Oqtay Şirəliyev rüşvətin kökünü kəsə bilmir? - Yoxsa kəsmək istəmir...
Tarix: 11-11-2015, 13:03 | Çap et
Oqtay Şirəliyev rüşvətin kökünü kəsə bilmir? - Yoxsa kəsmək istəmir...
Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində paytaxtın Zabrat qəsəbəsində yerləşən 21 saylı şəhər poliklinikasının fəaliyyətində müşahidə olunan neqativ hallara dair tənqidi materiallar dərc olunmaqdadır. Bu xüsusda aldığımız ilk məlumatlardan birində qəsəbə sakinlərindən biri bu poliklinikanın həkim və digər tibbi personalının əməllərinə dair öz iradlarını bildirmişdi. Xanım şikayətçi vurğulamışdı ki, hər dəfə 21 saylı poliklinikanın həkimlərinə müraciət edərkən o, aldığı müayinə və müalicəyə görə müəyyən məbləğdə pul ödəməli olur. Çünki əks halda, 21 saylı poliklinikanın dövlət müəssisəsi olmasına baxmayaraq, burada pulsuz hər hansı tibbi xidmət almaq demək olar ki, mümkün deyil. Bundan sonra, əməkdaşlarımız apardıqları araşdırmalar nəticəsində 21 saylı şəhər poliklinikasının fəaliyyətində yer almış neqativ hallara dair başqa maraqlı məlumatlar da əldə etmişdilər. Həmin məlumatlardan birinə görə, 21 saylı poliklinikada şəkərli diabet xəstələrinin müayinəsi üzrə fəaliyyət göstərən tibb bacısı Nəzakət xanım xəstələrdən 5 manatdan başlayaraq müayinə haqqı tələb edir. Etiraz edən xəstələrə isə, bu tibb bacısı müayinə üçün lazım olan tibbi ləvazimatları guya ki, personalın öz şəxsi vəsaitləri hesabına aldıqlarını bəyan edir. Aldığımız digər bir məlumatda isə, 21 saylı poliklinikanın USM kabinetinin “qiyməti” açıqlanmışdı. Qeyd olunmuşdu ki, həkim Sevda xanım bu qiyməti 10 manat məbləğində müəyyən edib. Bundan başqa, aldığımız açıqlamalarda bu tibb müəssisəsinin bəzi həkimləri tərəfindən xəstələrin müayinəsi zamanı yol verilən səhlənkarlıqdan və məsuliyyətsizlikdən də bəhs olunurdu. Bu xüsusda adı çəkilən həkimlərdən biri həkim-kardioloq Nərgiz xanımdır. Mənbə bildirir ki, xəstələrin müayinəyə hazır vəziyyətdə, bu həkimin digər həmkarları ilə kənar mövzulara dair söhbətlərinin bitməsini uzun-uzadı gözləmə halları, artıq kardioloji kabinet üçün adi hala çevrilib. 21 saylı poliklinikaya üz tutan xəstələrin əsəblərinin pozulmasına səbəb olan digər bir məsələ də həkim qəbulu zamanı növbəlilik prinsiplərinin tez-tez pozulması ilə bağlıdır. Mənbə bildirir ki, bu günlərdə həkim-pediatr Firəngiz xanımın qəbuluna düşmək istəyən iki xəstə arasında məhz növbəliliyin pozulması səbəbindən əsil qalmaqal yaşanıb. Dünən redaksiyamıza təqdim olunmuş yeni məlumatlarda isə, 21 saylı poliklinikada adları xəstələrdən pul tələb etmək xüsusunda hallandırılan tibb işçilərinin siyahısı bir qədər də genişlənib. Həm də məlumatda diqqəti çəkən əsas məqam budur ki, əksər hallarda həkimlərin keçirdikləri müayinə və müalicə prosedurları müqabilində xəstələrə qarşı pul tələbləri həmin həkimlərin köməkçiləri qismində çıxış edən tibb bacıları tərəfindən irəli sürülür. Belə ki, mənbənin iddiasına görə, 21 saylı poliklinikanın həkim-ginekoloqu Tükəzban xanımın müayinəsindən keçməzdən əvvəl, onunla eyni kabinetdə oturan tibb bacısı pasientə “həkimə hörmət etmək yadınızdan çıxmasın” kimi xatırlatma verir. Həkim-pediatr Aynur xanımın tibb bacısı isə, daha konkret olaraq hər xəstədən əvvəlcədən 10 manat tələb edir. Lakin məlumatı təqdim edən mənbə, bu özbaşınalıqlara nəticə etibarı ilə yenə də 21 saylı poliklinikanın rəhbərliyi tərəfindən rəvac verildiyini iddia edir. Belə ki, açıqlamada bildirilir ki, bu tibb müəssisənin bütün həkimləri baş həkim Ulduz Hüseynovaya hər ay müəyyən məbləğ ödəmək məcburiyyətindədirlər. Ay ərzində qəbul etdikləri xəstələrin sayından asılı olaraq, həkimlərin ödəməli olduqları bu məbləğin 100-200 manat civarında müəyyənləşdirildiyi qeyd olunur...

Məsələyə 21 saylı poliklinikanın rəhbərliyinin münasibətini də dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net