Azərbaycanın tələbələri soyan universitetləri- ARAŞDIRMA
Tarix: 15-10-2016, 10:55 | Çap et
Azərbaycanın tələbələri soyan universitetləri- ARAŞDIRMA
Azərbaycan universitetlərində ödənişli ixtisaslarda təhsil alan tələbələrin ödəniş haqları ilbəil artmaqda davam edir. Əhalinin müəyyən təbəqələrinin maddi vəziyyətinin aşağı olduğunu nəzərə alsaq, nəticədə ortaya ciddi problemlər çıxır. Belə ki, istər dövlət, istərsə də özəl universitetlərin ödəniş haqları bir çoxlarının cibinə uyğun gəlmir və bu səbəbdən abituriyentlər də universitet oxuya bilməmək məcburiyyətində qalırlar.
A.24.az-ın məlumatına görə, bir çox ailələr var ki, övladını oxuda bilmək, onların təhsil haqqını ödəyə bilmək üçün borca girir. Buna görə də, övladını yaxşı geyindirə, qidalandıra bilmir. Halbuki bir çox ölkələrdə tələbə ali məktəbin pullu ixtisasına daxil olan zaman ilk əvvəl dövlət tərəfindən onun ailə vəziyyəti öyrənilir. Əgər, ailə bu təhsil haqqını vermək iqtidarında deyilsə, o tələbə pulsuz təhsilə yönləndirilir və ya ona güzəştlər təklif edilir. Burada təhsil haqqının ödənməsi də məsələnin tam həlli deyil. Tələbənin geyimi, kitab-dəftəri, nəqliyyat xərci də var.
Qısa da olsa bir statistikaya nəzər salaq. Tibb Universitetinin müalicə işi fakültəsinə 2012-ci ildə 2500 manat ödəniş edildiyi halda, hazırda bu qiymət 3000 manata qədər artıb. Onu da qeyd etmək vacibdir ki, sonuncu dəfə məhz bu fakültənin ödənişi 2011-2012-ci illərdə 1000 manatdan 2500 manata qədər artırılıb.
Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində ödənişlər 2013-cü ildə 1200 manat olduğu halda hazırda bu məbləğ 3800 manatdır.

Azərbaycanın ali təhsil müəssisələrində ən aşağı təhsil haqqı 2011-ci ildə 900, ən yuxarı təhsil haqqı isə 4500 manat olub. Hazırda isə bu qiymət müvafiq olaraq 1000 manatla 6 min manat arasında dəyişir.
Hazırda Ali Diplomatiya Akademiyasında (ADA) bakalavr pilləsində illik təhsil haqqı 6000, Dillər Universitetinin bakalavr bölməsində isə 1000, 2500 AZN-dir. 1000 AZN təhsil haqqı olan fakültələr alman və fransız dilli ixtisaslarıdır.
Texniki universitetdə isə təhsil haqqı 1500 və 1600, Dövlət İdarəçilik Akademiyasında təhsil haqqı 2000-2500, Neft və Sənaye Universitetində 1600-1800, Tibb Universitetində 2000-3000, Turizm və Menecment Universitetində 2500-3000, Azərbaycan Universitetində Azərbaycan dilində tədris olunan ixtisaslarda isə 2500, ingilis dilində tədris olunan ixtisaslarda isə 3000 AZN-dir.
Bəs Azərbaycan kimi bir ölkədə bu məbləğdə təhsil haqlarının olması nə dərəcədə doğrudur?

A24.Az bu problemlə bağlı qısa araşdırma aparıb.
Universitetlərdən bildirilib ki, vəsaitin böyük hissəsi – 85-87 faizi əməkhaqqının ödənilməsinə, qalan hissəsi isə digər xərclərə sərf edilir.
Dörd nəfərlik ailənin ayda azı min manat gəliri olduğu nəzərə alınsa bu, təhsilhaqqının ödənməsi üçün böyük problem yaratmır. Amma söhbət ayda 200-300 manatlıq ailə büdcəsindən gedirsə, onda necə?
Qiymətin müəyyən edilməsi zamanı təklif edilən təhsil xidmətinə tələbatın mövcud səviyyəsi tamamilə nəzərə alınmır. Dövlət tərəfindən ödənilən vəsait ilə ödənişli təhsildən əldə olunan gəlirlər toplanılaraq onlardan təqaüdlər çıxılır və əldə edilmiş fərq tələbələrin ümumi sayına bölünür. Bu hesablama zamanı investisiya xərcləri də ümumi məbləğdən çıxılır.

Bununla yanaşı, dövlət hesabına təhsil alan tələbələrin təhsil xərclərinin hansı məbləğə başa gəldiyi də hesablanır. Bu zaman dövlət tərəfindən ayrılan vəsaitlərdən təqaüdlər çıxılır, alınan fərq təhsil alan tələbələrin sayına bölünür. Dövlət universitetlərində təhsil haqqı müəyyən edilən zaman eyni ixtisas üzrə tədris həyata keçirən digər Azərbaycan universitetlərindəki mövcud təhsil haqları ilə də müqaisələr aparılır. Bundan əlavə, ixtisasın perspektivliyi, Azərbaycan iqtisadiyyatında əhəmiyyəti, ixtisas üzrə işlə təmin olunma vəziyyəti kimi məsələlərə də diqqət yetirilir.
Qiymət müəyyən edilərkən nəzərə alınan ən vacib amillərdən biri də, abituriyentlərin mövcud ixtisasa nə dərəcədə maraq göstərməsidir. Hüquq, iqtisadiyyat və tibbə aid olan ixtisasları misal göstərmək olar ki, bunlar əhali arasında dəb halını alıb. Bu da həmin peşələr üzrə təhsil haqqı qiymətlərinin artmasına zəmin yaradır.
İqtisadçı Rəşad Həsənov da universitetlərin xərclərinə uyğun olaraq təhsil haqqı təyin etdiklərini deyir. Onun sözlərinə görə, universitetin tələbə qəbulu imkanları və bazar iqtisadiyyatı şərtləri nəzərə alınaraq reytinqdən də aslı olaraq ödəniş haqqları müəyyən edilir.
“Eyni zamanda hansı universitetə tələb yüksəkdirsə o, universitetlərdə təhsil haqqının müəyyənləşdirilməsi zamanı bu amil nəzərə alınır. Azərbaycanda əhalinin maddi vəziyyəti baxımından məsələyə yanaşsaq, ali təhsilin pullu kateqoriyaya daxil olması dövlət büdcəsinin xərclərinə müsbət təsir göstərsə də, aztəminatlı ailələrin böyük əksəriyyətinin bu xidmətlərdən istifadə imkanlarını məhdudlaşır. Heç təsadüfü deyil ki, ödənişi ödəyə bilməyəcəyi üçün çoxlu sayda savadlı gənclər ali təhsil almaq imkanlarından kənarda qalır. Düzdür, hazırda bununla bağlı müəyyən mexanizmlər işlənib hazırlanır. Azərbaycanda nüəyyən sosial qruplarla bağlı güzəştlər edilsə də, məsələn qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin övladlarına müəyyən gözəştlər edilir. Əslində bu konsitutsiyanın pozulmasıdır. Çünki konsitutsiyamıza görə, təhsil haqqının hər bir vətəndaş tərəfindən ödəliməsi vacibdir. Bu digər tərəfdən də, diskriminasiyaya gətirib çıxaran, ümumiyyətlə sosial gərginliyi artıran məqamlardandır. Bu baxımdanda müəyyən sosial qrupların təhsil ödənişlərinin dövlət tərəfindən müəyyənləşdirilməsi mexanizmləri aydınlaşdırılmalıdır”

Azərbaycanda təhsilə ayrılan maddi vəsaitin ən az qisminin ali təhsil müəsisələrinə aid olduğunu söyləyən Rəşad Həsənov ali təhsisilin ödənişsiz imkanlarından yalnız ən yüksək qiymətləndirmə balını topalayan tələbələrin yararlana bildiyini bir daha diqqətə çatdırıb.
“Amma burada sosial ədalət prinsipinin pozulması ehtimalı yüksəkdir. Yüksək qiymətləndirmə balı toplayan tələbənin maddi vaəziyyəti əslində çox yüksək ola bilər. Belə bir şəraitdə onun ödənişsiz təhsil almaq haqqından istifadə etməsi əslində digər aztəminatlı azərbaycanlı ailənin övladının təhsil imkanını məhdudlaşdırır. Bu baxımdan ali təhsilin ödənişli təhsil mexanizminin yenidən işlənməsinə ehtiyac olduğunu düşünürəm.
Təhsil haqqının hər il artırılmasını məhdudlaşdıran hər hansı bir mexanizm də yoxdur. Təbii ki, universitetlər təhsil haqqını müəyyənləşdirərkən müəyyən arqumentlər ortaya qoyur. Təhsil haqqı hesablanarkən əsasən tələb nəzərə alınır. Bir universitetə tələb çox, onun tələbə qəbulu imkanları məhduddursa, bu zaman tətbiq olunan üsullardan biri təhsil haqqının artırılmasıdır. Ödənişlərin artırılması yolu ilə universitet öz maddi texniki bazasını genişləndirir. Təbii ki, Azərbaycandan söhbət gedirsə burda sui-istifadə halları da var. Xüsusilə bir məsələni nəzərə almaq lazımdır ki, 2008-ci ildən sonra dövlət büdcəsindən ali məktəblərə ayrılan təhsil xərclərində daim azlama olub. Burada əsas prinsip o olub ki, ali təhsil müəsissələri öz-özünü təmin etsin!. Belə olan halda müəyyən səlahiyyətlər də, təhsil müsəsislərinin özlərinə verilir. Elə ixtisaslar var ki, onlara hədindən artıq müraciətlər olur. Bu da, həmin ixtisasa yüksək tələb görüntüsü ortaya qoyur ki, həmin ixtisaslarda təhsil haqqlarının qaldırılmasına şərait yaradır”.
Qardaş ölkədə təhsil haqları qiymətlərinə toxunan iqtisadçı bu, ölkədə ödənişlərin Azərbaycandakı qiymətlərdən qat-qat aşağı olduğunu bildirib.
“Türkiyədə Ərdoğan hakimiyyətə gəldikdən sonra təhsil haqqlarının qiyməti aşağı salındı”.

Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, Azərbaycan respublikasının konsitutsiyasına və təhsil haqqı ilə bağlı qanunun tələblərinə görə, dövlət təhsil müəsisələrində təhsil yanız ödənişsiz əsaslarla aparılmalıdır.
“Çünki dövlət təhsil müsəsilərinin bütün maddi və digər ehtiyacları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Orda işləyən müəllimlərin, texniki avadanlıqların alınması zamanı dövlət büdcəsinin vəsaitlərindən istifadə olunur. İlk öncə, dövlət təhsil müsəsisələrində təhsil haqqının olması həm qanuvericiliyə həm də təhsilin struktruna ziddir. Adı üstündə, bunlar dövlət ali təhsil müəsisələridir. Deməli bu, dövlət üçün kadr hazırlayır. Dövlət özünə lazım olan kadrın hazırlanmasının maliyə xərclərini öz üzərinə götürür.
Burda ikinci bir problem də var. Müəyyən məslələrdə dövlətdən həmişə datasiya almaq olmaz axı. Burada problem ondan ibarətdir ki, hətta bir çox dövlət universitetlərinin təhsil haqqı qiyməti özəl universitetlərdən, ümumilikdə isə, dünya ölkələrindəki ödənişlərdən də çoxdur. Təsəvvür edin ki, Azərbaycanda heç bir beynəlxalq reytinq siyahısında olmayan dövlət universitetlərində ödəniş dünya reytinqində ilk yüzlükdə olan universitetlərin təhsil haqlarından daha yüksəkdir. Məsələn, Türkiyədə dövlət ali təhsil müəsisələrində təhsil haqqı 100 manatdan 500-600 manata qədərdir”-deyə Kamran Əsədov dövlət universitetlərindəki təhsil haqlarını tənqid edərəkən bildirib.
“Tutaq ki, hər hansı bir tarix və yaxud da iqtisadiyyat ixtisası bir dövlət universitetində 2 min, digərində isə 3 min manatdır . Bu əlbəttə ki, düzgün yanaşma deyil. Belə çıxır ki, təhsil haqlarının qiyməti müəyyənləşdirilərkən hər hansı mexanizm yox, ona rəhbərlik edən şəxslərin təklif və ehtiyacları əsas götürülür. Yəni, Azərbaycandakı təhsil haqları ilə Türkiyədə nəinki təhsil haqlarını, hətta yaşam tələbatlarını da ödəmək olar. Eləcə də Gürcüstanda və Ukraynada.

Azərbaycan MDB-yə daxil olan dövlətlər arasında təhsil haqqı məbləğinə görə ən yuxarı səviyyədədir. Amma verilən təhsil universitetin reytinq siyahısında bunların hamısından aşağıdır. Heç ilk minlikdə bizim universitetimiz yoxdur. Amma, bizim universitetlərin təhsil haqqı ABŞ və İngiltərənin ən nüfüzlu universitetləri ilə demək olar ki, bərabər səviyyədədir”.
Daha sonra ekspert təhsil haqlarının Azərbaycanda orta aylıq əmək haqqı ilə təzad təşkil etdiyini vurğulayıb.
“Bu, həm Azərbaycandakı orta aylıq əmək haqqına həm də, beynəlxalq təcrübəyə uyğun deyil. Bu gün Azərbaycan ali təhsil müəsisələrində təhsil haqqının məbləği məni qane etmir. Hesab edirəm ki, bu həddindən artıq çoxdur. Bu məbləğ maksimum 1000 manatda artıq ola bilməz. Çünki, təhsil haqqı Azərbaycanda orta aylıq əmək haqqı və insanların ehtiyac meyarları hesablandıqdan sonra yerdə qalan məbləğ əsasında formalaşmalıdır. Universitetlərin təyin etdiyi məbləğ ilk öncə Təhsil Nazirliyinə, daha sonra Nazirlər Kabinetinə göndərilir. Onlar da, heç bir dəyişiklik etmədən qəbul edir. Azərbacanda elə bir mexanizm yoxdur ki, təhsil müsəsisəndən soruşsun ki, sən hansı əsasla bu qədər təhsil haqqı qoymusan?”.
Kamran Əsədov ödəniş haqqı məsələlərində rektorların sui-istifadə hallarına yol verdiklərini də, əlavə edib.

“Təsəvvür edin ki, bu il Azərbaycan ali təhsil müəsisələrinə qəbul zamanı plan yerlərinin 75%-ni ödənişli əsaslarda qəbul təşkil edib. Bu heç də, normal deyil. Təssüflər olsun ki, universitetlər devalivasiyadan sonra ziyanı dövlətdən kompensasiya etmək əvəzinə özlərinin pula təlabatını tələbələrin təhsil haqlarını artırmaqla ödəyirlər.
Tələbənin ödədiyi təhsil haqqının nə müəllimə nə də, tələbənin özünə heç bir xeyri yoxdur. Ödənişli ali təhsil alanla ödənişsiz təhsil alan fərqlənməlidir. Ödənişli təhsil alan tələbəyə daha yüksək təhsil verilməli, onun üçün ayrıca müəllimlər dəvət olunmalıdır. Bu gün Azərbaycanda ödənişli təhsil alanla ödənişsiz təhsil alan eyni qrupda oxuyur və eyni dərsi keçi, eyni də diplom alır. Bu, dünyada qəbul edimiş prinsiplərin Azərbaycanda ölməsidir. Universitetlərin rəhbərləri ciddi şəkildə təhsil haqlarının artmasında maraqlıdırlar. Bu il qəbul imtahanlarında rektorlar təhsil haqlarını aşağı saldılar. Onu əvvəlcədən eləmək lazım idi.
Avropa ölkələrinin bir çoxunda dövlət ali məktəblərində təhsil bu ölkələrin öz vətəndaşları üçün tam pulsuzdur. Əhalisinin yaşayış səviyyəsinə, yəni əmək haqqının adambaşına düşən milli gəlirin miqdarına görə, Azərbaycanı azı 15-20 dəfə geridə qoyan inkişaf etmiş Avropa ölkələrinin bir çoxunda dövlət təhsili öz vətəndaşları üçün ya tam pulsuzdur, ya da təhsil haqları olduqca azdır.
Məsələn, Fransa, Çexiya, Norveç, Finlandiya, İsveçrə kimi ölkələrdə dövlət universitetləri tam pulsuzdur. Almaniyada 2006-cı ildən dövlət təhsil müəssisələrində ödəniş tətbiq olunur. Amma ödənişlərin məbləği elə də yüksək deyil – hər semestr üçün 200-300 avrodan 500 avroyadək, illik isə orta hesabla 500-1000 avro.
Avropanın çox nüfuzlu təhsil ocaqlarından olan Berlin Texniki Universitetində bir semestr üçün təhsil haqqı cəmi 250 avrodur.
Hazırda bu ölkədə dövlət universitetlərində təhsil alanların təxminən 15-20 faizi ödənişli əsaslarla oxuyur. Azərbaycandan fərqli olaraq bu ölkələrin hər birinin bir neçə universiteti dünya reytinq cədvəlinə düşüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net