Ana Sayfa > Araşdırma > Yerli “padşahlar”ın qanunsuzluqları yenidən gündəmə gəldi...
Yerli “padşahlar”ın qanunsuzluqları yenidən gündəmə gəldi...18-01-2016, 10:40. Yazar: admin |
Cəbrayılın icra başçısı Mahmud Quliyevin vətəndaşı təhqir etdiyi iddia olunan, günlərdir mətbuatı zəbt edən məlum videosunun üzə çıxmasından sonra yerli “padşahlar”ın qanunsuzluqları məsələsi yenidən gündəmə gəlib. Rayon rəhbərlərinin özbaşınalıqları getdikcə artmaqdadır. Hər icra başçısı rəhbəri olduğu ərazidə özünü fövqəltəbii qüvvə sayır. Onların yarıtmaz fəaliyyəti məhz vətəndaşları tez-tez dövlətlə üz-üzə qoyur. Bu cür hadisələrin indiyə qədər dəfələrlə şahidi olmuşuq. İsmayıllı və Quba hadisələrini misal çəkə bilərik. İcra başçılarının qanunsuzluqları son illərə təsadüf etmir. Müstəqillik illərində daim bu məsələ aktual olub. Təkcə 13 il öncə Şəmkirdə icra başçısı Aslan Aslanovun törətdiyi əməllər, oğlunun məlum hadisə ilə bağlı öldürülməsi və buna görə Aslanovun iki nəsli məhv etdirməsi, bu tipli şəxslərin rəhbərləri olduqları bəzi rayonların orta feodalizm dövrünə getdiyini göstərir. Bu qədər qanunsuzluqlarla məşğul olan, başçıları xalqa həqarətlə baxan qurumların mövcudluğu nəyə gərəkdir? Son vaxtlar bu məsələ dövlət strukturlarında zəruri ixtisarlarla bağlı da gündəmə gəlib. Bəs bu qurumlar ləğv edisə, idarəetmədə nələr dəyişər? “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, Bakı meri Hacıbala Abutalıbov başda olmaqla, bu qurumlar tamamilə ləğv edilməlidir: “Bunlarla yazışmalarım gedir. Məktublar yazmışam, onları məhkəməyə verəcəm. Hətta Ombudsman Elmira Süleymanova belə kömək edə bilmir. Bu qurumlar yeyinti etməkdən başqa heç bir iş görmürlər. Bununla bağlı yazı da yazmışam. Prezident səviyyəsində müraciət etmişəm. Onların heç bir faydası yoxdur. Rayonların mövcud vəziyyətinə baxın. Hər şey batır. Nə qədər pullar təmir adı ilə yeyilib. Onlar nəyə lazımdır? Normal ölkələrdə yerli idarəetmə orqanları olmalıdır. Onları xalq seçir, onlar da xalq qarşısında məsuliyyət daşıyırlar. Azərbaycan hakimiyyəti 2000-ci ildə Avropa Şurasına üzv qəbul ediləndə öhdəliklər götürüb. Bələdiyyələr icra hakimiyyətlərinin nəzarətinə keçib. Halbuki, xalqın tabeçiliyində olmalıdır. Çünki onları xalq seçir, icra başçıları yox. Özü də başqa rayondan olan digər rayona icra başçısı təyin edirlər. Bu nə deməkdir? Yerli şəxs olmalıdır ki, öz doğma torpağı üçün işlər görsün. O zaman öz tanışları, yerliləri qarşısında məsuliyyət daşıyacaq. Bütün dünyada bu belədir. Ona görə də, Avropa günü-gündən çiçəklənir. Çox gecikmişik, təcili dəyişikliklərə getməliyik. Hakimiyyətin özü də bu qanunsuzluqların iştirakçısıdır. Mənimsənilən pullar yuxarılara da çatır. Bu hallara son qoymaq lazımdır. İqtisadi böhranın başvermə səbəblərindən biri də, məhz qeyd etdiyim amillərdir”. Hüquqşünas Müzəffər Baxış da icra hakimiyyətlərini əhəmiyyətsiz qurum adlandırdı: “1995-ci il 12 noyabrda qəbul edilmiş konstitusiyamız çox qüsurludur. Burada bir-birini təkzib edən müddəalar var idi. 142-ci maddədə göstərilir ki, yerlərdə özünü idarəetməni bələdiyyələr həyata keçirir. 124-cü maddədə isə göstərilir ki, yerlərdə icranı icra hakimiyyətləri həyata keçirir. Dünyada yerlərdə idarəetmə yerli idarəetmə orqanları tərəfindən həyata keçirilir. Bu idarəetmə həm ucuz başa gəlir, həm də səmərəlidir. Amma Azərbaycan Rusiyanın təcrübəsindən bəhrələnir. Bələdiyyələr ölkəmizdə formal bir quruma çevrilib. Yaxınlarda YAP-ın bir üzvü də etiraf etmişdi ki, yerlərdə icra başçıları bələdiyyələrin səlahiyyətlərini oğurlamaqla məşğuldurlar. İcra hakimiyyətlərinin heç bir effekti yoxdur”. Hüquqşünas icra başçılarının aldıqları maaşlara da toxundu: “Masallı Rayon İcra Hakimiyyətində 35-40 vəzifə var. Başa düşə bilmirəm ki, bu qədər şəxs nə ilə məşğuldur? Onlar yalnız seçkilər vaxtı yuxarıdan gələn tapşırıqları icra edirlər. Özü də böyük əməkhaqqı alırlar. Məsələn, Masallının icra başçısının əməkhaqqı 1500 manatdır. Hansı icra başçısı bu qədər məbləğlik iş görür? Buna görə də, tezliklə bütün icra hakimiyyətlərini ləğv etmək lazımdır. Çəkinmədən idarəetməni bələdiyyələrə vermək lazımdır. Dövlət büdcəmiz o zaman icra hakimiyyətlərinə ayrılan vəsaitlərdən də azad olar, iqtisadiyyatımız inkişaf edər. Sizi əmin edirəm ki, icra başçıları heç bir funksiya həyata keçirmirlər. Yollara ayrılmış müəyyən məbləği başçıya çatmalıdır, yol isə keyfiyyətsiz olmalıdır. Bunların gördükləri iş budur. Masallıda beş il öncə çəkilən yol indi dağılır. Çünki icra başçısı vəsaitin müəyyən hissəsini mənimsəyib. Bu kimi hallar bütün rayonlarda olur. İcra başçılarının hər kənd üzrə nümayəndələri var. Bunların funksiyası nədir? Yalnız ailə tərkibi haqqında arayış vermək. Buna görə belə vəzifələri saxlamağa nə ehtiyac var?”(musavat.com) Geri dön |