Tərtərdə Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi
Tarix: 5-10-2018, 12:42 | Çap et
Tərtərdə Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi
Tərtərdə 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Mərkəzi Meydanda ucalan abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirildi.

Tədbiri giriş sözü ilə rayon Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev açaraq tədbir iştirakçılarını Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik etdi, Respublika Prezidentinin milli təhsilə göstərdiyi diqqət və qayğıdan danışaraq rayonun təhsil sahəsində qazandıqları uğurlardan söhbət açdı.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllimləri peşə bayramları münasibəti ilə təbrik etdi. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi təhsil sahəsinin də inkişaf etməyə başladığını, Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd etdi. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsini, təhsilin inkişafına, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması məhz müəllimlərimizin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürü olduğunu vurğuladı. Ümumtəhsil ocaqlarının müasirləşdirilməsi və yeniləşdirilməsində Heydər Əliyev Fondunun da xidmətlərinin misilsiz olduğunu bildirdi.

Rayon rəhbəri qeyd etdi ki, son 10 ildə rayonda 20 məktəbdə yeni məktəb tikintisi və yenidənqurulma işləri aparılmışdır. Bundan başqa şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri aparılmış, Bayandur kənd ibtidai, Şıxarx 1 saylı tam orta və Poladlı kənd ümumi orta məktəbləri üçün modul tipli məktəblər quraşdırılmışdır.

Hazırda isə Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin quraşdırılması üçün hazırlıq işləri aparılır.

Rayonun təhsil işçilərinin əldə etdiyi nailiyyətləri qeyd edən rayon rəhbəri bildirdi ki, təhsil işçilərinin bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd etməyə haqları var. Bu il rayonumuzdan ali təhsil ocaqlarına sənəd verən 363 nəfərdən 224 nəfəri ali (onlardan 191 nəfəri bu ilki, 33 nəfər isə əvvəlki illərin məzunlarıdır), 100 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Onlardan 10 nəfəri 600-dən yuxarı, 19 nəfəri 500-dən yuxarı bal toplamışdır. 1 nəfər C.Naxçıvaniski adına hərbi liseyə daxil olmuşdur..

Müəllimlərimizin əməyinə verilən qiymətin bariz nümunəsidir ki, ümumtəhsil məktəblərində çalışan müəllimlərdən 6 nəfəri “Əməkdar

müəllim” fəxri adına, 7 nəfəri “Tərəqqi medalı”na layiq görülüb, 4 nəfər Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

Dünən isə respublika Prezidentinin Sərəncamı ilə şəhər 6 saylı tam orta məktəbin müəllimi Tahirə Quliyeva “Əməkdar müəllim” adına layiq görülüb.

Sonda rayon rəhbəri bir daha müəllimləri peşə bayramları münasibəti ilə təbrik etdi, onlara gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etməyi arzuladı.

Tədbirdə çıxış edən Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, şəhər 6 nömrəli tam orta məktəbin müəllimləri Mülayim Məmmədova, Xalidə Quliyeva, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Fazilə Kərimova, Güləbatlı kənd tam orta məktəbinin müəllimi Vəfa Quliyeva, Umudlu kənd tam orta məktəbinin müəllimi Gülgün Əliyeva çıxış edərək bayram sevinclərini bölüşdülər.

Sonra icra başçısı bir qrup müəllimə rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və təhsil şöbəsi tərəfindən Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim etdi.

Tədbir konsert proqramı ilə davam etdirlidi.
Vertikal.Az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net