Gömrükdə qiymətlər 2 dəfə qaldırıldı
Tarix: 12-11-2015, 09:55 | Çap et
Gömrükdə qiymətlər 2 dəfə qaldırıldı
Məlum olduğu kimi, ötən günlərdə dövlət başçısı özünün çıxışında ölkədə sahibkarlara və sahibkarlığa yardım edilməsini, yoxlamaların dayandırılmasını və onlara edilən təzyiqlərə son verilməsini tələb etmişdi. JAM.AZ xəbər verir ki, prezidentin bu açıqlamasından sonra əksər sahibkarlar vəziyyətlərinin yaxşılaşacağını, onlara edilən təzyiqlərə son veriləcəyini, habelə xaricdən əvvəlki kimi çətinlik çəkmədən mal gətirə biləcəklərini düşünsələr də, bunun tərsi baş verməkdədir.

Sahibkarların JAM.AZ-a veridiyi məlumata görə, faktiki olaraq gömrükdə durum acınacaqlı vəziyyətdədir. Onların bildirdiyinə görə, Dövlət Gömrük Komitəsinə şikayət etmələrinə rəğmən, heç bir tədbir görülmür. Əksinə, gömrük işçiləri onlara istehza ilə gülərək, bundan sonra yeni qiymətlərlə işləyəcəklərini vurğulayırlar.

«Sınıq Körpü» (çoxları buranı «Qırmızı Körpü» kimi tanıyır-red.) Gömrük Keçid Məntəqəsində işlər o həddə çatıb ki, ayrı-ayrı firmaların adına gələn malları bütün sənədlər qaydasında olsa belə, günlərlə gömrükdə saxlayırlar. Bunu reallaşdırmaq üçün əllərindəki əsas bəhanə müxtəlif sənədlərin istənilməsindən ibarət olur. JAM.AZ-a verilən məlumata görə, halbuki həmin sənədləri mal gətirən şirkətdən yalnız Bakı Baş Gömrük İdarəsi istəyə bilər.

Qeyd edilir ki, «Sınıq Körpü»də indiyə qədər xaricdən gətirilən şirkət mallarına görə pul alınmadığı halda, artıq bunun üçün də konkret rəqəm müəyyən ediblər. Deyilənlərə görə, bu rəqəm 500 dollardan ibarətdir.

Amma Astara gömrüyündə də durum fərqli deyil. Burada isə qiymətlər demək olar ki, iki dəfə artırılıb. Sahibkarların saytımıza verdiyi məlumatda deyilir ki, əgər keçən il 1 maşın kartof toxumu üçün onlardan 2000 manat pul alırdılarsa, hazırda bu rəqəm 3500 manata çatdırılıb. Bu artım digər mal və məhsullar üzrə də dəyişib və iki dəfəyə yaxın həddə çatıb.

SDK-da isə əsl talançılıq baş verir. JAM.AZ xəbər verir ki, bu Gömrük Keçid Məntəqəsində çalışan gömrük işçiləri sözün həqiqi mənasında yolkəsənlik edirlər. Qarşılarına çıxan yük maşınlarını, əllə mal gətirənlərə, avtobus sahiblərinə istənilən rəqəmi deyə bilərlər. Məsələn, bir neçə gün bundan əvvəl Moskvadan gələn avtobusda bir neçə iri həcmdə mal aşkarlayan gömrük işçiləri az qala bunun üçün 10 min manata yaxın pul tələb edirmişlər.

Maraqlıdır ki, bu proses prezidentin son çıxışından sonra start götürüb. Baş verənlərdən belə anlaşılır ki, DGK ümumiyyətlə, dövlət başçısının sözlərinə əhəmiyyət vermir. Əks təqdirdə, bu qədər özbaşınalığa, dərəbəyliyə yol açmazdı.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net