Azərbaycanda suyun keyfiyyətinə necə nəzarət olunur - fakt, rəy
Tarix: 25-06-2020, 09:53 | Çap et

Azərbaycanda əhaliyə verilən suyun keyfiyyəti həmişə mübahisələrə səbəb olur. Xüsusilə Bakı şəhərində bu sahədə ciddi problemlərin olduğuna dair rəylər bitib-tükənmir. Rəsmi məlumatlara əsasən son illərdə paytaxtın içməli su təminatı həm fasiləsizlik, həm də keyfiyyət baxımından ciddi şəkildə müsbətə doğru dəyişib.

Oğuzdan Bakıya çəkilən kəmərin işə salınmasından sonra şəhərdə böyük bir əraziyə fasiləsiz su verilişi təmin olunub. Lakin əhalinin dövlət tərəfindən verilən suyun keyfiyyəti ilə bağlı mövqeyi birmənalı deyil. Mühüm bir qisim insan krantdan gələn suyu qaynatmadan içməyi qəbul etmir. İmkanı olanların əksəriyyəti isə içmək üçün marketlərdə satılan sulardan istifadə edir.

Maraqlıdır ki, marketlərdə bulaq suyu adıyla əhaliyə satılan suların keyfiyyətinə satıcının özündən başqa təminat verən yoxdur.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirir ki, qurumun əhaliyə verdiyi suyun keyfiyyətinə tam zəmanət verilir: “Bizim əhaliyə verdiyimiz suyun keyfiyyəti qüvvədə olan DÜST standartlarına tam uyğundur. ”Azərsu" ASC-nin əhaliyə verdiyi suyun keyfiyyətinə Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət edir. Onlar mütəmadi olaraq bizdən su nümunələrini götürüb laboratoriyalarda yoxlayırlar. Yəni bizim verdiyimiz suya 24 saatlıq nəzarət sistemi var.

Anar Cəbrayıllı: Gülüstan qəsəbəsinə içməli suyun verilişi bərpa ...Azərbaycanda suyun keyfiyyətinə necə nəzarət olunur - fakt, rəy

“Azərsu” rəsmisi: “Əhaliyə verdiyimiz suyun keyfyyətinə tam təminat veririk”

Özümüzün Mərkəzi Laboratoriyamız, emal mənbələrində - həm Kürdə, həm də Ceyranbatanda olan laboratoriyalarımız və 9 regional laboratoriyamız tərəfindən daim su nümunələri götürülərək analiz olunur. Həm fiziki-kimyəvi, həm də bakterioloji göstəricilər araşdırılır. Biz daim nəzarət edirik ki, suyun bulanıqlığı, xlor qalığı, bakterioloji maddələrin miqdarı təhlükəsiz səviyyədə olsun. Vətəndaşlarımızı verilən suyun keyfiyyətinə tam əmin olmağa çağırıram".

Eyyub Hüseynov: “Əhaliyə standartlara uyğun olmayan spirtli ...Azərbaycanda suyun keyfiyyətinə necə nəzarət olunur - fakt, rəy

Eyyub Hüseynov: “Suyun təhlükəsizliyinə nəzarət olunur, keyfiyyətinə isə”...

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, su təbiətin bir möcüzəsidir: “Suyun tərkibi hələ də axıradək tədqiq olunmayıb. Elm hələ də müəyyənləşdirə bilməyib ki, hansı şəxsə hansı tərkibdə su içmək lazımdır. Buna görə də bir su bir ailənin 2-3 üzvünə uyğun gələr,1-nə gəlməz. Suyun tərkibini öyrənmək üçün 300-dək parametr üzrə qiymətləndirmə aparmaq lazımdır. Yenə də müəyyən etmək olmaz ki, hansı orqanizmə hansı su daha faydalıdır. Suyun bu rəngarəngliyindən su satanlar, filtr satanlar Azərbaycanda məharətlə istifadə edərək bazar qurublar.

Həm dünya, həm də Azərbaycan marketlərində satılan sular heç də insanların istədiyi kimi keyfiyyətli sular deyil. Azərbaycanda marketlərdə satılan suyun keyfiyyətinə nəzarət olmadığı üçün istehsalçı 3 qabı bulaqdan, 5-ni isə krantdan doldurub sata bilər. Buna heç bir nəzarət olunmur. Qida Təhlükəsizliyi Agentliyi suyun təhlükəsizliyinə nəzarət edir, tərkibinin keyfiyyətinə yox. Ölkədə olan hər brend suyun saxta variantı var. Lakin iyi, dadı, qoxusu olmadığından və məhsulların istehsalatdan ticarətə qədər irəliləmə mexanizmi açıqlanmadığından heç kəs təminat vermir ki, hansı partiya mal tənzimlənib, hansı partiya birbaşa krantdan götürülüb. Təsadüfi deyil ki, bu gün bazarda litri 40 qəpikdən tutmuş 8 manata qədər olan sular satılır. Sual olunur ki, tərkibi yalnız H2O-dan ibarət olan bir məhsulun litri 0,4 qəpikdən 8 manat arasındadır. Üzümü dövlət orqanlarına tutub deyirəm niyə həmin sular 8 manatadır? Axı bunun tərkibi də H2O-dur. İysiz, dadsız, qoxusuz bir şeydir. Nə var onun içində? Heç də təbii bulaq suyu təmiz su deyil. Bu tamamilə səhv düşüncədir. Bulaq suyu elə bir suxurlardan süzülüb gələ bilər ki, özü ilə qorxulu maddələr gətirə bilər. Ağıllı insan harada necə gəldi ağzını dirəyib bulaq suyu içməməlidir".

Birlik sədri onu da bildirdi ki, tərkibində minerallaşma milliqramdan artıq olan suların hamısı müalicəvi sulardır. Onun sözlərinə görə, bazara nəzər salanda görürük ki, bir bulaqdan gün ərzində satışda olan qədər su çıxmır: “Bu sahədə böyük qeyri-şəffaflıq var. Bəzi sular o qədər yayılıb ki, heç bir bulağın bir gün ərzində bu qədər su istehsal etmək imkanı yoxdur. Bulaqdan dolduranda və yaxud Bakıdan krantdan dolduranda təbiətin bu möcüzəsi eyni cür görünür. İstehlakçı bunu ayırd edə bilmir. Bunu ayırmaq çox çətindir. İstehlakçılar yalnız suyu çaynikə töküb qaynada bilərlər. Əgər çaynikin dibində ərp, çöküntü yaranırsa, deməli, filtirləşmədən keçməyib. Bulaq suyu da satışa çıxarılmamışdan öncə filtirləşmədən keçirilməlidir. Onda olan zərərli, qorxulu duzlar və maddələr butulkalara doldurulmamalıdır”.

Su filtri satanların son illərdə aktivləşdiyini deyən E.Hüseynovun sözlərinə görə, onlar adi bir fırıldaqçı tryukla əhalini aldadırlar: “Əsas diqqəti ”Azərsu"nun verdiyi suyun keyfiyyətsizliyini isbatlamağa yönəldirlər ki, öz filtrlərini sata bilsinlər. Halbuki onların etdiyi fırıldaqdan başqa bir şey deyil. “Azərsu”nun anbarlarında ictimai monitorinq aparmışam. Dünya təcrübəsini 5 ballıq şkala ilə qiymətləndirsək, “Azərsu”nun verdiyi suyu 4 bala layiq görmək olar. Suyun toplanması, saxlanması, təmizlənməsi sistemi. Sadəcə, suyu əhaliyə çatdıran boru şəbəkəsinin köhnəlməsi üzündən bəzən suyun tərkibinə əlavə maddələr qarışa bilir. Bu sahədə ciddi problemlərdən biri yeni tikilən binalarla bağlıdır. Son vaxtlar belə binaların sakinlərindən daha çox şikayətlər almaqdayıq. Məsələ burasındadır ki, yeni binaların hamısının öz su anbarı var. Onlar anbarları vaxtlı-vaxtında təmizləyib dezinfeksiya etmirlər. Ona görə də sakinlərə verilən suyun keyfiyyəti aşağı düşür. Mən bu binalarda yaşayan insanlara bu məsələyə nəzarət etməyi tövsiyə edirəm".

Birlik rəhbəri ümid edirki, İqtisadiyyat Nazirliyi yanında yenidən formalaşdırılan Antiinhisar Siyasəti və Bazarlara Nəzarət Dövlət Xidməti bu sahədə olan qarışıqlığa, nəzarətsizliyə son qoyacaq: “Onlar keyfiyyətə də nəzarət etməlidilər. Çox istərdik ki, onlarla əməkdaşlıq edək, hələlik bir təşəbbüs görmürük”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net