Rusiyanın Qarabağa girməsi NONSENSDİR - “Real təhlükə qalır"
Tarix: 18-01-2021, 13:06 | Çap et
Rusiyanın Qarabağa girməsi NONSENSDİR - “Real təhlükə qalır"
Ermənilərin xislətləri, o cümlədən hiyləgərlikləri, naxələflikləri geridə qoyduğumuz İkinci Qarabağ savaşında bir daha üzə çıxdı. Ona görə “naxələflikləri” deyirəm ki, hətta onlara dövlət quran Rusiyadan belə, uzaqlaşmağa, necə deyərlər, öz talelərini özləri həll etməyə çalışdılar. Bununla da guya hansısa imic yaratmaq istəyirdilər. Amma, əlbəttə, faydası olmadı. Nə qədər maskalanırlarsa, maskalansınlar, onların tarixin qarşısında üzləri qaradır və bu, həmişə belə olacaq. Tarixçilər, hərbi jurnalistlər ermənilərin törətdikləri vəhşiliklərə, qətliamlara yaxşı bələddidər. Həmin mütəxəssislər işğalçı ermənilərin ayrı-ayrı vaxtlarda törətdikləri vandalizmlərə əsaslanaraq bu xalqı nələrin gözlədiyini indidən təxmin edə bilirlər.

Türkiyəli hərbi jurnalist, Azərbaycan 20 Yanvar və Xocalı soyqırımılarını işıqlandıran, Bakıdaykən “Avrasiya” qəzetinə baş redaktorluq etmiş və hazırda Vaşinqtonda yaşayan İrfan Sapmaz da belə peşəkarlardandır. O, Qarabağ savaşı və müharibənin nəticələri barədə “Sherg.az”ın suallarını cavablayıb:

- Sizcə, Qarabağ savaşının yenidən başlanması şərt idi?

- Mövcud reallıqları nəzərə alsaq, düşünürəm ki, bəli. Belə bir müharibə gec-tez başlanmalı idi. Bu gün olmasa da, 50-60 il sonra olacaqdı. Çünki qisas heç vaxt qiyamətə qalmayıb və qalmaz.

-10 noyabr bəyənatını necə qiymətləndirirsiniz?

- Burada iki məqam var. Üç rayonun bircə güllə belə atılmadan, itkisiz Azərbaycana qaytarılması, əlbəttə, yaxşıdır. Rus sülhməramlılarının bölgəyə yerləşməsi isə ürəyimizcə deyil. Yəni əslində bu iki şərt bir-birinin müqabilində reallaşdı. Rusiyanın təxminən 75 il Azərbaycanın başına hansı işlər gətirdiyini gənc nəsil bilməsə də, orta və yaşlı nəsil yaxşı xatırlayar. Odur ki, hələ də real təhlükə var. Biz bunu bilməli və ehtiyatı əldən verməməliyik.

- Bildiyiniz kimi, Qarabağdakı sülhməramlılar tərəf tutmaqla məşğuldurlar. Bunun qarşısını almaqdan ötrü nə etməliyik?

- Bundan sonra ən azı beş il müddətində rusları ərazidən çıxarmaq, demək olar, mümkünsüzdür. Hərçənd, biz bununla barışa bilmərik. Şəxsən mənim ruslara güvənim yoxdur. Tarix göstərir ki, onların iştirak etdikləri istənilən razılaşma sonradan problemlə nəticələnib. İnşallah, bu dəfə pis nəticəsi olmaz.

- Elə isə Kremlin istədiyi nə idi?

- Qarabağa girmək. Onu nə Azərbaycanın şəhidləri, nə də Ermənistanın ölüləri maraqlandırır. Sadəcə öz ambisiyalarını düşünür. Dediyim kimi, istədiyi Qarabağa girmək idi və faktiki olaraq bunu bacardı. Moskvanın ilk vaxtlardakı səssizliyi də təsadüfi deyildi.

- Ermənistan baş naziri Nikol Paşinyan yanvarın 11-də keçirilən üçtərəfli görüşdə Qarabağ məsələsinin hələ bitmədiyini deyib. Bu ifadə barədə nə düşünürsünüz?

- Düşmən ona dəymiş ağır zərbəni unutmayacaq. Dünyanın bir çox “qaynar nöqtələrində” olmuş hərbi jurnalist kimi ermənilərin bundan sonra Qarabağda təxribatlar, lokal toqquşmalar başladacağını düşünürəm. Və Rusiya qarşı tərəfi dəstəkləyərək Azərbaycanı “küncə sıxışdırmağa” çalışacaq. Ermənilər hələ ümidlərini itirməyiblər. Onlar ilk fürsətdə hücuma keçəcəklər.

- Sizcə, ABŞ-dakı prezident dəyişikliyinin Cənubi Qafqaz regionuna təsiri nədən ibarət olacaq?

- Düzü, ciddi dəyişikliyin olacağını düşünmürəm. Ən azından ümidli olmağa dəyməz. Baydenin erməni “soyqırımını” dəstəklədiyi məlumdur. Yəni əslində təzyiqlər daha da arta bilər.

- Yaxın aylar üçün hadisələrin inkişafını necə görürsünüz?

- Azərbaycan bütün imkanları ilə ən qısa zamanda Dağlıq Qarabağda möhkəmlənməyə çalışmalıdır. Əhalinin köçürülməsi və yenidənqurma işləri sürətlə həyata keçirilməlidir. Əraziyə Azərbaycan silahlı qüvvələri nəzarət etməli, minalar təmizlənməlidir. Və ermənilər başa düşməlidir ki, onlar üçün iynə ucu qədər də ümid yoxdur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net