Tərtər rayonunda 2018-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
Tarix: 13-02-2019, 15:18 | Çap et
Tərtər rayonunda 2018-ci ilin yekunlarına həsr olunan hesabat  yığıncağı keçirilib
Tərtər rayonunda tikinti-quruculuq və abadlıq işləri 2018-ci ildə də davam etdirilib. Bu dövrdə 36 milyon 326,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 8 milyon 128,6 min manatlıq əsas fondlar istifadəyə istifadəyə verilib.

Bu barədə rayonda 2018-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağında bəhs edilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2018-ci ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal edilən məhsullara və video-slayda baxıblar.

Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirilib ki, 2018-ci ildə də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Tərtər şəhərində və kəndlərdə geniş tikinti quruculuq işləri aparılıb.

Hesabat dövründə dövlət başçısının Sərəncamına uyğun olaraq Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binasının fasad hissələri və giriş blokları əsaslı təmir olunub, həyətlərinə 48 min kvadratmetr asfalt örtüyü salınıb. Şəhərin N.İsgəndərov, N.Nərimanov, Q.Mehdiyev, M.Hüseynzadə, Ə.Paşayev küçələrində abadlıq və yenidənqurma işləri, Heydər Əliyev parkında əsaslı təmir işləri aparılıb.

Tərtər şəhərində 100 yerlik körpələr evi-uşaq bağçası, Ağkənd kəndində kitabxana binası tikilib istifadəyə verilib. Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər quraşdırılıb. Şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin binaları, Qaradağlı kənd tam orta məktəbin 5 sinif otağı əsaslı təmir olunub. Uzunluğu 21,5 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolu yenidən qurulub, Rayonun 14 kəndində yerli əhəmiyyətli avtomobil yollarında təmir-bərpa işləri aparılıb. Mamırlı, Poladlı, Evoğlu və Təzəkənd kəndlərində içməli su təminatı layihəsinin icrasına başlanılıb. “Azərxalça” ASC-nin Tərtər filialının tikintisi başa çatdırılıb. Hazırda Olimpiya İdman Kompleksinin, Bayraq Muzeyinin, rayon icra hakimiyyətinin yeni inzibati binasısının tikintisi, Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta məktəbləri üçün modul tipli məktəblərin quraşdırılması davam etdirilir.

Qeyd olunub ki, 2018-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi 174,6 milyon manat olub. 14 milyon 751,3 min manatlıq sənaye, 64 milyon 396,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 38 milyon 234,6 min manat investisiya yönəldilib. 563-ü daimi olmaqla, 4380 yeni iş yeri açılıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlar üçün yerlərdə şərait yaradılması barədə tapşırıqları Tərtər rayonunda diqqət mərkəzində saxlanılır. Rayonda sahibkarlara verilən güzəştli kreditlərin məbləği, eləcə də kənd təsərrüfatı, ticarət və xidmət sahələrinə yönəldilən investisiyanın həcmi ildən ilə artır. 2018-ci ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun müvəkkil olduğu kredit təşkilatları tərəfindən kənd təsərrüfatı sahəsində müxtəlif layihələr üzrə 16 nəfər sahibkara 397 min manat güzəştli kreditlər verilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində 98 yeni iş yerinin açılması nəzərdə tutulur.

2018-ci ildə sahibkarlar tərəfindən rayon iqtisadiyyatına qoyulan investisiyaların həcmi artaraq 2 milyon 795 min manat təşkil edib. Rayonun Xoruzlu kəndində “Aqropat” MMC tərəfindən intensiv bağçılıq təsərrüfatı salınıb. “Azaqrokənd” MMC tərəfindən Soyulan kəndində istixana kompleksi yaradılır.

Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan bəhs olunarkən bildirilib ki, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2017-ci ildə qazılmış 7 ədəd subartezian quyusu 2018-ci ildə istismara verilib, 13 yeni subartezian quyusu qazılıb.

Rayon üzrə 2018-ci ilin məhsulu üçün 26 min 109,3 hektar sahədə kənd təsərrüfatı bitkiləri becərilib. 30 min 984,4 ton buğda, 13 min 190,8 ton arpa, 14 min 237,2 ton tərəvəz, 5 min 483,6 ton kartof, 29 min 928 ton şəkər çuğunduru istehsal edilib.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Tərtər rayonunda pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Keçən il rayonda 3300 hektar sahədə pambıq becərilib, hər hektardan orta hesabla 25 sentnerə qədər məhsul götürülüb. 2014-2018-ci illərdə pambığın əkin sahəsi 3,6 dəfə, məhsul istehsalı 4,1 dəfə, hər hektardan məhsuldarlıq 13,2 faiz artıb.

İpəkqurdunun yem bazasını təmin etmək üçün son 3 ildə 223 min 357 ədəd tut tingi əkilib. Rayon kümçüləri tərəfindən keçən il 10 min 300 kiloqram barama istehsal edilib.

Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həllindən və 2019-cu ildə görüləcək işlərdən danışılıb.

Hesabat yığıncağında regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramına yekun vurulduğu da vurğulanıb. Qeyd olunub ki, Dövlət Proqramında rayonumuz üçün nəzərdə tutulmuş bütün tədbirlər müvəffəqiyyətlə icra olunub.

Ümumilikdə, 2014-2018-ci illərdə rayonumuzda 12 məktəb, 3 körpələr evi-uşaq bağçası, 9 inzibati bina, 1 tibb məntəqəsi tikilib və ya əsaslı təmir edilmiş, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli bina və 14 nəfərə fərdi yaşayış evi, Uşaq gənclər Şahmat məktəbi, Tarix-diyarşünaslıq muzeyi, 1176 məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli binalar tikilmiş, 2 ədəd strateji əhəmiyyətli körpü inşa edilib istifadəyə

verilmişdir. Tərtər şəhərinin içməli su və kanalizasiya sistemi qurulmuş, 15 kənd içməli su ilə təchiz olunmuşdur. 112 ictimai yaşayış binasının dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir olunmuş, həyətlərinə asfalt salınmış, 4 küçədə abad məhəllə yaradılmış, 2 mini futbol meydançası quraşdırılmışdır. Rayon icra hakimiyyətinin qarşısındakı mərkəzi meydan və Heydər Əliyev parkı yenidən qurulmuşdur. Bundan başqa şəhərin 36 küçə və meydanlarında təmir-abadlıq işləri aparılmış, asfalt örtüyü qoyulmuşdur. Təmas xəttində yerləşən 5 kənddə gecə işıqlanması sistemi quraşdırılmışdır. 2016-cı ilin aprel hadisələri zamanı 17 yaşayış məntəqəsində 256 fərdi yaşayış evinə dəymiş ziyan aradan qaldırılmışdır. Rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zoladlarında 35 mindən çox müxtəlif növ ağaclar, 6 min gül kolları və 650 min ədəd həmişəyaşıl kolları əkilmişdir.

Rayon üzrə məhsul buraxılışının həcmi 62,1 faiz, sənaye məhsulunun həcmi 2,3 dəfə, əsas kapitala yönəldilən investisiyalar 2,8 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 45,6 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 34,3 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 47 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 28 faiz artmışdır. Son 5 ildə rayon iqtisadiyyatına və sosial sferanın bütün sahələrinə 299 milyon manat investisiya qoyulmuş, 167,1 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir.

Məruzə ətrafında Rayon Polis şöbəsinin rəisi, polis-polkovniki Elçin Qasımov, Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon Şöbəsinin müdir əvəzi Anar Rüstəmov, Subartezian Quyularının İstismarı İdarəsinin baş mühəndisi İltifat İsmayılov, Bəyimsarov kənd sakini-fermer Fazil Vəliyev, Tərtər özünümüdafiə bataliyonunun sabiq qərərgah rəisi, Qarabağ müharibəsi veteranı Pənah Məmmədov çıxış ediblər.

Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, habelə qarşıda duran vəzifələrdən danışıblar. Sonda qərar layihəsi oxunub, iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Tədbirdə rayon icra hakimiyyəti tərəfindən 2018-ci ildə kənd təsərrüfatı sahəsində fərqlənən bir qrup sahibkara Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net