Neyjmakov: “Uzun müddət davam edən silahlı qarşıdurma Paşinyan üçün ciddi riskə çevriləcək”
Tarix: 13-07-2020, 20:14 | Çap et
Neyjmakov: “Uzun müddət davam edən silahlı qarşıdurma Paşinyan üçün ciddi riskə çevriləcək”

“Ermənistanın Baş naziri Nikol Paşinyan üçün Azərbaycanla uzunmüddətli silahlı qarşıdurmaya girmək ciddi ölkədaxili siyasi risklərə səbəb ola bilər”.

Bu barədə Media.az-a rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov açıqlama verib.

Onun sözlərinə görə, yay aylarında Ermənistan-Azərbaycan münasibətlərində gərginlik, o cümlədən, silahlı toqquşmalar tez-tez müşahidə olunur.

“Misal üçün, 2017-ci ilin iyul ayının əvvəllərində Azərbaycanın Füzuli rayonunda mülki şəxslərin ölümünə səbəb olan hadisələri xatırlaya bilərsiniz. Yaxın günlərdə silahlı toqquşmaların intensivliyinin artması riski olduqca yüksəkdir, baxmayaraq ki, 2016-cı il aprel müharibəsinin miqyasından və müddətindən böyük olan silahlı qarşıdurmaya keçid barədə danışmaq hələ tezdir.

Böyük ehtimalla, beynəlxalq vasitəçilər (ilk növbədə Rusiya) rəsmi Bakı ilə Yerevan arasındakı gərginliyin azalması istiqamətində səylərini artıracaq ”, - deyə M.Neyjmakov bildirib.

Ekspertin fikrincə, dünya təcrübəsi göstərir ki, etiraz dalğası üzərindən vəzifəyə gəlmiş müxalif siyasətçinin (Ermənistanın hazırkı baş naziri kimi) güc strukturlarına arxalanması onun öz hakimiyyətini itirmək təhlükəsini artırır. Uzun müddət davam edən silahlı münaqişə Ermənistanda hüquq-mühafizə orqanlarının nüfuzunu Paşinyan üçün ciddi risklər törədə biləcək səviyyəyə qədər qaldıra bilər.

“Eyni zamanda, unutmayaq ki, Pşinyan sabiq prezident Serj Sarqsyanı və onun komandasını ləkələmək üçün 2016-cı il aprel müharibəsini bir vasitə kimi istifadə edirdi. Yeri gəlmişkən, 2020-ci il iyun ayının sonunda 2016-cı il hadisələrinin səbəblərini araşdırmaq üçün cavabdeh olan Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin nümayəndələri sentyabr ayında bu məsələ barədə yekun nəticələri təqdim edəcəklərinə söz veriblər.

Silahlı toqquşmaların hazırkı mərhələsi uzanarsa, Nikol Paşinyan daxili siyasi rəqiblərinin tənqidləri altında qalacaq”, - deyə M. Neyjmakov fikirlərini tamamlayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net