“ABŞ imkan verməz ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi etsin”
Tarix: 27-02-2021, 09:29 | Çap et
“ABŞ imkan verməz ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi etsin”
“Ermənistan ordusunun bütün komanda heyəti Baş nazir Nikol Paşinyanın istefasını tələb etsə də, onların arasında Müdafiə naziri Vaqarşak Arutyunyan yoxdur. Bu, olduqca maraqlıdır.

Əvvəla nəzərə almaq lazımdır ki, Müdafiə naziri Vaqarşak Arutyunyan Nikol Paşinyana yaxın adamdır.

İkincisi, Arutyunyanın Baş Qərargah rəisi Onik Qaspariyandan fərqli olaraq ağlı var. Bilir ki, hakimiyyəti götürsələr belə onu oyundan çıxaracaqlar və hakimiyyət keçəcək Köçəryan-Sarksiyan cütlüyünün əlinə”.

Bunu Reyting.az-a Ermənistanda baş verən son olayları şərh edən politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, hər iki halda Rusiya prosesdən uduşlu çıxacaq və Paşinyan hakimiyyətdən gedəcəyi təqdirdə Baş nazir postunu rusların adamı tutacaq: “Burada hərbçilər arasında rusların adamı olmayan yeganə şəxs bəlkə də Vaqarşak Arutyunyandır. Həm də indi erməni ordusu nə erməni polisi ilə üz-üzə gəlmək, nə də qarşıdurmada iştirak etmək imkanındadır”.

C. Nuriyevin fikrincə, Ermənistan ordusunun hətta aşağı personalı da bilir ki, hakimiyyətə başqası gələcəyi təqdirdə Qarabağda müharibəni gündəmə gətirəcək və ermənilər yenidən qırılacaq: “Üstəlik, bu halda ordunun cəmiyyətdə nüfuzunun olmayacağı da bəllidir. Müdafiə naziri Arutyunyan da bunları yaxşı bilir”.

Politoloq qeyd edib ki, N. Paşinyan hakimiyyətdə qalacağı təqdirdə ordunu ona qarşı çıxanlardan təmizləyəcək: “Nəzərə almaq lazımdır ki, ABŞ-ın dünyada dördüncü ən böyük səfirliyi Ermənistandadır, onun iki mindən çox əməkdaşı var. ABŞ imkan verməz ki, Rusiya Ermənistanda dövlət çevrilişi etsin. Ruslar sonda bu reallıqla razılaşmalı olacaq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net