Ana Sayfa > Sosial / Manşet > Ağdamda məmurlar narazılıq yaradır

Ağdamda məmurlar narazılıq yaradır


4-02-2016, 09:18. Yazar: admin
Ağdamda məmurlar narazılıq yaradır
Artıq neçə müddətdir ki, redaksiyamıza Ağdam RIH-nin başçısı Raqub Məmmədov tərəfindən yol verilən çoxsaylı qanun pozuntularından bəhs edən məlumatlar daxil olmaqdadır. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da qeyd etdiyimiz kimi, bu gün Ağdamın icra başçısının rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanlar rayonun təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib. Bu barədə bizimdovr.az-a daxil olan açıqlamalarda bildirilir. “Bizim Dövr”ün 23.01.2016-cı il tarixli sayında dərc etdiyimiz “Raqub Məmmədov Ağdamı talan edir” sərlövhəli materialda icra başçısının rayonun DSMF şöbəsinin, həmçinin mədəniyyət və səhiyyə sahələrinin fəaliyyətlərinə etdiyi fəal müdaxilələrin dağıdıcı təsirindən söz açmışdıq. Mövzunu davam etdirərək, bu günkü sayımızda da Ağdamın təhsil sahəsinin hazırda düşdüyü durum barədə əldə etdiyimiz bəzi məlumatları təqdim etmək istəyirik. İlk növbədə qeyd edək ki, Ağdam Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elmira Şükürova işdən çıxarıldıqdan sonra, altı ay müddətində bu vəzifə boş qalmışdı. Bəzi mənbələr iddia edirlər ki, bir müddət əvvəl həmin vəzifəyə təyin olunmuş Quzanlı qəsəbə uşaq bağçasının müdiri Mətanət Misirxanova bu məqsədlə Raqub Məmmədova külli-miqdarda pul ödəmişdir. Lakin icra başçısının Ağdamın təhsilinə vurduğu ziyan barədə bir müddət bundan əvvəl rayon ziyalılarının ölkə rəhbərliyinə ünvanladıqları müraciətlərində daha ətraflı bəhs olunmuşdu. Müraciətdə deyilirdi ki, Raqub Məmmədov Ağdam rayonuna İcra Başçısı təyin olunan vaxtdan bəri Ağdam təhsili faciəli günlərini yaşayır. Belə ki, vaxtaşırı məktəblərdən müxtəlif adlarda pulların yığılması, məktəb direktorlarının şantaj edilərək vəzifəsindən uzaqlaşdırılması kimi hallar Ağdam təhsilini yarımcan vəziyyətə salıb. Müraciətdə həmçinin xüsusilə vurğulanmışdı ki, Raqub Məmmədov məhz sabiq MT naziri Eldar Mahmudovun köməkliyi ilə rayona icra başçısı təyin olunmuş, işlədiyi müddətdə idarə-müəssisə rəhbərlərinin telefon danışıqlarını dinlətdirərək onlardan külli miqdarda pul almışdır. Daha sonra müraciətdə Raqub Məmmədovun bilavasitə Ağdam təhsilinə növbəti zərbəsi kimi başçının Mətanət Misirxanovadan 300 min manat alaraq, onu Təhsil şöbəsinin müdir vəzifəsinə gətirməsi olduğu qeyd olunmuşdu. Həmçinin müraciətdə bu təyinatın təfərrüatları barədə də maraqlı açıqlamalar təqdim edilmişdi: “Məlumat üçün bildirək ki, Mətanət Misirxanova Təhsil Nazirliyində Daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyev tərəfindən qəbul olunub və təqdimatı təsdiq olunaraq Ağdama göndərilib. Bildiririk ki, Mətanət Misirxanovadan Ağdamın keçmiş təhsil şöbəsinin müdiri Elmira Şükürovanın 50 min manat alaraq, Kənan Quliyevə verdiyi bildirilir. Biz təhsil işçiləri hesab edirdik ki, Mikayıl Cabbarov Təhsil naziri təyin olunduqdan sonra təhsildə rüşvət olmayacaq. Böyük təəssüf hissi ilə sizə müraciət edirik ki, Elmira Şükürova hansısa vasitə ilə Kənan Quliyevə yol tapıb və Mətanət Misirxanovanın təsdiq olunması üçün 50 min manatı ona ötürə bilib. Sizlərdən Ağdam ziyalıları adından xahiş edirik ki, 4 min müəllimi olan Ağdam təhsilini uşaq bağçasında körpələrin yeməyini oğurlayan Mətanət Misirxanovanın və Raqub Məmmədovun ümidinə buraxmayasınız”. Lakin göründüyü kimi, Raqub Məmmədovun Ağdamda həyata keçirdiyi “təhsil islahatları”nın qarşısını almaq hələ də mümkün olmayıb.
Digər tərəfdən isə, redaksiyamıza daxil olan məlumatlarda hazırda icra başçısı tərəfindən Ağdam rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin fəaliyyətinin də “nəzarətə götürüldüyü” bildirilir. Məlum olduğu kimi, hələ iki il bundan öncə Ağdam ƏSMM-də ünvanlı dövlət sosial yardımının təyin edilməsində qanunsuzluqlara yol verilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmışdı. Mərkəzin vəzifəli şəxsləri 86 rayon sakininə qanunvericilikdə nəzərdə tutulan zəruri sənədlər olmadan 1 il ərzində ünvanlı dövlət sosial yardımı təyin edərək 149.0 min manat məbləğində dövlət vəsaitini israf etməkdə şübhəli bilinərək, barələrində cinayət işi açılmışdı. Bundan dərhal sonra da nazir Səlim Müslümov ƏSMM-nin keçmiş direktorunun yerinə, buna qədər Ağdam DSMF-nin müdiri olmuş Əvəz Sadıqovu gətirmişdi. Bu proseslərdən həvəslənən ağdamlılar da ilk öncə belə qənaətə gəlmişdilər ki, artıq rayonda ünvanlı sosial yardım almaq istəyənlər indiyə qədər üzləşdikləri problemlərdən xilas olublar. Hamı düşünürdü ki, artıq Səlim Müslümovun nəzarəti altında rayonda ünvanlı sosial yardımların rüşvət müqabilində verilməsinin qarşısı alınacaq. ƏSMM-ə müraciət edən rayon sakinlərinin sənədləri qısa müddət ərzində araşdırılacaq və uzun sürmədən cavab veriləcək. Lakin çox keçmədən bütün bu məsələlərlə bağlı bəzi həqiqətlər üzə çıxdı. İlk növbədə məlum oldu ki, müəyyən müddət Ağdam DSMF-nin müdiri olmuş Əvəz Sadıqov artıq çoxdan Səlim Müslümovun deyil, məhz Raqub Məmmədovun kadrı kimi çıxış edir. Məhz bu səbəbdən də, bu məmurun Ağdam ƏSM Mərkəzinə müdir gətirilməsi, bu sahəyə Nazirliyin deyil, icra başçısının nəzarət imkanlarını artırmış oldu. Bu gün isə, daxil olan məlumatlara əsasən belə qənaətə gəlmək olur ki, hazırda Ağdam rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi özünün xüsusilə yarıtmaz fəaliyyəti, mərkəzin müdiri Əvəz Sadıqov isə, işində yol verdiyi ciddi qanun pozuntuları və aztəminatlı vətəndaşların problemlərinə biganəliyi ilə digər müvafiq qurumlar arasında daha çox seçilən idarələrdən birinə çevrilmişdir. Bu xüsusda təqdim olunmuş açıqlamalarda göstərilir ki, korrupsiyanın qarşısını almaq məqsədi ilə plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış bir üsul, kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu bu gün də Əvəz Sadıqovun rəhbərlik etdiyi mərkəzdə geniş tətbiq edilir. Məhz bu yolla Ağdam ƏSMM-nin direktoru bir tərəfdən aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir, digər tərəfdən də əslində yardıma ehtiyacı olmayan vətəndaşlarla əlbir olaraq, dövlət vəsaitlərinin mənimsənilməsi yönümündə çoxsaylı maxinasiyalar törədir. Bu minvalla da, mərkəzin fəaliyyətindəki qüsur və nöqsanlar indinin özündə də əvvəllər olduğu kimi davam edir. Bu xüsusda aldığımız açıqlamalardan birində deyilir: “Ağdamın yoxsul ailələrinin vaxtında ünvanlı sosial yardım almasına indi də Əvəz Sadıqov rəhbərliyi altında ƏSMM-də yol verilən kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur. Dövlətin verdiyi yardımdan yararlananların əksəriyyəti əslində buna ehtiyacı olmayanlar olur. Yardıma həqiqi ehtiyacı olan yoxsulların çoxunun isə, hətta bəzən tələb olunan kağızları toplamağa belə gücləri çatmır. Mərkəzin özünün, həm də ünvanlı sosial yardım sektorunun fəaliyyətində şəffaflıq təmin olunmur, yardımları təyin edən komissiyaların işində ictimaiyyətin iştirakına da yol verilmir...”
Bir daha qeyd edək ki, bu gün redaksiyamıza olunan çoxsaylı müraciətlərin müəllifləri də, məhz bütün bu və toxunduğumuz digər məqamları nəzərə alaraq, Raqub Məmmədovun Ağdam RİH-nin başçısı vəzifəsində fəaliyyətini heç də qənaətbəxş qiymətləndirmirlər. Rayonda isə, məmur özbaşınalıqlarının sonu hələ də görünmür.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.

Geri dön