Ana Sayfa > Siyasət, Manşet > "Prezidentin hədəfi Azərbaycanı dünyada inkişaf etmiş ölkələr səviyyəsinə çıxarmaqdır"

"Prezidentin hədəfi Azərbaycanı dünyada inkişaf etmiş ölkələr səviyyəsinə çıxarmaqdır"


6-03-2019, 15:13. Yazar: admin
"Prezidentin hədəfi Azərbaycanı dünyada inkişaf etmiş ölkələr səviyyəsinə çıxarmaqdır"
“Ölkə başçısının hədəfi Azərbaycanı dünya miqyasında inkişaf etmiş ölkələr səviyyəsinə çıxarmaqdır. Bu yolda biz ciddi uğurlara imza atmaqdayıq. İnanıram ki, yaxın 10 ildə qarşıya qoyulan hədəflərə çatacağıq”.

Bunu “Report”a açıqlamasında dövlət başçısı İlham Əliyevin ötən ilki Prezident seçkilərindən sonra başlatdığı islahatları şərh edən deputat Fəzail Ağamalı deyib.

O xatırladıb ki, dövlət başçısı sonuncu Prezident seçkiləri ərəfəsində bəyan etmişdi ki, bir çox islahatlar həyata keçiriləcək:“Elə o vaxtdan bu işin icrasına başlanıldı. O, həmçinin 2019-cu ildə islahatların daha dərin xarakter daşıyacağını bildirmişdi. Seçkilərdən dərhal sonra vermiş olduğu vədlərə uyğun olaraq vacib qərarlar qəbul edildi. Həmin qərarlar Azərbaycan dövlətçiliyinin yeni mərhələyə qədəm qoyduğunu təsdiq etməkdədir. Bir faktı da qeyd edim ki, problemli kreditlərin həlli ilə bağlı verilən qərar inqilabi xarakter daşıyan addım idi. Ölkə başçısı bir tərəfdən xalqı narahat edən problemləri aradan qaldırdı, eləcə də bankların sağlamlaşması üçün addım atdı. Bu kimi islahatların davam etməsi ölkəmizin inkişafına xidmət edəcək. Bu da dövlətçiliyin mühüm mərhələsidir”.

Deputat Elman Məmmədov qeyd edib ki, Prezident hələ 2003-cü ildə seçki kampaniyası ərəfəsində nə sözlər verilmişdisə dövlət başçısı seçiləndən ilk gündən onların hamısı icra olunmağa başladı: “Yəni deyilən sözlər verilən vədlər görülən işlərlə öz təsdiqini tapdı. Bu da onu göstərdiyi prezident hər zaman dediyi sözü və vədi yerinə yetirir. Bu proses hər zaman belə olub bundan sonra da davam edəcək. Ötən il Prezident seçkilərindən sonra bir çox müxtəlif sahələrdə yeniliklər və islahatlar həyata keçirildi. Bunun da davamı olacaq. Yəni, Azərbaycan müasir dövrün tələbləri ilə ayaqlaşmağı bacaran dövlət olduğunu sübut edir. Bütün bunlar da bir məqsədə xidmət edir ki, ölkəmiz güclü olmalı və vətəndaşlarımız firavan yaşamalıdır”.

“Prezident İlham Əliyev problemli kreditlərlə bağlı imzaladığı son fərman bu mövzuda ilk və mühüm fərmandır”.

Bunu isə “Report”a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov deyib.

“Devalvasiyadan sonra dövlət gəlirlərini və zərərini qiymətləndirdi, hökumət üzvləri borcların əsas hissəsinin hansı məbləğdə olmasını müəyyən etmək istəyirdi. Ötən 4 il ərzində bu məsələyə hüquqi qiymət verilməsinə də cəhd oldu. Konstitusiya məhkəməsi bu məsələyə 2 dəfə, 2015 və 2018-ci illərdə baxdı. Nəhayət, bu il yekun qərar verildi və bu qərar təxminən 800 min nəfəri əhatə etdi. Hesab edirəm ki, fərmanın vətəndaşlara kifayət qədər köməyi dəyəcək. Dövlət borcun devalvasiya hesabına artan hissəsini üzərinə götürüb və illərlə ödəniş etmiş vətəndaşlara o fərq qaytarılacaq. Bu baxımından qəbul edilmiş qərarı müsbət qiymətləndirirəm. Bundan başqa, qərar bankların borclularla da işini rahatlaşdıracaq. Belə ki, banklara borclularla işləmək, onlardan borcu tələb etmək rahat olacaq”, - deyə mütəxəssis qeyd edib.

O, həmçinin hökumətə iri məbləğdə borc götürmüş şəxslərə qarşı müəyyən tədbirlər görməyə çağırıb: “Biz bilirik ki, ən iri kreditləri bankların sahibləri və rəhbər şəxsləri götürüblər. Onlarla da iş aparılmaldır ki, borclarını qaytarsınlar”.

Deputat Tahir Rzayev isə bildirib ki, ölkə başçısının sosial sahədə bir çox artımların və güzəştlərin edilməsi barədə qərarları onun hər zaman Azərbaycan xalqının rifahını düşündüyünü sübut edir: “Ölkənin rayonlarına gedərkən insanlarla söhbətində onun xalqın problemlərinə qulaq asması və onların həlli istiqamətdə atılan addımlar təqdirəlayiqdir. Hətta martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşdə səsləndirilən təkliflərin dəyərləndirilməsi üçün elə yerindəcə aidiyyəti orqanlara tapşırıqlar verilməsi müsbət addımdır. Bu kimi silsilə tədbirləri qiymətləndirməmək olmaz. İnsanların tələbatı artıqdıqca problemlərin olması qaçılmazdır və ölkə başçısı da həmin problemlərin aradan qaldırılması üçün mütəmadi tədbirlər görür”.

Geri dön