Ana Sayfa > Araşdırma > İqtisad Universitetində dövləti təxribat?
İqtisad Universitetində dövləti təxribat?22-01-2016, 10:10. Yazar: admin |
Bu günlərdə redaksiyamızın elektron poçtuna Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı olduqca maraqlı bir məlumat daxil oldu… Məktub-məlumatı adı çəkilən universitetdə təhsil alan və adının çəkilməsini istəməyən tələbələrdən birinin valideyni göndərmişdi. Sonra redaksiyamızla əlaqə saxlayan valideyn yazdıqlarına daha ətraflı aydınlıq gətirdi… Söhbət yaranmasının 85 illyi qeyd edilən Azərbaycan Dövlət İqtisad Universitetinin adının gözlənilməz formada dəyişdirilməsindən gedir. Valideyn bunu təsdiqləmək üçün bir neçə rəsmi sənədi də bizə göndərdi. Məlum oludu ki, hətta Ulu Öndər Heydər Əliyevin də təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov gözlənilməz şəkildə böyük tarixi ənənələrə malik universitetinin adını dəyişdərək bir müddətdir ki, rəsmi blank və əmrlərdə «UNEC» kimi yazdırır. Vaxtilə adı çəkilən universitetin tələbəsi, sonra məzunu olmuş oxucumuz (məlum səbəbdən adını yaza bilmirik, özünün xahişi ilə) şoka düşdüyü məsələ barədə bunları yazıb: «Hörmətli «Təzadlar»! Qəzetinizin sonuncu sayındakı bir yazını oxuyandan sonra bu barədə sizə məlumat verməyi özümə borc bildim. Məlumunuz olsun ki, Azərbaycan Dövlət İqtisad Universiteti 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Bir müddət sonra adı dəyişdirilib və 1932-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət-Kooperativ İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb. 1930-cu ildə isə Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan Sosial-İqtisad İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul edib. Buraya həmçinin Azərbaycan Sovet Ticarət İnstitutu da aid edilib. 1987-ci ildə institut müstəqil fəaliyyətini dayandıraraq Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrilib. 1992-ci ildə ali məktəb yenidən Azərbaycan Dövlət İqtisad İnstitutu kimi fəaliyyətini bərpa edib. Nəhayət ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 2000-ci ildə imzaladığı fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq - Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradılıb. Yəni bu təhsil ocağı uzun bir tarixi yol keçib, bütün SSRi-də tanınıb. Nəzərinizə onu da çatdırım ki, indiyədək universitetin 14 rektoru olub. Sonuncu Ədalət Muradovdur. Əvvəllər təhsil sahəsində iş təcrübəsinin olduğunu deyə bilmərəm, amma onun İqtisadiyyat Nazirliyində çalışdığı bildirilir. Və Ədalət Muradov özündən əvvəlki 13 rektorun əl qoymadığı, toxunmadığı bir işə imza atıb, təəssüflər olsun ki, hamının ənənəvi adla tanıdığı bu qocaman təhsil ocağının adı birdən-birə dəyişdirilərək «UNEC» edilib. Mən Qərbi Azərbaycanda doğulmuşam və nənəm mənim bu universiteti bitirdiyimlə həmişə fəxr edib. Hərdən məndən soruşur ki, ay bala, sənin oxuduğun o institut hansı idi? Deyirdim ki, Xalq Təsərrüfatı İnstitutu. İndi birdən yenidən soruşsa və mən də desəm ki, «UNEC»i bitirmişəm, mənə gülməzmi? Axı hər bir ad aidiyyəti dövlət orqanı tərəfindən təsis olunur və milli adla çağırılır, müvafiq qanunverici orqanlarda qeydə alınır. Mən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun bu gülməli adqoyma məsəlindən bu günlərdə xəbər tutdum. Oğlumun adı universitetin 85 illiyi ilə bağlı mükafatlandırılan yaxşı tələbələr sırasında idi. Bu barədə universitetdə olanda bir əmrlə tanış oldum. Baxdım ki, rektorun əmrində Azərbaycan Dövlət İqtisad Universitetinin adı «UNEC» kimi göstərilib. Sonradan öyrəndim ki, bu ad artıq kütləvi şəkil alıb. Hətta universitetin həyətində bir iri daş lövhənin üzərində də bildirici nişan kimi bu adı həkk ediblər. Hesab edirəm ki, dövlət orqanlarının başı üzərindən atılan bu özbaşına addım dövləti təxribat mahiyyətlidir. Mən belə hesab edirəm. Narahat olduğumdan sahə mütəxəssisləri ilə də məsləhətləşdim. Onlar bunun ola bilsin hansısa beynəlxalq etiket, yəni əmtəə nişanı kimi ortaya atıldığını söylədilər. Amma məlumdur ki, təhsil ocağı əmtəə deyil, intellektual mülkiyyət ocağıdır, qanunvericiliyə görə dövlət əhəmiyyətli adların dəyişdirilməsi yalnız Prezidentin müstəsna səlahiyyətlərinə aiddir və bu qanunverici aktlarda, Nazirlər Kabinetinin qərarlarında öz əksini tapır. İnternetdə cənab Prezident İlham Əliyevin rəsmi saytında axtarış verdim və belə bir fərmana rast gəlmədim. Bəs elə isə, rektor Ədalət Muradov Prezidentin xəbəri olmadan belə bir qədim tarixə, ənənələrə malik təhsil ocağının adını niyə dəyişdirir? Bunda məqsəd nədir? Hörmətli redaksiya, bəlkə siz buna aydınlıq gətirəsiniz?». Məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi ilə əlaqə saxladıq. Lakin telefon zənglərimiz cavabsız qaldığından universitetin Mətbuat Xidmətinə rəsmi elektron sorğu göndərdik. Yəqinki bu və ya digər anlaşılmaz suallara aydınlıq gətirəcək. «Təzadlar» Geri dön |