Siyasiləşdirilən din və dindarlaşdırılan müxalifətçilik: DİNİMİZ VƏ ÖLKƏMİZ ÜÇÜN TƏHDİDLƏR
Tarix: 18-01-2019, 15:53 | Çap et
Siyasiləşdirilən din və dindarlaşdırılan müxalifətçilik: DİNİMİZ VƏ ÖLKƏMİZ ÜÇÜN TƏHDİDLƏR
Bu fani dünyada Adəm övladının nəfsinə qul olması, ağıl, ruh və mənəviyyatın gözardı edilməsi nə qədər acı olsa da, bir gerçəklikdir. Babalarımızdan əxz etdiyimiz Allaha imanı, əqidə və əxlaqı tərənnüm edən ilahi qanun – müqəddəs dinimiz mənəviyyat aləmimizin tənzimləyicisi kimi daim bütün baxışların, fikirlərin, ideyaların fövqündə dayanmışdır. Bu səbəbdən 1400 yüz ildən artıq böyük zaman kəsiyində İslam dini saflığını qoruya bilmiş, hidayət çırağı kimi mənəvi dünyamıza nur saçmışdır.

Lakin təlatümlərlə dolu, iki dəfə dünya müharibəsinə şahidlik etmiş XX əsr həm də dini dəyərlərimizin siyasi məqsədlərə alət edilməsi dövrü kimi tarixləşdi. XXI əsrdə bu meyllərin daha da dərinləşməsi korkoranə təqliddən uzaq, dini inanca aydın baxışları ilə seçilən istənilən dindarda narahatlıq doğurmaya bilməz. Odur ki, bu yazımızda İslam dininin siyasiləşdirilməsi, eləcə də ölkəmizdə radikal müxalif baxışlara malik siyasi düşərgənin dindarlaşdırılması mövzusundan, bu prosesi dəstəkləyən qüvvələrdən bəhs edəcəyik.

İlk öncə ümumdünya kontekstində dinin siyasiləşdirilməsi ilə bağlı bir sıra əsas məqamlara nəzər salaq.

Beynəlxalq aləmdə öz gücünü isbat etməyə çalışan və bunun üçün rəqib tapmayan böyük güclər, həmin rəqibi “yaratmaq məcburiyyəti”ndə qalırlar. Bu mənada ölkəmizdə maraqları olan dövlətlər, hətta özünü demokratik dəyərlərin daşıyıcısı kimi göstərən Qərb ölkələri də din, eləcə də radikal islamçılıq amilindən yararlanmağa səy göstərirlər.

2001-ci ilin 11 sentyabr tarixindəki terror aktından sonra “İslam terrorizmi” simasında “beynəlxalq terror” adlanan həmin “rəqibin yaranması” ilə yeni mərhələ başladı. Bu mərhələdə “siyasi İslam” mövqeyini möhkəmlətdi. 18 dekabr 2010-cu ildə başlayan “Ərəb baharı” dalğası isə “siyasi İslamı” Yaxın Şərqin, eləcə də dünyanın gündəmindəki əsas mövzuya çevirdi. Hətta 60 il ərzində aktual problem olan Fələstin məsələsi də qismən arxa plana keçdi, desək, yanılmarıq. Bu mənada Yaxın Şərqdəki (Müsəlman Şərqi) mövcud durumun, yəni İslam dininin siyasiləşdirilməsi, eyni zamanda radikal müxalif düşərgənin “dindarlaşdırılması”nın bəzi güclərin ortaq maraqlarına cavab verməsi şəksizdir.

Ölkəmizdə eyni mahiyyətli prosesə cəhddə İran artıq 25 ildən artıqdır ki, ciddi səy göstərsə də, bir nəticə hasil olmur. Qeyd olunan cəhddə İranın əsas məqsədi ölkəmizdə ya İslam İnqilabını gerçəkləşdirmək, ya da ətrafında siyasiləşdirilmiş şiə kontingentinin çoxluq təşkil etdiyi bufer zona yaratmaqdır.

Hadisələrin gedişi göstərir ki, dinin siyasiləşdirilməsində maraqların üst-üstə düşməsi bir neçə onilliklər ərzində bir-birinə qarşı barışmaz mövqe tutan İranla Qərbin Azərbaycandakı fəaliyyətlərində pərdəarxası ittifaq mövcuddur. Əgər İran əvvəllər yalnız özünə bağlı və dünyəvi dəyərlərə zidd mövqedə dayanan qruplar, təşkilatlar yaradıb onları dəstəkləyirdisə, artıq son illər dünyəvi müxalifətlə də münasibətlərə açıq olan təşkilatın yaradılmasına ən azı “xeyir dua” verməklə, həm dinin siyasiləşməsi, həm də yerli radikal müxalifətin “dindarlaşması”na rəvac verir.

Dünənə qədər Qərbə və Azərbaycandakı Qərbmeyilli dairələrə qarşı od püskürən İranpərəst dini kontingent, bu gün nədənsə həmin qüvvələrlə birləşməyə çalışır, müxalifət düşərgəsində dinlə siyasətin sintezindən ibarət, dünyəvi olub-olmaması bəlli olmayan istiqamət götürüb “mübarizə” apardıqlarını iddia edirlər. Şübhəsiz ki, burada da hər kəs öz oyununu oynayır. Görünən odur ki, arada qalan, zərər çəkən isə sadəlövh həmvətənlərimiz olur, istər dindar olsun, istərsə də qeyri-dindar.

Məlumdur ki, dini heysiyyət olduqca həssas mövzudur. Bir kütlənin dəstəyini qazanmaq üçün isə onu sadəcə inandırmaq kifayət edir. Üstəlik, bu inanc da dini inanc ola. Görünən odur ki, İran bu məqamda İslam İnqilabına gətirib çıxaran tarixi təcrübədən yararlanaraq vəziyyəti öz xeyrinə dəyişmək istəyir. Təkcə “Müsəlman Birliyi Hərəkatı” adlandırılan qrupun şüarına nəzər salsaq, belə ideyaların hansı mətbəxlərdə hazırlanması və məkrli hədəfləri barədə aydın təsəvvür yaranar. Şüardakı “İslam dinində və milli məfkurədə ümmətçilik” ifadəsi ilk baxışda zərərli görünməsə də, belə fikirlərin cəmiyyətdə, xüsusilə dinə meylli gənclərdə şüuraltı düşüncələrin formalaşmasına gətirib çıxaracağı şübhə doğurmur. Bəli, belə şüar və çağırışlar Azərbaycanda dünyəvi dövlətçiliyə qarşı alternativ kimi təqdim edilir. Məhz, bu “ümmətçi”liyə çağırış edən şüarın özü dövlət və xalq olaraq birliyimizi simvolizə edən Azərbaycançılıq ideologiyasına alternativ kimi təqdim edilmirmi?! Axı hər bir Azərbaycan vətəndaşı, Azərbaycançılıq məfkurəsi ətrafında birləşir, azərbaycanlı olmağımızla fəxr edirik. Məgər burada dinə zidd nəsə varmı?! Digər tərəfdən, azərbaycanlı kimliyinin içərisində İslam dininə mənsubluğumuzun olmasını dərk etmək üçün hansısa müctəhidə sual ünvanlayıb cavabmı gözləməliyik?!

Azərbaycanda son illər dinin siyasiləşməsi cəhdlərini müşahidə etmək İslam dinini paklığı, ülviyyəti və saflığı ilə yaşamağı həyat normasına çevirmiş dindarlarda istər-istəməz təlaş yaradır. Belə ki, xüsusilə 2015-ci ilin əvvəllərindən etibarən “Müsəlman Birliyi Hərəkatı” kimi təqdim edilən, dini zəmində formalaşdırılsa da, siyasi ağırlığın daha çox nəzərə çarpdığı qruplaşmanın yaradılması ilə Azərbaycanda dinin siyasiləşdirilməsi və başqa səbəblərdən narazı olan kütləni onun çətiri altında birləşdirilməsinə təşəbbüslər aydın hiss edilirdi. Bildiyimiz kimi, İslam dini dözümlü, xoşgörüşlü olması ilə yanaşı, həm də müəyyən çərçivə, norma və prinsiplərə malikdir. Bu prinsiplərdən sabitqədəmlik, əqidə birliyini xüsusi qeyd edə bilərik. Siyasət isə dəyişkən bir fenomendir. Siyasətçinin manevr etməsi, hansısa gedişləri, populist çıxışları ola bilər. Çünki bu addımlar siyasətin xarakterindən irəli gəlir və yalnız dünyəvi məsələlərin tənzimlənməsində istifadə olunur.

Təəssüf ki, özünü “ruhani” kimi qələmə verib, dini siyasi təşkilat yaradaraq “düşmənimin düşməni dostumdur” prinsipinə söykənənlər istənilən siyasi təşkilatlarla əməkdaşlığa gedirlər, yetər ki, onlar radikal və Azərbaycan dövlətinə qarşı olsunlar. Ən azı ideoloji cəhətdən İranın nəzarətində olması şübhə doğurmayan belə dini-siyasi qruplaşmaların bir çox hallarda məhdud dünyagörüşü və bilik səviyyəsinə malik gəncləri öz ətrafına yığa bilməsi arzuolunmaz vəziyyət yaradır. Şübhəsiz ki, bunların sayı çox olmasa da, “şərin azı belə çoxdur” deyimini yada saldıqda narahatlıq keçirməmək sadəcə mümkün deyil. Həm müqəddəs dinimiz, həm dövlətimiz üçün yarana biləcək təhlükələrə görə.

Siyasətçilərin öz məqsədlərinə çatmaq üçün manevr etmə cəhdlərini bəlkə də başa düşmək olar. Lakin İslam dininin hər hansı siyasi oyunlarda obyekt, yaxud subyekt rolunda çıxış etməsi, buna cəhdlər göstərilməsi heç cür qəbulolunan deyil. Bu məqamda qərbmeylli, “müxalif baxışlı demokratlar”a yönəlik maraqlı bir sual yaranır: “Doğrudanmı, fəaliyyətləri İran mətbəxində hazırlanmış ideyalarla istiqamətləndirilən və konstitusiya quruluşuna alternativ kimi çıxış edən dini qruplaşmalarla dünyəvi əsaslarda qurulduğunu, konstitusiya quruluşu çərçivəsində hakimiyyətə gəlmək istədiyini iddia edən müxalif siyasi dairələr əməkdaşlıq edərkən ölkənin taleyini düşünmürlər? Məgər eyni proseslərin cərəyan etdiyi müsəlman şərqində yaşanan faciələrdən ibrət götürmək bu qədərmi çətindir?”

Bu məqamda yalnız bir gerçəkliyi yaddan çıxarmamalıyıq: “Şimali Afrikadan tutmuş, Yəməndən Suriyayadək İslam dininin siyasi vasitəyə çevrildiyi hansı ölkələrdə əminamanlıq görmək mümkündür?!”. Əgər biz hər səhər evi tərk edib işə gedərkən axşam alacaqlarımız barədə ailəmizdən sifarişlər qəbul ediriksə, qan çanağına dönmüş Suriya, Yəmən, Liviya kimi ölkələrdə insanlar evdən sadəcə olaraq halallaşıb çıxırlar. Bəli, budur siyasiləşdirilmiş İslamın yaratdığı acı mənzərə...
Hurriyyet.org





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net