Gecə növbəsində işləyənlər ən ağır xəstəliklərə tutulur - Ekspertdən ÇAĞIRIŞ
Tarix: 25-12-2021, 10:19 | Çap et
Gecə növbəsində işləyənlər ən ağır xəstəliklərə tutulur - Ekspertdən ÇAĞIRIŞ

Epidemiologiya üzrə mütəxəssislərin araşdırmasına görə, orqanizmin bioloji saatının davamlı olaraq pozulması, məsələn, növbəli iş qrafikiylə çalışmaq gündə bir qutu siqaret çəkməyə bərabərdir. Gecə növbəsinin orqanizmə zərərini azaltmaq üçün bəzi addımlar atıla bilər. Mütəxəssislər gecə növbələrində 20-30 dəqiqə yatmağı məsləhət görür. Yetkin insanın orta hesabla 7-8 saat yuxuya ehtiyacı olduğu bilinsə də, hamının yuxu saatı eyni deyil. Üstəlik, gündüz yuxusu gecə yuxusundan daha keyfiyyətsiz olur.

Bu isə bədənin çox ehtiyac duyduğu istirahətdən məhrum olması deməkdir. Bəzi ölkələr gecə növbəsinin yaratdığı riskləri nəzərə alır. Uzun müddət gecə növbəsində işləmiş və xəstəliyə tutulmuş şəxslərə təzminat almaq hüququ tanınır. Bəs ölkəmizdə vəziyyət necədir?

Tanışlar, qohum-əqrəba arasında gecə növbəsində işləyənlərdən “vəziyyət necədir” soruşsaq, əksəriyyəti mənfi cavab verəcək, müəssisələrin istirahət, əmək haqqı məsələsində gecə növbəsi ilə gündüz növbəsinə heç bir fərq qoymadığını deyəcəklər. Qanunsa başqa şey deyir. Azərbaycanda gecə növbəsində işləyənlər üçün bir sıra güzəştlər nəzərdə tutulub:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrinə görə, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır! Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsində də qanun işçiyə imtiyazlar verir: Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir! Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə AR NK-nin müvafiq qərarı var.

Qərara görə, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq bu qərarla müəyyən edilmiş həddə, digər müəssisə, idarə və təşkilatlarda isə həmin həddən aşağı olmayaraq ödənilməlidir. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əmək haqqı büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda büdcə vəsaitləri çərçivəsində, digər müəssisə, idarə və təşkilatlarda isə öz vəsaitləri hesabına ödənilməlidir.

Göründüyü kimi, qanun işçinin tərəfindədir. O zaman niyə qanunlara əməl edilmir?

DİA.AZ-ın məlumatına görə, Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, pis qanun yoxdur, bütün qanunların yaxşı, müsbət tərəfləri var. Amma baxır bu qanunu kimlər necə icra edir:

- Əmək qanunvericiliyi gecə növbəsində işləyən işçiyə bir sıra imtiyazlar verir. Amma qanunun icrasına nəzarət edən yoxdur. Bir çox qanunlar natamamdır, Əmək qanunvericiliyinə də son 10-15 ildə 300-dək dəyişiklik edilib. Dəyişikliklərin əksəriyyəti də işəgötürənin xeyrinədir. Çünki parlamentdə əyləşənlərin 80 faizi leqal, ya qeyri-leqal işəgötürəndir. Baxmayaraq ki, qanun deputatın işəgötürən olmasını qadağan edir. Qanunlarda boşluq olsa da, yenə də işçinin mənafeyini müdafiə edən maddələr var. Qanunda gecə növbəsində işləyənlərə bir çox güzəşt və imtiyazlar nəzərdə tutulur. Gecə növbəsi ağır iş şəraiti hesab edilir. Gecə növbəsində işçi tək olmamalıdır. Gecə növbəsindəki işdə ən azı 2 nəfər işləməlidir. Məsələn, hasilat sənayesində fəhlə gecə növbəsində tək işləyir, halbuki qanunla bu, qadağandır. Amma baxın, idarə və müəssisələrdə o qədər ixtisarlar aparılıb ki, harda işçiyə ehtiyac var, orda çatışmazlıq yaranıb. Problem həm də nəzarətin olmamasındadır. Əmək qanunvericiliyinin icrasına ictimai nəzarət Həmkarlar İttifaqı, dövlət nəzarətini isə Əmək Müfəttişliyi icra etməlidir. Heç biri də vəzifəsinin öhdəsindən gələ bilmir, işçinin də hüquqları pozulur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net