Mikayıl Cabbarovun daha bir zəif nöqtəsi
Tarix: 10-02-2015, 18:46 |
Çap et
Bəzən, adam televizoru açmağına da peşman olur. Kiçik yaşlı bir uşaq, sanki lal-karları başa salan kimi əl hərəkətləri ilə hansısa hesablamalar aparır və hansısa nətıcə əldə edir. Daha sonra digər başqa bir uşaq, həmin əməliyyatı başqa riyazi rəqəmlər əsasında təkrarlayır. Prosesi son dərəcə diqqət və səbirsizliklə müşahidə edən şou əhli nümayəndələrindən olan hansısa bir müğənni xanım, sanki öz “təəccüb” və “heyrətini” gizləyə bilmir və bütün ekran qarşısındakı ızləyicilərə də öz övladlarını bu kurslara gətirmələrini tövsiyə edir.
Bəli, nə qədər cılız və qəribə görünsə belə, sən demə uşaqlarımızın yaddaş, qavrayış, məntiqi təfəkkür və bu kimi idrak fəaliyyətini və zehni düşüncəsinı inkişaf etdirmək üçün, “Mental Aritmetik” dərsləri keçmək və ya türk arkadaşlarımız demiş, Zinco Meqa balıq yağı kullanmaq kifayət imış. Hər halda, inansaq da, inanmasaq da qəbul etmək zorundayıq ki, övladlarımızın təhsili, zehni və fiziki inkişafı naminə bu qəbildən olan kurs və digər əlaqədar reklamların təsirinə düşmək, bunlara inam və ümid bəsləmək, artıq həyatımızın qaçılmaz reallığına çevrilib.
Əlbəttə, söhbət heç də belə kursların olub-olmamasından, çoxluğu və ya azlığından, onların geniş və bayağı reklam kompaniyasından getmir. Bizimkilər demış, “varlığa nə darlıq”.
Rusların da tərcüməsi dilimizdə təxminən “yağın şorbaya nə ziyanı” anlamına gələn “maslo kaşu ne portit”məsəlı nəzərə alınsa, bəlkə də bu məsələ hardasa mübahisə predmeti ola bilməz. Amma, di gəl, elə məsələlər var ki, hər hansı bir sağlam mübahisə, ilk baxışda kiçık və adi görünən məqamların üzərinə ışıq salınması, sonradan bu məqamların heç də düşündüyümüz qədər də kiçik və adi olmaması barədə əks fikir yarada bilər.
Çoxlarımıza bəllidir ki, müəyyən hazırlıq tələb edən situasiyalarla bağlı müxtəlif profilli kurslar əvvəllər də olub. Deyək ki, 80-ci illərdə 7 yaşdan 6 yaşa keçidlə əlaqədar 6 yaşlıların məktəbə psixioloj cəhətdən hazırlığını təmin etmək üçün, elə məktəblərin nəzdində hazırlıq qrupları təşkıl olunmuşdu. Kompüterlərın məişətimizə daxil olduğu ilk illərdə, yeni elektron texnologiyalara yiyələnmək üçün, idarə və təşkilatların əlaqədar işçiləri kompüter kurslarına cəlb olunurdu. Müəllimlər 5 ildən bir ixtisasartırma kurslarında oz peşə ixtisaslarını təkmilləşdirirdilər və s.
Lakin, bu kurslar kommersiya xarakteri daşıyıb, biznes alətinə çevrilməmişdi, təmənna məqsədi güdməyib, sırf funksional vəzifələri həyata keçirirdilər.
Maraqlı görünə bilər ki, bir vaxtlar texnıkum adlanan orta - ixtisas məktəbini bitirənlər, sonradan imperiya adlandıracağımız, dünyaya meydan oxuyan qüdrətli bir dövlətin ən ali rəhbərlikedici və istiqamətverici “Politbüro” deyilən Siyasi Bürosunda təmsil olunar, nəhəng bir dövlətin ictimai-siyasi, sosial-iqtisadi kursunu müəyyənləşdirərdilər. “Fezo” adlanan texniki-peşə məktəblərinin məzunları bir müddət sonra boyük zavod və fabpiklərə rəhbərlik edərdilər. Bu və buna bənzər digər faktlar mübaliğəsiz deməyə əsas verir ki, o dövrlərin orta ixtisas və texniki-peşə məktəbləri belə, yüksək ixtisaslı və təcrübəli kadrlar yetışdirə bilirdi. Hətta, o zaman Amerikanın ən nüfuzlu nəşrlərindən olan “Vaşinqton Post”qazeti, “Rus Ivan bildiyini amerikalı Con bilmır” başlıqlı geniş məqalə də dərc etdirmişdi. Həmin yazının rus dilində tərcümə variantını mərkəzı “Pravda” qazeti də vermişdi.
Elə, o dövrün nümayəndələri olaraq, bizlərin də ən yüksək səviyyədə bilik və bacarıqlara yiyələnmək sarıdan problemimiz olmayıb. Heç bir maneə ilə üzləşmədən uşaq bağçasına gedib, şən və qayğısız uşaqlıq həyatı yaşamışıq. Məktəbəqədər hazırlıq keçmədən birinci sinfə qədəm qoyub, əlimizdən tutub hərfləri yazmağı oyrədən müəllimlərimizin ağır və gərgin zəhməti hesabına yazı-pozu vərdişlərinə yiyələnmişik. Repetitor-filan bilmədən orta məktəbdə əldə etdiyimiz dərin və möhkəm biliklər sayəsində ali məktəbə daxil olmuşuq. Heç bir təlim, treninq, əlavə hazırlıq kurslarına ehtiyac duymadan Akademiya bitirmişık. İşə qəbul olunarkən bizi müsabiqəyə, müsahibəyə, imtahana çəkməyiblər, qarşımıza əlavə öhdəliklər və digər şərtlər qoymayıblar.
İndi, bakalavriat və maqistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib.Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. Işdir, sənə hansısa bir ış təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq. Təkcə bu deyil. Birinci sinfə qədəm qoymaq ücün məktəbəqədər hazırlıq mərhələsini keçməlisən, yazmağı, oxumağı, şer söyləməyi bacarmalısan. Hətta, adi uşaq bağçasına belə, erkən yaş dövründən uşağın intellektual, fiziki və psixi inkişafı ilə əlaqədar valideyn qarşısında müəyyən şərtlər qoymadan qəbul etmirlər. Məni qınamayın, belə getsə, bir müddət sonra uşaqlarımızın hazırlığını ana bətnində kompüter vasitəsi ilə yoxlayıb, daha sonra onların dünyaya gəlməsinə razılıq verəcəyik.
Əgər “Kaspi”, “Araz”, “Zəfər”, “Zirvə”,”Tərəqqi”,“Hədəf”, “Meridian”, və digər bildiyimiz və bilmədiyimiz, saysız-hesabsız hazırlıq kursları ən tanınmış təhsil müəssisələrimizdən daha cox içtimaiyyətə tanışdır və daha böyük nüfuza malikdir desəm yəqin ki, buna təəccüblənən o qədər də çox olmaz. Bu adı sadalanan və sadalanmayan kurslar məktəbəqədər hazırlıqdan tutmuş, dil, kompüter, abitturiyent, maqistr da daxil olmaqla, müəllimlərin işə qəbul olunmasına qədər bütün hazırlıq fəaliyyəti ilə bağlı məsələlərlə məşğuldurlar. Niyə? Çünki övladlarımızın təhsilini, təlim və tərbiyəsini etibar etdiyimiz təhsil müəssisələri etibarı doğrultmaq, öz vəzıfə borclarınını tələb olunacaq səviyyədə yerinə yetirmək iqtidarında deyillər.
Nə baş verir? Bəlkə, birdən-birə dəb xətrinə qərb təhsilinə sıçrayış etməklə tələskənliyə yol vermişik? Onun prinsip və metodlarını hələ tam mənimsəməmışik, məqsəd və vəzifələrinə düzgün əməl etmirik? Bəlkə, mənəvıyyatı bir kənara qoyub, maddiyyata olan ifrat maraqlarımız təhsilimizin öz axarı ilə getməsinə, məcrasına yönəlməsinə imkan vermir? Bəlkə, korporativ maraqlarımız təhsil qanunvericiliyimizi üstələyir? Bəlkə, elə bunun da günahı, bütün günahları üstünə yıxmağa alışdığımız zəmanədədir?
Zəmanəni günahkar hesab edəcəyiksə, elə bizə məlum olan bütün zamanlarda təhsilin məqsədi dəyişılməz qalaraq sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq olub. Onda elə çıxır ki, kadrlara təlabat azalmasına rəğmən tələblər artıb. Əgər yüksək ixtisaslı, bacarıqlı, təcrübəli, hərtərəfli hazırlığa malik kadrlara ehtiyac zamanın tələbidirsə, onda bu artan tələblər məhz bu xüsusiyyətləri aşılamalı, müasir terminologiya ilə desək standartlara cavab verə biləcək yüksək kadr hazırlığını həyata keçırməyə qanunvericiliyə əsasən bilavasitə borclu olan müvafiq təhsil müəssisələrinə niyə şamil edilmir?
Əgər,Təhsil haqqında Qanuna əsasən, ibtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və hesablamaq bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət, təbiət haqqında ilkin həyati biliklər formalaşdırmaqdırsa və bu kimi ilkin bacarıqlar və biliklər məktəbəqədər hazırlıq qrup və ya kurslarında artıq qabaqcadan formalaşdırılırsa, onda təkrarən birinci sinifdə əlavə vaxt itkisinə nə ehtiyac ola bilər? Əgər, tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətlərinin reallaşması, müstəqil həyata və peşə seçiminə hazirlanması və s.təmin olunursa, bu səviyyədə təhsilalanların biliyinin qiymətləndirilməsinin dövlət attestasiyası keçirilirsə, attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd-attestat verilirsə,bu halda onların əlavə və yardımçı hazırlığa ehtiyac zərurəti hardan meydana gəlir?
Bakalavriat təhsil səviyyəsində ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genış profilli ali təhsilli mütəxəssislər hazırlanırsa, bakalavriat təhsili başa çatmış ali təhsildirsə, bakalavriatı bitirən məzunlara bakalavr ali peşə ixtisas dərəcəsi verilirsə,bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər fəaliyyət sahələrini əhatə edirsə, nədən maqistratura pilləsini dəbə mindirib, bakalavrlara qıyqacı-qıyqacı baxırıq, maqistratura bitirənlərə, əlavə hazırlıq kurslardan sertifikat alanlara üstünlük veririk, ali peşə-ixtisas dərəcəsi ilə ali elmi-ixtisas dərəcəsinin fərqinə varmırıq? Məgər, məqsədimiz təkcə alim ordusu yetişdirməkdir, yoxsa bütün iş yerlərimizdə elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq tələb olunur?
.Məlum olduğu kimi,“Təhsil haqqında”, eləcə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunlarının ”Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası“nın müvafiq müddəalarına uyğun olaraq insan resursları sahəsində təhsil sisteminin başlıca vəzifəsi, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazirlamaqdır.Belə çıxır ki, təhsil müəssisələrimiz yarımçıq nəzəri biliklərdən savayı, praktik vərdışlər aşılamaq imkanlarına malik olmayıb, öz yetirmələrındə asılılıq yaradaraq onların əlavə kurslarla baş- başa qalmasına şərait yaradırlar.Buna dilimizdə bir güllə ilə iki quş vurmaq deyirlər.
Təhsilə dair müvafiq qanun və qaydalar qəbul edirik, sonradan bunların işlək mexanizminin olmamasından gileylənirik.Yənı, bu mexanizmləri işlək vəziyyətə gətirmək bu qədərmi çətindir, bu işdə bizə mane olan nədir? Qanunlarımızı bir çox halda görüntü yaratmaq vasitəsinə çevirərək, qanunun aliliyinə istinad etməkdən niyə çəkinirik? Təhsil haqqında “Qanun”a “Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” barədə xüsusi maddə (maddə 42) salındığı halda, təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nətıcəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edilərkən, kimi cəzalandırmışıq, hansı müvafiq icra orqanı tərəfindən vurulmuş zərərin ödənilməsi barədə məhkəmə iddiası qaldırmışıq?
Son olaraq qeyd etmək yerinə düşərdi ki, Təhsil haqqında Qanununun 1.0.43. maddəsinə əsasən “Təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənımsənilməsi prosesi və onun nətcəsi” kimi müəyyənləşdirilib.Elə isə, nəticəsi olmayan hansı təhsildən danışırıq. Təhsilimizin hazırki durumunun bircə adı var: Əlavə hazırlıq keçilmədən keçinməyən təhsilimiz.
Nadir İsrafilov, təhsil eksperti