Dövlət Sosial Müdafiə Fondunun gizli fiqurunun ŞOK əməlləri…
Tarix: 26-10-2015, 10:56 | Çap et
Dövlət Sosial Müdafiə Fondunun gizli fiqurunun ŞOK əməlləri…
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Azərbaycan Respublikasında məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd edək ki, fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, ölkə qanunlarını, Prezidentin fərman və sərəncamlarını, habelə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.
Dövlətin sosial sığorta və əmək pensiyası siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsində iştirak etmək, fondun büdcə layihəsini hazırlamaq və təsdiq olunmuş büdcənin icrasını təmin etmək, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan qanunvericiliklə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasını təşkil etmək, məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsini həyata keçirmək və digər məsələlər DSMF-nin qarşısında duran əsas vəzifələrdir.
Xüsusi vurğulamaq lazımdır ki, fondun işinin yaxşılaşdırılması istiqamətində son illər ölkə rəhbərliyi tərəfindən çox müsbət işlər görülüb. Məsələn, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinin bir neçəsi üçün müasir binalar tikilib istifadəyə verilib. Həmçinin sığorta-pensiya sisteminin müasir şəraitdə qurulması məqsədilə elektron variantlar tətbiq olunmağa başlayıb. Bütün bunlara baxmayaraq, DSMF-nin bəzi rəhbər işçiləri ancaq öz mənafelərini fikirləşirlər. Vətəndaşların əksəriyyəti fondda rəhbər postları tutan insanların demək olar ki, heç birini tanımırlar. Çünki həmin şəxslər indiyə kimi mətbuatın gündəminə az-az gəliblər. Başqa sözlə desək, müxtəlif yollarla baş verən bütün proseslərdən arxa planda qalmağa müvəffəq olublar. Lakin fondda elə şəxslər işləyir ki, onların xoşagəlməz fəaliyyəti çox böyük problemlərin yaranmasına rəvac verir. Bu gün sizə fond sədri Elman Mehdiyevin müavini Zakir Babayevin iştirakı ilə həyata keçirilən bir sıra qanun pozuntuları haqda danışmaq istəyirik.
Əvvəlcə qısaca bildirək ki, DSMF-nin birinci sədr müavini Zakir Hadı oğlu Babayev 1951-ci ildə anadan olub. 64 yaşlı müavin düz 1993-cü ilin yanvarın 12-dən bu yana sözügedən vəzifədə çalışır. Yəni o 22 ildir ki, sədr müavinidir.(gundelik-baku)Bu göstəriciyə görə Babayev hətta bəzi məmurların arasında rekord da vurub. Bura qədər isə 1974-cü ilin avqustundan 1986-cı ilin yanvarınadək SSRİ Kimya və Neft Maşınqayırma Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Layihə Texnoloji Neft Maşınqayırma İnstitutunda mühəndis, böyük mühəndis, plan-istehsalat şöbəsinin müdiri vəzifələrində çalışıb. Əldə etdiyimiz məlumatlara görə, müavin bir neçə xırda dövlət müəssisəsindən yığılan pensiya sığortalarının fonda daxil olmasına imkan vermir: “Təqaüdlərin zaman-zaman gecikməsi də məhz bununla bağlıdır. Dövlət idarələrindən yığılan pensiya sığortası pulları fonda tam şəkildə keçirilmir və kimlərinsə şəxsi büdcəsinə yönəldilir. Zakir Babayev Dövlət Sosial Müdafiə Fondunun ən güclü fiqurlarından biri hesab edilir. Yoxsa 22 il eyni vəzifədə qala bilməzdi. Fondun fəaliyyət sahəsinə aid olan məsələlərin bir çoxu onun nəzarəti altındadır. Sədr müavininin ən böyük qazancı isə tikinti layihələrindəndir.
Bildiyiniz kimi, dövlət büdcəsindən fondun yerli şöbələrinin binalarının təmirinə və yenidən tikilməsinə külli miqdarda vəsait ayrılır. Araşdırma aparılsa, məlum olar ki, tikinti işlərini həyata keçirən şirkətlərin demək olar ki, hamısı sədr müavininə yaxın şəxslərin idarəçiliyindədir. Təbii ki, bu tikinti işlərində adıçəkilən məmurun bəzi maraqları təmin olunur. Məhz belə işlərin sayəsində müavin 22 ildə şəxsi sərvətini xeyli artırıb”. Deyilənə görə, sədr müavininin təkcə Bakı şəhərinin ərazisində 100-dən çox obyekti fəaliyyət göstərir: “Həmçinin Beyləqan və İmişli rayonlarında iri fermalarının olduğu bildirilir. O, mətbuata qapalı olduğu üçün biznesi haqda informasiyalar çox məhduddur”. Qeyd edək ki, Zakir Babayev artıq pensiya yaşına çatıb. Buna rəğmən, hələ də yerini başqasına vermək barədə fikirləşmir. Biz isə hesab edirik ki, 64 yaşlı məmur artıq gənc kadrlara şərait yaratmalı və öz ərizəsi ilə işdən getməlidir.
P.S. DSMF-nin yerli şöbələri üçün tikilən, eyni zamanda təmir edilən binalarının açılış mərasimində qırmızı lenti əsasən Zakir Babayev kəsir, Elman Mehdiyev yox. Görəsən, niyə?





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net