk Qrupunun həmsədrləri ilə görüşən Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın yubanmadan və daha böyük ehtimalla məhz havadarları rolunda olan həmsədrlərin xeyir-duası ilə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinə maneələr törətdiyini dilinə gətirməsi oldu. Bu sarsaq erməni diplomatın ölkəmizin atəşkəs barədə üçtərəfli müqaviləni pozması, baş verən hadisələrin təhqiqatını aparmaq üçün mexanizmin yaradılmasından boyun qaçırması və danışıqları başqa formatlara keçirməyə çalışmasını qeyd etməsi açıq-aydın onu deməyə əsas verir ki, həmsədrlər onu yaxşıca təlimatlandırıblar. Azərbaycan tərəfinin onlarla növbəti mənasız danışıq raundundan imtina etməsi, görünür, həmsədrləri möhkəm qəzəbləndirib". Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan tərəfi bundan sonra artıq konkret addımlara keçməlidir: “Yetər artıq! Biz bu beynəlxalq yalançı, işğalçının mənafelərini qoruyan Minsk Qrupu formatında 20 ildən artıq bir zaman kəsiyində müxtəlif hoqqabazlıqlarla, oyunlarla vaxt keçirməyə alışmış qurumların formal fəaliyyətinə şəriklik etdik. Cəbhədəki bu son gərginliyin də ən böyük səbəbkarları məhz Ermənistana havadarlıq edən ölkələrin gizli şəkildə verdikləri təlimat idi ki, guya Azərbaycan məcburiyyət qarşısında qalıb həmsədrlərlə görüşə razılıq versin. Görün erməni həyasızlığı hansı aşırı həddədir ki, Azərbaycan dəfələrlə status-kvonun belə qalmasına razı olmadığını bəyan etsə də, Ermənistan tərəfi rəsmi Bakını tənzimlənmə prosesini pozmaqda, status-kvonun saxlanmasına şərait yaratmaqda ittiham edir. Hələ üstəlik də, guya həyasızcasına bəyanat yayaraq Ermənistanın hər zaman bunun əleyhinə olmasını qeyd edirlər. Son bir neçə gündə Ermənistan tərəfindən diversiya-kəşfiyyat fəaliyyəti və atəşkəsin pozulması nəticəsində bir neçə hərbi qulluqçumuz şəhid olub. Nədənsə həmsədrlər adi bir mülki erməni vətəndaşına görə bərk narahatçılıq bildirdikləri halda, Azərbaycan hərbçiləri ilə bağlı ümumiyyətlə, səslərini çıxarmağı lazım bilmədilər. Bunu necə başa düşək? Bir sözlə, cəbhədə bundan sonra da məhz Ermənistan və havadarları tərəfindən təşkil olunmuş təxribat cəhdlərinin sayının artacağını düşünürəm. Ona görə də Müdafiə Nazirliyimiz bu məqamları xüsusi nəzarətdə saxlamalıdır”. Geri dön |