Yediyarovdan prezidentə daha bir şikayət: Bu dəfə seçkilərlə bağlı
Tarix: 29-10-2015, 10:14 | Çap et
Yediyarovdan prezidentə daha bir şikayət: Bu dəfə seçkilərlə bağlı
Gədəbəy rayonundan daha bir namizəd apardığı seçki kampaniyasının icra orqanları tərəfindən əngəllənməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət etdi

Xatırlayırsınızsa, qəzetimizin ötən saylarından birində “Ramiz Yediyarov Milli Məclisə seçkiləri əngəlləyir” sərlövhəli tənqidi material dərc olunmuşdu. Həmin materialda biz göstərmişdik ki, Gədəbəydən aldığımız məlumatlarda rayonun icra başçısı Ramiz Yediyarovun qarşıdan gələn Milli Məclisə seçkiləri də artıq öz korrupsiya hədəfinə çevirdiyi bildirilir. Açıqlamalarda vurğulanırdı ki, Ramiz Yediyarov tərəfindən rayonda namizədlərin qeydə alınması prosesi ciddi nəzarətə götürülüb və yalnız müəyyən şərtlərə əməl edən vətəndaşlar Gədəbəydə öz namizədliklərini irəli sürə bilərlər. Həmin materialın dərcindən az bir müddət sonra isə, mətbuat vasitəsilə ölkə rəhbərliyinə müraciət etmiş Ülvi Kazımın açıqlamaları bizim yazıda Gədəbəy RİH rəhbərliyinin ünvanına səsləndirilmiş ittihamları bir daha təsdiqləmiş oldu. Artıq qeyd olunduğu kimi, Gənclər təşkilatının sədri olan Ülvi Kazım 103 saylı Gədəbəy seçki dairəsindən parlament seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürüb. Bu xüsusda namizəd mətbuata verdiyi açıqlamasında bildirib ki, o Gədəbəydə rayonun rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalıb: “Mən 103 saylı Gədəbəy seçki dairəsindən parlament seçkilərinə namizədliyimi irəli sürmüşəm! Nəzərinizə çatdırmaq istəyirəm ki, burda mənə təzyiqlərlə, icra nümayəndəliyinin biganə və öncədən düşünülmüş xoşagəlməz hərəkətləri ilə üzləşirəm. Gədəbəy rayonu icra aparatı hörmətli prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi demokratik siyasətin əksinə olaraq, seçki prosesinə kobud müdaxilə edir. Mən sivil qaydada imza toplama prosesində iştirak edə bilmirəm. 103 saylı seçki dairəsinin ərazisinə aid olan bütün kəndlərin bələdiyyə sədrləri, icra nümayəndələri və onların əlaltıları birbaşa mənim seçicilərimə hədə-qorxu gələrək, mənim imza vərəqəmə imza atmalarına mane olurlar...” Bundan sonra kütləvi informasiya vasitələrinin imkanlarından yararlanaraq, Ülvi Kazım gənclərə müraciət etmiş və ölkə başçısından kömək istəmişdi.

Dünən isə, ölkə mətbuatında Milli Məclisə Gədəbəy rayonundan öz namizədliyini irəli sürmüş daha bir namizədin, Azərnaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutnun elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşanzadə Ruşan Ələmşah oğlunun bu xüsusda dövlət başçısına müraciəti yayımlandı. Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

V çağırış Milli Məclis seçkilərində iştiraka qatılmağımda gənc nəslə mənsub bir şəxs olaraq, məni bu məsuliyyətə sövq edən iki mühüm amil vardır.

1. Sizin müvafiq problemlərlə bağlı iradəli çıxışlarınıza, xüsusən də “sosial ədalət bərpa edilməlidir”- tezisinizə, qarşıya qoyduğunuz problemlərlə əlaqədar atdığınız cəsarətli addımlara inam.

2. Ali qanunverici orqan olan Milli Məclisdə xalqın və dövlətin daha da mütərəqqi inkişafı naminə fəaliyyət amalı ilə yanaşı doğulduğum Gədəbəy rayonundakı bir sıra sosial-iqtisadi, xüsusən, humanitar problemlərin həllində yaxından iştirak qayğısı.

Qeyd edim ki, məhz elə mənim platformamın əsas qayəsini təşkil edən ideya və seçicilərə olan əsas çağırışım “Sosial ədalətə səs ver, Milli əminiyyətə nail ol” ideyasıdır. 103 Saylı Gədəbəy Seçki dairəsindən deputatlığa rəsmi namizəd olaraq təbliğat fəaliyyətinə başladığım ilk gündən kəndlərdə insanlarla görüşlərimdə onların diqqətini qazandığıma görə mənə öz vətəndaşlığı naminə təmənnasız, könüllü köməklik göstərən insanlar yerli icra nümayəndələri və bələdiyyə sədrləri tərəfindən maneələrlə qarşılaşıb və bu təbliğat-təşviqat fəaliyyətinə davam etdikləri təqdirdə işdən kənarlaşdırılacaqları, həbs ediləcəkləri ilə təhdid ediliblər. Lakin mən, bu hadisələri bu günə kimi iki səbəbdən ictimailəşdirmək istəmirdim.

1. Hədələyənlərin hərəkətlərini onların savadsızlığı və tapşırığa xidmətləri kimi izah edir və könüllülərimə onlara əhəmiyyət verməməyi məsləhət görürdüm.

2. Belə faktların ictimailəşməsi ilə bir sıra xarici və daxili anti-seçki meyilli siyasi dairələrin seçkilərlə bağlı apardıqları fəaliyyətlərə rəvac verməmək üçün bizə qarşı göstərilən münasibətə dözümlü yanaşırıdım.

Lakin vəziyyət o yerə gəlib çatdı ki, bizim rayon əhalisi ilə təyin olunan görüşümüzün açıq şəraitdəki məkanı rayon mərkəzindən təqribən 5 km uzaqda yerləşən Qaradağ kəndi ərazisindəki "Sürücülük Məktəbi"nin həyəti, qapalı şəraitdə nəzərdə tutulan görüş yeri isə 50-ci illərdə inşa edilmiş və inşa edildikdən sonra üzərində heç bir təmir aparılmamış, bərbad, dağıntılı, ümumiyyətlə, 1990-cı ildən istifadəyə yararsız, "Klub" adlandırılan bir yerdə müəyyən edildi. (Məndə həmin binanın necə də bərbad olduğunu əks etdirən daxili-xarici görüntülərin çəkilişi var).

Təsəvvür edin ki, hazırda olduqca yüksək səviyyədə quruculuq işi aparan, möhtəşəm ictimai binalar inşa edildən bir ölkədə hansısa rayon sakinini ora (dağıntılı kluba) görüşə təşviq və dəvət etsək həmin sakin üçün necə təhqir olardı. Çünki hamı "Klub" adlanan həmin daş toplusunu bir zaman seyr etdikləri hind kinolarındakı qəhrəmanların dəfn olunduğu məzar kimi xatırlayır. Əhali ilə görüş üçün belə bir yerin təyin edilməsi bizə qarşı qərəzli bir münasibətin olduğunu ifadə edir. Bunun sübutu üçün deyim ki, görüşün intizamlı təşkili şəraitinə görə Gədəbəy rayonunda bir neçə geniş və səliqəli ictimai binalar var. (Necə ki, əvvəlcə “ya Mədəniyyət Sarayı, ya da Aşıqlar Evinin zalı nəzərdə tutulur” vədi verilmişdi).

Qeyd edim ki, bu gün, yəni, 26.10.2015-ci ildə Gədəbəydə hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar biz görüşümüzü yalnız qapalı şəraitdə keçirə bilərdik. Bizə göstərilən bu qərəzli və məqsədyönlü münasibət Gədəbəydə seçki prossesinin necə aparılacağından xəbər verən əyani nümunədir. Yalnız bu fakt kifayətdir ki, 103 Saylı Gədəbəy Seçki Dairəsində seçkinin necə nəticələnəcəyini aydın etsin.

Xüsusi vurğulanmalıdır ki, belə faktlar təkcə bir namizədə qarşı aparılan anti-təbliğat fəaliyyəti deyil, eyni zamanda, bölgələrdə insanların seçki prossesinə münasibətlərində inamların itməsinə, ümidlərin üzülməsinə səbəb olan əlamətdir. Bundan da ağrılı tərəfi odur ki, belə faktlar ictimai-siyasi şüura ağır zərbə vurmaqla vətəndaşda öz dövlətinə qarşı bədbin təsəvvürlər yaradır.

Bunu Sizin diqqətinizə çatdırmağı özümə bir vətəndaşlıq borcu bilirəm və belə halların qarşısının alınması üçün tədbir görməyinizi Sizdən xahiş edirəm.”

Hər iki namizədin dediklərindən belə qənaətə gəlmək olur ki, Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov 103 Saylı Gədəbəy Seçki Dairəsindən Milli Məclisə məhz kimin seçiləcəyinə dair artıq öz qərarını verib. Mənbələrin verdiyi açıqlamaya görə, icra başçısı həmin ərazidən yenidən Sevinc Hüseynovanın seçilməsi barədə qəti tapşırıq verib. Qeyd edək ki, Sevinc Hüseynova IV çağırış Milli Məclisin deputatıdır. Əlbəttə, heç kəs Sevinc xanımın bu “dəstək” olmadan ikinci dəfə deputat seçilə bilməyəcəyi iddiasını ortaya qoymaq fikrində deyil. Əslində Ramiz Yediyarovun bu kimi qanunsuz əməlləri deputat xanımın nüfuzuna da xələl gətirir. Amma ən başlıcası budur ki, icra başçısının bu özbaşınalıqları Gədəbəy sakinlərində dövlətimizə və qanunlarımıza qarşı bir inamsızlıq hissinin formalaşdırılmasına yönəldilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net