Pensiya yaşının azaldılması gözlənilirmi – Nazirlikdən və deputatdan cavab
Tarix: 27-02-2021, 07:48 | Çap et
Pensiya yaşının azaldılması gözlənilirmi – Nazirlikdən və deputatdan cavab

“Son zamanlar bizə gələn müraciətlərin hamısı müəllimlərin pensiya yaşının uzadılması xahişi ilə bağlıdır”

Cari il iyul ayının 1-dək kişilərin, 2027-ci ilin iyuluna qədər isə qadınların yaş həddi hər il 6 ay artırılaraq 65 çatdırılacaq. Yəni illər sonra əllərinizi işdən çəkib, pensiyaya çıxmaq üçün 65 yaşına çatmalısınız. Qanun bunu tələb edir, amma əksər insanlar düşünür ki, bir işçinin öz zəhmətinin qarşılığını görməsi üçün 65 yaşına qədər gözləməsi çoxdur.

Bakı şəhər məktəblərinin birində ibtidai sinif müəllimi olan Tahirə Salamova da belə hesab edir. AYNA-nın həmsöhbəti, 57 yaşlı bu xanım 1983-88-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Riyaziyyat informatika fakultəsində təhsil alıb, 33 illik iş stajı var.

Pensiya yaşının azaldılmasının tərəfdarı olan Salamovanın fikrincə, artıq yolu gənc müəllimlərə buraxmaq lazımdır: “Biz də zəhmətimizin bəhrəsini görmək istəyirik. 65 yaşına çatan insanlar nadir hallarda olur. Bəlkə, heç o yaşa çata bilmədim. Pensiya yaşının 55-60 yaş arası olmasını istərdim. Bu, çox düzgün qərar olardı”.

Bəs, əhalini narahat edəb bu məsələyə yenidən baxılması mümkündürmü? Bu barədə aidiyyəti qurumlar nə düşünür: pensiya yaşı azaldıla bilərmi?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun AYNA-ya dediyinə görə, hazırda pensiya yaşının azaldılması ilə bağlı hər hansı məsələ müzakirə olunmur və hər hansı təklif verilməsi nəzərdə tutulmayıb: “Pensiya yaşının müəyyən olunmasının əsasında, bütün dünyada olduğu kimi, əhalinin orta ömür uzunluğu göstəricisinin tədricən artması, qanunvericilikdə yaşa görə pensiya ödənişi üçün müəyyən olunan müddət, habelə əmək qabiliyyətli dövrün artması ilə şəxsin əmək fəaliyyəti ilə məşğul olmaq imkanlarının artırılması kimi prinsiplər dayanır”.

Fazil Talıbov:

“Digər tərəfdən, ölkəmizdə son illərdə pensiya sahəsində humanist yanaşma əsasında aparılan islahatlar pensiya təminatı proqramının daha da genişləndirilməsinə, vətəndaşların bu proqrama daha asan çıxışına imkan verib. Belə ki, 1 yanvar 2019-cu il tarixindən reallaşan islahat vətəndaşların fərdi hesablarında ən kiçik məbləğdə belə, pensiya kapitalı olduqda, onlara 25 il sosial sığorta stajı hədiyyə edilməklə, pensiya hüququ qazanmağa imkan verir. Nəticədə ölkədə onminlərlə yaşlı şəxsin pensiya hüququ əldə etməsinə şərait yaradılıb”, - deyə Nazirlik rəsmisi bildirib.

Talıbov qeyd edib ki, yaşa görə pensiya və yaşa görə müavinət hüququ verən yaş hədləri 2020-ci ilin əvvəlindən eyniləşdirilib: “Pensiya yaşına çatan, lakin pensiya hüququ olmayan şəxslər yaşa görə sosial müavinətlə təmin edilir və sosial təminatdan kənarda qalmırlar. Digər tərəfdən, qanunvericilikdə güzətli şərtlərlə vaxtından xeyli əvvəl pensiyaya çıxmaq hüququ olan bir sıra kateqoriyalar (beşdən çox uşağı olanlar, zərərli işlərdə çlışanlar və b.) da nəzərdə tutulub”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev də AYNA-ya deyib ki, hazırda komitədə pensiya yaşının azaldılması məsələsi müzakirə olunmur: “Ümumiyyətlə, nə Milli Məclisdə deputat olduğum, nə də mediada işləyən dönəmlərdə mən eşitmişəm ki, müəllimlər təqaüd yaşının azaldılması ilə bağlı müraciət etsinlər. Bunun əksinə olaraq, son zamanlar mənə gələn müraciətlərin hamısı 65+ olan müəllimlərin bir il də müddətinin uzadılması xahişi ilə bağlıdır. Mən inanmıram ki, müəllimlər təqaüdə çıxmaq yaşının bu qədər azaldılmasını istəsinlər”.

Deputatın sözlərinə görə, yaşın azaldılması müəyyən ağır işlərdə çalışan insanlara şamil olunur: “Məsələn, hərbçilər daha tez pensiyaya çıxırlar. Bir qrup insanın pensiya yaşının azaldılmasını istəməsi o demək deyil ki, hamı bunun tərədarıdır. Əksinə, təqaüdə çıxmalı olan kişi müəllimlər belə, bir il də artıq dərs demək üçün müraciətlər edirlər. Onlar təqaüd vaxtlarının uzadılmasını istəyirlər”.

“Bu gün Milli Məclis bu məsələ ilə bağlı hər hansı araşdırma və ya müzakirə aparmır. Təmsil olunduğum komitəyə də bununa bağlı hər hansı müraciət daxil olmayıb”, - deyə Nağıyev söyləyib.

Əlavə edib ki, cəmiyyətimiz hələ bu məsələyə hazır deyil: “55 yaşında pensiyaya çıxma məsələsi hazırda gündəmdə deyil. Gələcəkdə, bəlkə, ola bilər. Amm hazırda belə bir məsələ gündəmdə deyil. Müəllimin işi ağır işlər kateqoriyasına aid deyil ki, onlar daha tez pensiyaya çıxsınlar”.
Ülviyyə Şahin




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net