Alı Alıyev sahibkarı niyə həbs etdirdi?-FÜZULİDƏ
Tarix: 10-05-2016, 10:14 | Çap et
Alı Alıyev sahibkarı niyə həbs etdirdi?-FÜZULİDƏ
Bir neçə gün əvvəl tanınmış sahibkarlardan biri olan Nəriman Əliyev gözlənilmədən Bakıda həbs olunub. JAM.AZ xəbər verir ki, «Qarabağ Broyler»in rəhbəri olan Əliyevin qəfil həbs edilməsi kifayət qədər müəmmalara yol açıb.
Onun həbsiylə bağlı ilk olaraq belə bir versiya irəli sürülüb ki, iş adamının saxlanılması Beynəlxalq Bankdan aldığı külli miqdarda kreditlə əlaqəlidir. JAM.AZ-ın araşdırması zamanı məlum olub ki, Nəriman Əliyev həqiqətən də bankdan 30 milyon manata yaxın kredit götürüb. Lakin onun ödənişində heç bir problem olmayıb və həmin vəsait də bir sıra istehsal müəssisələrinin yaradılmasına sərf olunub. Həmin sahələr elə bu gün də gəlirlə işləyərək, kreditlərin bağlanılmasına imkan verir. Eyni zamanda, alınmış kreditin ödəniş müddəti 2020-ci ildə başa çatır ki, buna görə, iş adamını həbs etmələri inandırıcı görünmür.
Bu əsnada başqa bir maraqlı məlumat ortaya çıxıb. Məlum olub ki, Nəriman Əliyevin həbsi sifarişlə həyata keçirilib və ortada yanlış məlumatlar mövcuddur. JAM.AZ-ın əldə etdiyi xəbərdə iddia edilir ki, «Qarabağ Broyler»in rəhbərinin həbsini elə onun əzəli rəqibi olan Füzulinin icra başçısı Alı Alıyev təşkil etdirib. Bununla bağlı isə tək versiya var. O da Nəriman Əliyevin Füzuli rayonunun icra başçısı olma ehtimalının getdikcə artmasıymış.
Bildirək ki, Alı Alıyev onun yerinə keçmək istəyən istənilən şəxsə qarşı aqressivlik nümayiş etdirir. Məsələn, yanvar hadisələri zamanı rayonda aksiyaları camaatın sosial problemlərdən dolayı keçirməsinə rəğmən, icra başçısı onu əzəli rəqiblərindən olan Şakir Hacıyevin üzərinə yıxmaqla, həbsinə nail oldu. Halbuki həmin aksiyada saxlanılanların əksəriyyəti Füzuli İcra Hakimiyyətində və yerli idarələrdə çalışanların yaxınları olub. Şakir Hacıyev isə hadisələr vaxtı şəxsi problemləriylə bağlı Bakıda olub.
JAM.AZ xəbər verir ki, Nəriman Əliyev həmin vaxt proseslərə qatılmadığından onun adı siyahıya salınmayıb. Yəni, Alı Alıyevin əlinə o fürsət düşməyib ki, iş adamını da Şakir Hacıyevlə eyni gündə həbs etdirsin. Amma görünür, icra başçısı hansısa donos əsasında bu istəyini reallaşdırıb.
Qeyd edək ki, Nəriman Əliyevlə Alı Alıyevin lap əvvəllər çox yaxşı münasibətləri olub. Hətta Alıyev Füzuli rayonuna icra başçısı təyin olunandan sonra iş adamını Aybasanlı kəndinə ərazi icra nümayəndəsi təyin edib. Düzdür, münasibətləri yüksək səviyyədə olmasına rəğmən, Alıyev Əliyevdən pul alaraq, onu bu vəzifəyə qoymuşdu.
Məlumatlarda qeyd edilir ki, icra başçısı Nəriman Əliyevin yaxşı imkanlarının olduğunu bildiyi üçün bu addımı atmışdı. Elə bunun nəticəsiydi ki, Nəriman Əliyev Zobucuq deyilən qəsəbələrə gedən yolun üzərində Qarabağ Hoteli və İstirahət Mərkəzi inşa etdirmişdi. Ardından «Qarabağ Broyler» MMC-ni yaradaraq, onlarla insanın işlə təmin olunmasına şərait yaratmışdı. Bir sözlə, sözügedən iş adamı Füzuli rayonuna aktiv sərmayə qoyan şəxslərdən biriydi.
JAM.AZ xəbər verir ki, Alı Alıyev ümumilikdə, güclü iş adamlarını sevmir. Çünki belə şəxslərin qısa müddətdə güclənərək, onun yerinə gələ biləcəyi düşüncəsinə sahibdir. Məhz buna görəydi ki, Nəriman Əliyev gücləndikdə Alı Alıyevlə onun arasında münasibətlər gərginləşməyə başlayır. İlk olaraq icra başçısı iş adamından aylıq haqq tələb edir. Qarşı tərəf bundan imtina etdiyindən narazılıq pik həddə çatır. Ardından Alıyev Əliyevi icra nümayəndəsi vəzifəsindən çıxarır.
Amma icra başçısının hirsi bununla da soyumur. O, «Qarabağ Broyler»in bağlanmasına nail olur. Daha sonra «Qarabağ» Hotelin də fəaliyyətini dolayı vasitələrlə dayandıra bilir.
Görünür, Nəriman Əliyevin həbsini şərtləndirən ən başlıca amil bu olub. Çünki iş adamının yaxın dönəmlər üçün Füzuli rayonunan icra başçısı təyinatı alacağına dair məlumatlar dolaşırmış. Rayondakı söhbətlər isə Alı Alıyevi qıcıqlandırıb və onu rəqibinə qarşı amansız davranmağına səbəb olub.
Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net