Bayraq Meydanı cinayətində yeni gəlişmə
Tarix: 23-11-2015, 09:31 | Çap et
Bayraq Meydanı cinayətində yeni gəlişmə
Dövlət Bayrağı İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və maklerlər İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovun işində yeni situasiya yaranıb. İş üzrə zərərçəkən kimi adı keçən Zabil Salmanov Eldar Mahmudov tutduğu vəzifədən azad ediləndən dərhal sonra Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edib.

Ərizəsində o bəyan edib ki, əslində ona heç bir ziyan dəyməyib. O, ağlasızmaz təzyiq altında yalan ifadə verməyə məcbur edildiyini açıqlayaraq cinayət işinin saxta olduğunu, özünü Eldar Mahmudovun çetesindən zərərçəkən hesab etdiyini vurğulayıb.

Aldığımız digər məlumata görə Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə iş üzrə təqsirləndirilən Arzu Məmmədovun həyat yoldaşı da müraciət edib. Müraciət müəllifi xərçəng xəstəsi olduğunu diqqətə çatdırıb. Yazıb ki, dünyasını dəyişəcəyi halda azyaşlı uşaqları kimsəsiz qalacaq və xahiş edib ki, qondarma ittihamla həbs edilən həyat yoldaşı azad edilsin.

Qaynağımız deyib ki, həbslərinə qədər İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov Bakının mərkəzində daşınmaz əmlak alveri ilə məşğul olublar. Maklerlik edən bu şəxslər 2014-cü ildə Zabil Salmanovdan qeyri-yaşayış sahəsi alıblar. Sonradan həmin əmlak Rəşad Məmmədovun ailə üzvünə satılıb. 2015-ci ilin mayında R.Məmmədov həbs olunandan sonra isə ona elan etmək üçün ittiham quraşdırılması zərurəti yaranıb. Həmin vaxt Zabil Salmanov “mahmudovçu”ların diqqət mərkəzinə düşüb. İş adamı olan Z.Salmanov saxlanılaraq ondan külli-miqdarda pul tələb olunub. Bundan başqa, qarşısına şərt qoyulub ki, məhv olmaq istəmirsə, əmlakını satdığı 2 maklerə və R.Məmmədova qarşı ifadə verməlidir. Deməlidir ki, maklerlər ondan əmlakı zorla dəyərindən az qiymətə alıblar və R.Məmmədov da bunu bilə-bilə əmlakı onlardan alıb. Z.Salmanov çıxılmaz duruma salınaraq ondan tələb edilən ifadələr alınıb. Bundan sonra isə hər 3 şəxsə qarşı cinayət işi “tikmək” “mahmudovçu”ların əlində texniki məsələ olub.

Beləliklə Rəşad Məmmədov, İsfəndiyar Sabir oğlu İsfəndiyarov və Arzu Umid oğlu Məmmədov Cinayət Məcəlləsinin 178.3.2 - külli miqdarda dələduzluq maddəsi ilə onlara elan edilmiş ittihamla üz-üzə qalıblar.

Yada salaq ki, İ.İsfəndiyarovun vəkili İ.Cavadova demişdi ki, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə araşdrımalar bir qayda olaraq polis orqanında aparılır deyə Dövlət Bayraq Meydanının sabiq rəisi və digər 2 şəxsin işi üzrə istintaqın MTN-də araşdırlması onda sual doğurub.Vəkil bu il mayın 12-dən MTN-nin istintaq təcridxanasında saxlanılan müvəkkilinin 25 kilo arıqladığını da açıqlamışdı.

İndi məlum olur ki, E.Mahmudov vəzifədən çıxarılandan sonra Zabil Salmanov Baş Prokurorluğa və MTN-ə ərizə verib. İş üzrə ifadəsi yeganə sübut hesab edilən Z.Salmanov ərizəsində göstərib ki, R.Məmmədov, İ.İsfəndiyarov və A.Məmmədova qarşı təzyiq altında məcbur olaraq yalan ifadə verib, əslində Rəşad Məmmədovu ümumiyyətlə tanımır. Digər şəxslərdən də şikayəti yoxdur deyə hər 3 şəxsin tezliklə həbsdən azad edilməsini xahiş edib. Belə bir müraciət ortada ikən Zabil Salmanovun müraciətinə məhəl qoyulmur. 7 aya yaxın həbsdə olan şəxsləri məsuliyyətdən və həbsdən azad etmirlər.

Yada salaq ki, oktyabrın 27-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə hər 3 şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.(musavat.com)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net