Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib
Tarix: 25-04-2017, 16:42 | Çap et
Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib
Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) XXIII hesabat-seçki konfransı keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın "APA-Economics"ə verdiyi məlumata görə, MHRİK-in sədri Fəzail Bağırov “Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) 2012-ci ilin aprel ayından 2017-ci ilin aprel ayına qədər olan dövr üçün hesabat” məruzəsi ilə çıxış edib.

F.Bağırov çıxışı zamanı son iki il dəmir yolunun tarixindəki islahatlar mərhələsindən danışıb. Bildirib ki, hörmətli Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin olunması ilə bu qurumun tarixində yeni və ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb. Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi, infrastrukturun müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilir. QSC beynəlxalq və regional layihələrin reallaşması prosesində yaxından iştirak edir.

Bütün bu işlərdə MHİRK QSC rəhbərliyi ilə əlbir fəaliyyət göstərir. Bu illər ərzində Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi dəmir yolunda həyata keçirilən islahatlara daim yardımçı olub, dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində bir çox layihələr həyata keçirir.

Bu işlərin həyata keçirilməsində gənc kadrların irəli çəkilməsi və onların əməyə sövq edilməsi olduqca sevindirici haldır. Kadrların düzgün seçilib yerləşdirilməsi Cəmiyyət rəhbərliyi ilə MHİRK arasında bağlanmış sazişə müvafiq qaydada həyata keçirilir.

Konfransın işində iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, AHİK-in sədri Səttar Mehbalıyev, tədbirə qonaq qismində qatılan Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının baş katibi Gennadi Kosolapov, Rusiya Dəmiryolçularının və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqının sədr müavini Natalya Burova, Oktyabr Dəmir Yolu Həmkarlar İttifaqının sədr müavini Tatyana Şebalova çıxış edərək, MHİRK-in beşillik fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra MHİRK-in təsis etdiyi “İlin ən yaxşı müəssisəsi” müsabiqəsinin qaliblərinə qiymətli hədiyyələr, bir qrup həmkarlar fəalına AHİK-in fəxri-fərmanları təqdim olunub.
Fəzail Bağırov növbəti dəfə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net