ADB: Özəl sektor Azərbaycanda alternativ enerjiyə yatırımlarda maraqlıdır
Tarix: 8-07-2020, 20:22 | Çap et
ADB: Özəl sektor Azərbaycanda alternativ enerjiyə yatırımlarda maraqlıdır

“Report” Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Manafbekovla müsahibəsini təqdim edir.

- ADB-nin texniki dəstəyi ilə Energetika Nazirliyi “Üzən Günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihəsini həyata keçirir. Bu layihə çərçivəsində hansı işlər görülür?

- Texniki dəstəklə bağlı regional proqram çərçivəsində ADB Böyükşor gölündə Günəş elektrik qurğusunun layihələndirərək tikintisinə maliyyə ayırıb. Üzən Günəş panelləri ilə bağlı biliklər mübadiləsi məqsədilə cari ilin mart ayında Azərbaycan nümayəndə heyətinin bir sıra Asiya və Avropa ölkələrinə səfəri nəzərdə tutulurdu, lakin koronavirus pandemiyası üzündən bu məsələ təxirə salındı.

- Bəs gələcəkdə ADB-nin bərpa olunan enerji ilə bağlı layihəyə kredit ayırması ehtimalı nə qədərdir?

- Hökumət tərəfindən belə bir sorğu gələrsə, ADB məsələyə baxaraq müvafiq şəkildə dəstək zərfini təqdim edəcək. Belə ki, inkişaf edən üzv ölkələrdə bərpa olunan enerji istehsalının inkişaf etdirilməsi ADB üçün öncül məsələlərdən biridir. Bundan əlavə, hökumət belə bir layihənin Dövlət Özəl Tərəfdaşlığı vasitəsilə daha da genişləndirilməsi imkanından da yararlana bilər. Bildiyimiz kimi özəl sektor nümayəndələri alternativ enerji mənbələrinə, o cümlədən də üzən Günəş panellərinin tətbiqinə sərmayə yatırmaqda maraqlıdır. ADB tərəfindən Dövlət Özəl Tərəfdaşlığının İnkişafı Mərkəzinin potensialını artırmağa yönələn daha bir qrant yenicə təsdiqlənib. Bu qrant çərçivəsində həm də Dövlət Özəl Tərəfdaşlıq mexanizmi vasitəsilə həyata keçiriləcək layihələrin incələnərək seçimi həyata keçiriləcək.

- Azərbaycanda alternativ enerji mənbələrinin, o cümlədən üzən Günəş panellərinin inkişaf perspektivini necə dəyərləndirirsiniz?

- Ölkənin enerji sistemini şaxələndirmək istiqamətində hökumətin atdığı addımlar ADB tərəfindən dəstəklənib və dəstəklənir. Son vaxtlara qədər ADB yüksək gərginliyə malik elektrik xətlərinin, elektrik enerjisinin paylaşma şəbəkələrinin tikintisi, enerji infrastrukturu ilə bağlı başqa tikinti işləri üçün maliyyə ayırıb. Hazırda isə enerji sektorunun inkişafına cavabdeh olan qurumlara hərtərəfli məsləhət dəstəyi verilir. Məsələn, ADB tərəfindən elektrik enerjisi bazarı yaratmağa, tariflər müəyyənləşdirməyə dair qabaqcıl təcrübəni öyrənmək üçün vəzifəli şəxslərin Böyük Britaniya, Almaniya, Avstraliya kimi ölkələrə tanışlıq səfərlərinə maliyyə ayrılıb. Həmçinin ADB-nin maliyyəsilə keçirilən təmiz enerji və Günəş enerjisilə bağlı illik Asiya forumlarında Azərbaycan nümayəndələri də iştirak ediblər. Böyükşorda Günəş elektrik enerjisilə bağlı pilot layihəsi baş tutsa, burada toplanan təcrübə ölkənin regionlarında, daha böyük hövzələrdə daha geniş miqyasda tətbiq edilə bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net