Ana Sayfa > Araşdırma > Səhiyyəmizin büdcəsi - büdcəmizin səhiyyəsi...

Səhiyyəmizin büdcəsi - büdcəmizin səhiyyəsi...


21-01-2016, 10:22. Yazar: admin
Səhiyyəmizin büdcəsi - büdcəmizin səhiyyəsi...
Bu ilin Dövlət büdcəsində səhiyyə sahəsinə ayrılan yüz milyonların əvəzində rayonlardakı xəstəxanaların bərbad vəziyyyəti ilə dava-dərmanın xəstələrə satılması, xəstələrdən müalicə üçün pul alınması bir-birinə tərs mütənasibdir...

...Son günlər əhalini ən çox narahat edən problemlərdən biri də dava-dərmanların qiymətlərinin nəzarətdən çıxması, bəzi vacib dərmanların qiymətinin 2-3 dəfə qaldırılmasıdır... Təbii ki, işbazların hamısının bir bəhanəsi var: dərmanlar xaricdən gətirilir və dollarla alınır!

Bu yerdə sual yaranır: axı niyə bu işbazlara deyilmir ki, siz daxildə istehsal olunanların da qiymətini durmadan qaldırırsınız. Bəs buna nə ad verək?
Və o da sirr deyil ki, məlum maliyyə böhranı ilə bağlı insanların gündəlik zəruri ərzaq məhsullarından istifadəsi məhdudlaşıb. O da bəllidir ki, vitaminli, kalorili qida qəbul edə bilməyənlərin xəstələnmə risqi yüksək olur, belə insanlar daha tez xəstələnirlər... Deməli, dövlət bu gün ölkə əhalisinin iki strateji məsələdə-ərzaq və səhiyyə xidməti probleminin həllində yanında olmalıdır. Ərzaq məsələsi artıq dövlətin nəzarətindədir. Bəs səhiyyə xidməti?

Səhiyyəmiz büdcəmizdə necə görünür?

Bu və ya digər suallara cavab almaq üçün bu dəfə də Səhiyyə Nazirliyinin telefonları əbədi və əzəli susan mətbuat xidmətinə zəng etmədik. Nə mənası? Min bir dərdin dərmanı olduğu kimi, dərman bahalaşmasına da min bir bəhanə tapıb informasiya sırıyacaqlar. Amma biz səhiyyəimizə göstərilən dövlət qayğısının qarşılığında insanların bu sahənin xidmətindən necə bəhrələndiyini araşdırmaq qərarına gəldik. Kimə sirdir ki, indi TV-lərdə hər dəqiqə reklamı gedən özəl klinikalar bir tərəfdən, dövlət təyinatlı tibb müəssisələri də o biri tərəfdən əhalinin sağlamlığından qazanc məqsədilə istifadə edirlər. Sovetlər dönəmində məşhur bir şüar da var idi: əhalinin sağlamlığı dövlətin sərvətidir! İndi bu şüar belə səslənir: “Əhalinin səhhəti işbaz həkimlərin qazanc mənbəyidir!”. Amma səhiyyəmizin yerini 2016-cı ilin dövlət büdcəsində görəndə mat qaldıq...

Pul gölündə üzən səhiyyəmiz...

Neçə gün əvvəl paytaxt küçələrində ayrı-ayrı insanlar arasında sorğu keçirdik və “Sonuncu dəfə xəstəxanada nə vaxt olmusunuz, yaxud sonuncu dəfə xəstəliyinizlə əlaqədar hansı klinikaya müraciət etmisiniz? Sizə pulsuz xidmət göstərilibmi?”, kimi 3 suala cavab axtardıq. Demək olar bütün respondentlər birmənalı olaroaq bildirdilər ki, həkimə müraciət etmişəm, əvəzində pul vermişəm....Bundan əlavə, əksəriyyət bildirdi ki, adi həkim məsələhəti də pulu olub, cərahiyyə əməliyyatına girən külli miqdarda pul verib və s.
Araşdırma zamanı o da məlum oldu ki, demək olar bütün xəstəxana və klinikalarda (Bakının elə küçəsi yoxdur ki, iki-üç özəl xəstəxana olmasın) müayinə və müalicə rəsmi qaydada pullu, yəni ödənişli edilib, hətta pullu xidmətin siyahısı da yazılıb asılıb. İndi gəlin Azərbaycanın Dövlət Büdcəsindən hər il səhiyyəmizə ayrılan pul vəsaitlərinin həcminə baxaq.
Onu da deyək ki, büdcə vəsaitləri həm də xəstəxanalarda, özəl klinikalarda soğan kimi soyulan Azərbaycan vətəndaşlarının vergi ödəmələrindən formalaşır. Ölkəmizdə tibbi sığorta olmadığından vətəndaşların büdcəyə ödədiyi vəsaitin onların sağlamlığının bərpasına heç bir aidiyyəti olmur. Beləliklə, gəlin rəsmi rəqəmlərə nəzər yetirək: əcaba, qapıçısından tutmuş həkiminə, cərrahına kimi, əl açıb xəstələrin dərisini soyan xəstəxanalarımıza ayrılan pullar bəs etmir ki, hələ hər il xəstəyə xəstəlik dərəcəsinə görə standart haqq da qoyulur?
Budur, 2016-cı ilin dövlət büdcəsi: məsələn, bu il dövlət büdcəsindən ümumilikdə səhiyyəyə 744 milyon 855 min 809 manat pul ayrılıb. Həmçinin təkcə Səhiyyə Nazirliyinin idarəetmə aparatının saxlanılması üçün isə 2.109.787 manat vəsait verilib.
Səhiyyə sahələrinə ayrılan 744 milyon 855 min 809 manat pulun təkcə 108.294.921 manatı poliklinikalar və ambulatoriyalar üçündür. Bu sırada təkcə Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət poliklinikalarına ayrılan vəsait 106.325.984 manatdır. Bu sırada “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin səhiyyə müəssisələrinə isə 1 miyon 968 min 937,0) ayrılıb

Xəstəxanalarımız “yağ içində böyrək” kimi...

Ən maraqlısı, Azərbaycanda xəstəxanalarımıza bu il dövlət büdcəsindən nə az, nə çox-352 milyon 704 min 877 manat pul ayrılıb. O cümlədən Səhiyyə Nazirliyinin xəstəxanalarına 286 milyon 053 min 453,0 manat verilib.
Büdcədən ayrılan pul vəsaiti digər nazirlik və dövlət qurumlarının tibb müəssisələrinə isə belə bölünüb:
- Gənclər və İdman Nazirliyi-845 min 776,0 manat;
- Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti- 5.776.465,0 manat;
- Azərbaycan Tibb Universiteti-4 970 856,0
- “Azərbaycan Dəmir Yolları” Qapalı-8 356 081,0
- Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi-4 494 729,0
- Səhiyyə Nazirliyinin Milli Onkoloji Mərkəzi-42.207.517,0 manat...

Büdcədən səhiyyə sahəsində təhsilə də pul ayrılıb...

Araşdırma göstərir ki, dövlət həm də səhiyyə sahəsində təhsili də unutmur. Məsələn, bu il səhiyyə sahəsində orta ixtisas təhsili üçün
Səhiyyə Nazirliyinə-5 922 720,0 manat, Ali təhsil üçün isə Səhiyyə Nazirliyinə 1 milyon 750 min 776,0 manat, ümumilikdə səhiyyə sahəsində digər xidmətlər üçün isə 6 770 121,0 manat pul ayırıb. O cümlədən, Səhiyyə Nazirliyi-2 609 738,0, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin səhiyyə müəssisələri-4 160 383,0 manat.
Səhiyyə sahəsində tətbiqi tədqiqatlar da unudulmayıb-4 945 567,0 manat, o cümlədən Səhiyyə Nazirliyi-3 701 494 manat, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi-530 914,0 manat, Səhiyyə Nazirliyinin Milli Onkoloji Mərkəzi-713 159,0 manat.

Səhiyyəmizin digər sahələri də büdcədən bəhrələnib...

2016-cı ilin dövlət büdcəsinin təhlili göstərir ki, bu il səhiyyə sahəsinə aid edilən digər xidmətlərə də külli miqdarda pul ayrılıb-272 140 323,0 manat! Bu sırada Səhiyyə Nazirliyinin payı 219 483 523,0 manat, Daxili İşlər Nazirliyininki-9 347 692 manat, Fövqəladə Hallar Nazirliyininki 2 617 151 manat, Dövlət Gömrük Komitəsininki-1 418 626, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti-7 857 776, Prezidentinin Xüsusi Tibb Xidməti-5 699 380, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi-2.541.775 manat.
Dövlət bu il səhiyyə sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmiri də yaddan çıxarmayıb: 4.012.800,0 manat.

Səhiyyə sahəsində islahatlara 13 milyon?

Bəli, məlum olur ki, bu il səhiyyə sahəsində islahatlara dövlət büdcəsindən 13.041.600,0 manat pul ayrılıb. Sual olunur: Prezident dəfələrlə səhiyyə sahəsini tənqid edib. Bu o deməkdir ki, sahədə lazımi islahatlar aparılmır. Elə isə dövlət budcəsindən səhiyyəyə hansı islahatlarına görə bu qədər vəsait ayrılır, bax bu sual olaraq qalır... Hətta təsəvvür edin ki, bu ilki büdcədə səhiyyə sahəsi üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri-6.120.000,0 manat, mədəniyyət və incəsənət sahəsində fəaliyyət üçün isə Səhiyyə Nazirliyinə 435 870,0 min manat pul ayrılıb.
Sonda: bu qədər milyonların əvəzində isə həmin büdcəni formalaşdıran Azərbaycan vətəndaşı can ağrısı ilə adi bir həkimin belə yanına gedəndə, məsələhət alanda əlini cibinə salmalıdır. Niyə?

Mövzunu davam etdirəcəyik.

A.Məmmədli

Geri dön