Əli Həsənov məcburi köçkünlər üçün inşa olunan yaşayış məhəlləsində aparılan tamamlama işləri ilə maraqlanıb
Tarix: 10-11-2017, 18:24 | Çap et
Əli Həsənov məcburi köçkünlər üçün inşa olunan yaşayış məhəlləsində aparılan tamamlama işləri ilə maraqlanıb
Tərtərdə 1176 məcburi köçkün ailəsi üçün salınan yaşayış məhəlləsində tikinti işləri başa çatıb. Yaşayış məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası çərçivəsində inşa olunub.

Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dördotaqlıdır. Yaşayış məhəlləsində yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi başa çatıb. Bütün infrastruktura malik məhəllədə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb.

Noyabrın 10-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaşayış məhəlləsinə baş çəkib, aparılan tamamlama işləri ilə maraqlanıb.

Baş nazirin müavini Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və tikinti şirkətlərinin rəhbərləri ilə birlikdə əvvəlcə yaşayış binalarındakı mənzillərdə yaradılan şəraitlə tanış olub. Bütün mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz edilib.

Musiqi məktəbinə gələn Baş nazirin müavininə bildirilib ki, təhsil ocağı fərdi və qrup məşğələ otaqlarından, akt zalından, inzibati və xidməti otaqlardan ibarətdir. Məktəbdə şagirdlərə fortepiano, tar, qarmon, nağara, saz ixtisasları üzrə musiqi təhsili veriləcək.

Əli Həsənov yaşayış məhəlləsində inşa edilən 280 yerlik uşaq bağçasında görülmüş işlərlə də maraqlanıb. Məlumat verilib ki, bağçada 12 qrup fəaliyyət göstərəcək. Oyun, rəqs və idman zalları, həkim otağı, camaşırxana, mətbəx, anbardan ibarət bağçanın binası zəruri avadanlıqla təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb.

Min iki yüz şagird yerlik məktəb binası ilə tanışlıq zamanı bildirilib ki, yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait var. İdman zalı, 700 yerlik akt zalı, 400 yerlik yeməkxana, fizika, kimya, biologiya laboratoriyaları, informatika və sinif otaqları, kitabxana və sairdən ibarət məktəb istilik, müşahidə sistemləri, internetlə təmin edilib.

Baş nazirin müavini yaşayış məhəlləsinin yüksək keyfiyyətlə təhvil verilməsi üçün icraçılara tapşırıq və tövsiyələrini verib. İnşaatçılarla söhbət zamanı Əli Həsənov respublikamızda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən iri layihələrdən danışıb, Heydər Əliyev neft strategiyasının əsasını təşkil edən “Əsrin kontraktı”nın uzadılmasının, TAP və TANAP layihələrinin uğurla icra olunmasının, bu günlərdə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli və uzunmüddətli inkişafını təmin edən siyasi kursunda insan amili, ölkə vətəndaşının layiqli rifah səviyyəsinin təminatı ön planda dayanır. Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov sonra Tərtər rayonunun Şıxarx qəsəbəsinə gedərək, “Marağa-150” abidəsi ətrafında aparılan tikinti-abadlıq işləri ilə tanış olub.

Mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin tapşırığı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onun ətrafında abadlıq işləri aparılıb, yerə tamet döşənib, əraziyə hasar çəkilib, işıqlandırma sistemi quraşdırılıb. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar Dövlətqaçqınkom tərəfindən arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub. Erməni yalanını ifşa edən bu abidə ölkəmizə səfərə gələn insanlara, o cümlədən səfirlərə, xarici mətbuat nümayəndələrinə göstəriləcək.



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net