“Yağ kimi qənimət, yağ kimi korrupsiya” – Əbülfəz Məlikovun “gömrük imperiyası”
Tarix: 7-12-2017, 06:54 | Çap et
“Yağ kimi qənimət, yağ kimi korrupsiya” – Əbülfəz Məlikovun “gömrük imperiyası”
Yağı bahalaşdıran “Trans Broker” MMC dövlət maraqlarını necə “şor qiymətinə” satır?
Yağ bir xalq olaraq bizim məişətimizdə, qida rasionumuzda, eləcə də xalq yaradıcılığımızda mühüm yer tutur. İşlərimizin yağ kimi getməsi, ən asan işlərimizin yağdan tük çəkirmiş kimi başa gəlməsi, “yağlı yerdə” işləyən tanışlarımıza xüsusi hörmət edilməsi və sair kimi adətlər məhz bizim xalqımıza aiddir.
Lakin, son zamanlar yağın qiymətinin çatdığı hədd xalqımızın kövrək ürəyində bu heyvani mənşəli qida məhhsuluna qarşı heç bir insani məhəbbət hissi saxlamayıb. Yəni yediyimizin nə dadı qalıb, nə də ki yağı. Ancaq qısa bir araşdırma aparsaq məlum olar ki, dünyada heç bizdən “yağlı” xalq da yoxdur. Çünki, yağdan bizdəki qədər “yağ” kimi pulu qazanmaq xoşbəxtliyi yəqin ki, heç bir ölkədə yoxdur.
Hamıya məlumdur ki, Azərbaycanda bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır. Başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var. Bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulur. Bir qutudan artıq yağı gömrükdən keçirməyə qoymurlar. Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Rusiya, Yeni Zelandiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir.
Ə. Məlikovun “balina piyli inək yağları”
Azərbaycanada yaranan bu “yağ kimi yağ probleminin” əsas baiskarının da kim olduğu məlumdur. Ucundan “yağ damcılayan” bu biznes “broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun monopoliyasındaddıır. Ancaq Rubrika.az-a daxil olan məlumatlarda Ə. Məlikovun bu “yağ monopoliyasının” əslində xalqımıza heç də yağ kmi başa gəlmədiyini göstərir. Çünki, Məlikovonun “yağ monopoluiyasının” içindən tamam başqa qatqılar da çıxır. Həm də Əldə olunan məlumatlarda bildirilir ki, Ə.Məlikovun idxal etdiyi yağların içinə balina yağı və heyvanların iç piyini qatırlar.
Ölkədə kərə yağlarının dəqiq mükəmməl ekspertizası aparılmır. Uzun müddət ölkədə balina yağı, heyvanın iç yağlarından qatıb, üzərinə ekoloji cəhətdən təmizdir yazılmış və kərə yağını imitasiya edən, açanda onun qoxusunu verən “Toplyonoye maslo”, “Novvejskoye maslo” olub. Bunların üzərində inək şəkli vardı. Hətta yerli “Fazil” firması kərə yağını imitasiya edən və tərkibində ümumiyyətlə kərə yağı olmayan kərə yağına bənzər mallar buraxırdı. İnsanlar da bunu kərə yağı kimi alırdı. Xüsusən də dəmir qablarda qablaşdırılmış, açanda kərə yağının qoxusunu verən, hansı ki, bu qoxuya kimyəvi maddələr vasitəsilə nail olunur, onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Ancaq Ə.Məlikovun sayəsində keyfiyyətsiz məhsullar Azərbaycan bazarına buraxılır.
Belə desək Azərbaycanda inəklərin yağları Ə. Məlikovun “standartlarına” cavab vermədiyi üçün daxili bazara ayaq aça bilməyib. Yəqin ki, cənab Məlikov möhtərəm prezidentin daxili istehsalın inkişafına dövlət qayğısının artırılması barədə göstərişinə belə əməl edir. Ümumiyyətlə Ə. Məlikovun dövlət başçısının göstərişlərinə nə dərəcəd əməl etdiyini görmək elə də çətin deyil.
“Trans Broker”- qorxulu yuxu, yoxsa real təhlükə
Xatırladaq ki, 2016-cı il ərzində gömrük sahəsində vəziyyəti nizamlamaq üçün bir sıra yeni qərarlar qəbul edilib. Lakin, uzun illər ərzində gömrük sistemində kök salan, sahibkarların qorxulu yuxusuna, qara kabusuna çevrilən bir sıra məmurlar üçün prezidentin qərarları belə əhəmiyyətsiz olub., Gömrük sistemində dəhşətli dərəcədə korrupsiyalaşmış, sahibkarların yağmalanmasını həyata keçirən “Trans Broker” MMC və onun rəhbəri Əbülfəz Məlikovun əməlləri artıq sərhədd tanımır.
Həmin məlumatlarda bildirilir ki, Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-qanuni nəzarət edən “Trans Broker” MMC ölkədə sahibkarlığın, normal biznes mühitinin formalaşdırılmasının qarşısında başlıca maneədir. Dövlət başçısı hər dəfə azad rəqabət mühitinin yaradılmasının, monopoliyanın ləğv edilməsinin vacibliyini vurğuladıqca Əbülfəz Məlikov və brokerçilər gömrükdə yağmalamanı, talançılığı daha da şiddətləndirirlər. Monopolistlərin maraqlarının müdafiəçisi kimi fəaliyyət göstərən Ə. Məlikov sahibkarlara qan uddurur, onları müflis olma həddinə çatdırır.
Redaksiyamıza məlumat verən sahibkarlar bildirir ki, ölkədə əksər məhsulların qiymətlərinin baha olmasının əsas səbəbi gömrükdə Ə.Məlikovun brokerçilərinin tətbiq etdikləri yüksək rüşvət və monopolistlərin maraqlarını müdafiə etmələridir. Sahibkarlar bildirir ki, prezidentin çıxışlarından ruhlanaraq öz fəaliyyətlərini genişləndirmək istəsələr də “Trans Broker” MMC-nin qanunsuz əməlləri onları çətin duruma salıb. Gömrükdən keçən bütün yükdaşımalara, yəni karqo biznesinə nəzarət MMC-nin əlində olduğu üçün daxili bazarlarda qiymət tənzimləməsini də bir növ onlar həyata keçirirlər. Sahibkarlar bildirirlər ki, əgər “Trans Broker” MMC-nin aldığı rüşvətlər olmasaydı ölkədə qiymətlər bir neçə dəfə ucuzlaşa bilərdi. Amma, Ə. Məlikovun brokerləri monopolistlərin maraqlarına uyğun olaraq elə rüşvət məbləği tətbiq edirlər ki, daxili bazarlarda qiymətlər də onların maraqlarına uyğun müəyyənləşir. Gömrükdə toplanan bu rüşvətin məbləği isə hər il milyardlarla ölçülür.
Xatırladaq ki, Gömrük nazirliyinin səlahiyyətlətini qeyri-qanuni həyata keçirən “Trans Broker” MMC Gömrük Məcəlləsinin 22 maddəsinə əsaslanaraq yaradılıb. Orada göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranizitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. “Trans Broker” MMC də himayədarlarının verdiyi səlahiyyətlər çərçivəsində sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edir. “Trans Broker” MMC-nin iş prinsipi – rüşvət yığma metodu da sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti şəxsi hesablara yönəldir. Təsəvvür edin ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz. Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə «haqq» ödəməlidir. Bu şəbəkəyə Əbülfəz Məlikov başçılıq etsə də, onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və rüşvəti də onlar alıb mərkəzə ötürür. Onlar oliqarxların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. “Trans Broker” MMC iş adamlarının idxal etdiyi məhsuldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60-70 faizini əvvəlcədən rüşvət şəklində onların əlindən alır. Ancaq bununla da kifayətlənməyib, iş adamlarını cinayətə məcbur edir, onları gətirdikləri malın dəyərini rəsmi bəyannamədə dəfələrlə aşağı göstərməyə təhrik edirlər. Yığılan rüşvət isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır.
Xalaoğluların “Brokeri” və yaxud “Broker”in xalaoğlusu
Bütün baş verən qanunsuzluqlarda isə “Broker” MMC-nin kilid isimlərindən biri də Anar Allahverdiyevdir. Rubrika.az-a “Broker” MMC-nin əsas fiqurlarından biri olan A. Allahverdiyev barədə ilginc məlumatlar daxil olub.
Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun “Broker” MMC-nin “kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir.
Anar Allahverdiyevin “Broker” MMC-nin hesabına qazandığı milyonlarları əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar. Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun “bəzi işlərini” görüdüyü deyilir. İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesindəiştirak edir.
Bildirilir ki, Əbülfəz Məlikov “Broker” MMC-nin əli ilə əldə etdiyi milyonlarla manat vəsaitləri xalası oğlu, ən inandığı adamına etibar edib. Adı “Broker” MMC-nin işçisi kimi yazılan Anar Allahverdiyev demək olar ki, ilin 7-8 ayını Amerikada və Avropada keçirir. Onun bu qitələrə məhz Məlikovun tapşırığı ilə getdiyi və işlər gördüyü iddia olunur. Mənbələr bildirir ki, Anar Allahverdiyev öz əyləncələrindən də qalmır. ABŞ və Avropa səfərləri zamanı dünyanın ən bahalı məkanlarında istirahət edən Əbülfəz Məlikovun “sağ əli” “Broker” MMC-nin “pulları”nı kef məclislərinə xərcləyir. İddia edilir ki, bu şəxs “Broker” MMC-nin çirkli pullarının hesabına Amerikada və Avropada bir ayda 200-300 min manat xərcləyir. Məlumatlı mənbələr həmçinin iddia edir ki, Anar Allahverdiyevin Bakı şəhərində onlarla mülkü var. Onun sahib olduğu mülklərin, obyektlərin əksəriyyətinin Əbülfəz Məlikova məxsus olduğunu demək olar. Paytaxtın Teymur Əliyev küçəsində yan-yana tikilən 3 villanın təkcə qiyməti 10 milyon manata yaxındır. İsmayıllı, Qəbələ, Quba, Şamaxı, Qax rayonlarında onlarla imarətin qiymətini isə hesablamaq çətindir. Anar Allahverdiyevin sürdüyü maşınların ən ucuz qiymətiinin 150 min dollar olduğunu qeyd edə bilərik.
“Yağ kimi QƏNİMƏT”
Xatırladaq ki, Ə. Məlikov işlərinin “yağ kimi” getməsi üçün zaman-zaman müxtəlif qaranlıq razılaşmalara-hətta dövlətin maraqlarına zidd olsa belə getməyi bacrıb. Son zamanlar qatı müxalifətçi Qənimət Zahidin Əbülfəz Məlikovun sırf müdafiəçisi qismində çıxış etməsi və eyni zamanda “Azərsun”un “üstünə getməsi” də bir çox “yağlı mətləblərdən” xəbər verir. Ə.Məlikovun birdən-birə Q. Zahidin rəğbətini qazanması çox maraqlı bir nüansdır.
Göründüyü kimi, Ə.Məlikov “Trans Broker” MMC-ni gömrük sistemində rüşvətin, korrupsiyanın alınmaz qalasına çeivirə bilib və hələ ki, ölkə qanunlarını heçə sayaraq istədiklərini reallaşdıra bilir. Əməlləri ilə bilavasitə dövlət başçısının əmr və göstərişlərinə xəyanət edən MMC-nin fəaliyyəti ölkədə azad sahibkarlıq mühitinin formalaşmasına sədd çəkir.Onun əməlləri nəticəsində artıq bıçağın sümüyə dirəndiyini, belə şərtlər altında ölkədə azad sahibkarlığın mümkün olmayacağı aydındır. Sual olunur ki, Ə. Məlikov ölkə başçısının əmr və göstərişlərini dırnaqarası siyasi yolla heçə saymaqla kimlərin maraqlarına xidmət edir və həmin qüvvələr dövlətin ali iradəsindən güclüdürmü? Cavablar çox maraqlıdır və biz də o cavabı gözləyirik!




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net