Ana Sayfa > Siyasət / Manşet > Bu rayonların icra başçılarına yol göründü

Bu rayonların icra başçılarına yol göründü


15-02-2018, 06:06. Yazar: admin
Bu rayonların icra başçılarına yol göründü
İcra hakimiyyətləri əhalinin ən çox narazılıq etdiyi qurumlardır. Rəsmi məlumatlar da bunu deməyə əsas verir. Belə ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı danışarkən ən çox şikayət olunan İcra hakimiyyətlərinin adlarını açıqlayıb. Rəsmi məlumata görə 2016-cı illə müqayisədə müraciətlərin sayı Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlarda artıb.

Maraqlı məqam ondadır ki, şikayətlərin artığı İcra hakimiyyətləri ilə bağlı mütəmadi olaraq neqativ məlumatlar yayılır. Adıçəkilən icra qurumlarında dəyişikliklərin olacağı da istisna deyil. Ümumiyyətlə, növbədənkənar prezident seçkiləri başa çatdıqdan sonra bu istiqamətdə ciddi addımların atılacağı gözlənilir. Görünən odur ki, “qara siyahı”da ilk yerləri məhz adıçəkilən İcra hakimiyyətlərinin başçıları tutacaq.

Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev haqqında mütəmadi olaraq mətbuatda mənfi informasiyalar yayılır. Əsasən rayon sakinlərinin şikayətləri əsasında hazırlanan materiallar isə icra başçısına heç də başucalığı gətirmir. Rəsmi məlumatlarda da Beyləqan RİH-dən şikayətlərin sayının artması onu göstərir ki, yaxın zamanlarda Vaqif Abdullayev haqqında qərar veriləcək.

Cəbrayıl rayonuna başçılıq edən Kamal Həsənov da ən çox şikayət olunan icra başçılarındandır. Qeyd edək ki, K.Həsənov ixtisasça iqtisadçıdır. Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 1993-1996-cı illərdə “Çinar” Kommersiya bankında İdarə Heyətinin sədr müavini, sədr, Şuranın məsul katibi, 1996-cı ildən 18.04.2016-cı il tarixədək isə Azərbaycan Respublikasının Mərkəzi Bankında Baş müfəttiş, şöbə müdiri vəzifəsində işləyib. 18 aprel 2016-cı ildən etibarən isə Cəbrayıl rayonuna başçılıq edir. Görünən odur ki, daim maliyyə sahəsində böyük təcrübəyə sahib olan K.Həsənov rayon idarəçiliyi o, qədər də ürəkaçan deyil. Şikayətlərin sayının ildən-ilə artması da bunu deməyə əsas verir.
Kəlbəcər rayon İcra Hakimiyyətinə başçılıq edən Aqil Məmmədov da ən çox şikayət olunan icra başçılarındadır. A.Məmmədov 2013-cü ildə başçı təyin olunsa da, adı mətbuatda aktiv şəkildə çəkilməyən rayon rəhbərlərindəndir. Əhalinin şikayətlərinin sayının artması isə bir sıra qaranlıq məqamların olduğuna işarədir. Maraqlı məqam ondadır ki, Aqil Məmmədov 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini başa vurub. İlk təhlisini isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda alıb. A.Məmmədov başçı təyin olunmamışdan öncə isə demək olar ki, ancaq idman sahəsində çalışıb. Görünən odur ki, idman sahəsində kifayət qədər təcrübəyə sahib olan A.Məmmədov icra başçısı kimi ümidləri doğrultmayıb.

Hökumətin “qara siyahısı”na düşən icra başçılarından biri də Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlidir. Maraqlıdır ki, Laçın rayon İcra Hakimiyyəti haqqında mütəmadi olaraq mənfi informasiyalar yayılır. İstər mətbuatda, istərsə də əhali arasında şikayətlərin sayı durmadan artır. Aqil Nəzərlidən öncə Laçın RİH-nə başçılıq edən Akif Səlimov və sələfləri də daim neqativ xəbərlərlə mətbuatın gündəmində olub. Görünən odur ki, Aqil Nəzərli də sələflərinin yolunu davam etdirir. Qeyd edək ki, Aqil Nəzərli 2016-cı ilin iyununda Laçın rayon İcra hakimiyyətinin başçısı təyin olunub.

Maraqlıdır ki, şikayətlərin sayı artan rayonların 3-ü məhz məcburi köçkün rayonlarıdır. Bu isə onu deməyə əsas verir ki, məcburi köçkünlərin sosial-iqtisadi təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramına elə rayona başçılıq edənlər əməl etmir.

Saatlı, Sabirabad və Şamaxı icra başçıları da “qara siyahı”ya düşənlər arasında yer alır. Görünən odur ki, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad RİH-nin başçısı Nazim İsmayılov və Şamaxı RİH başçısı Asif Ağayevə də artıq “yol” görünüb.

Geri dön