Kitabxanasız, yaraqxanasız GDU
Tarix: 14-10-2016, 07:38 | Çap et
Kitabxanasız, yaraqxanasız GDU
Qəzetimizin 06.10.2016-cı il tarixli sayında dərc olunmuş “GDU-da çoxtirəlik” başlıqlı məqalədə bu ali təhsil müəssisəsinin fəaliyyətində müşahidə olunan çoxsaylı qanun pozuntularından, müxtəlif neqativ hallardan ətraflı bəhs olunmuşdu. Etiraf edək ki, biz hətta bu materialda artıq Gəncə Dövlət Universitetinin rəhbərliyi tərəfindən yol verilən özbaşınalıqları atm olaraq əhatə edə bildiyimizi də düşünmüşdük. Lakin necə deyərlər, sən saydığını say...

Dünən redaksiyamıza Gəncədən olunmuş müraciətdə GDU-da təhsil alan tələbələrin növbəti problemləri diqqət mərkəzinə gətirilir. Mənbə bildirir ki, universitetin rektoru Yusif Yusibovun və onun “xeyir-duası” ilə, İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun özbaşınalıqlarının daha bir acı nəticəsi olaraq, bu gün GDU-nun tələbələri eyni zamanda həm normal təhsil almaq, həm də normal istirahət etmək imkanlarından da məhrum ediliblər. Bu problem isə, universitetin nə kitabxanasının, nə də yataqxanasının olmaması ilə bağlı yaranıb. Amma bu yoxluq yalnız faktiki, yəni reallığı əks etdirən durumdur. Kağız üzərində isə, hər şey başqa cürdür. Məsələn, Vikipediya açıq ensiklopediyasının saytında əks olunan məlumatda deyilir: “Universitetin 3 tədris korpusu, kitabxanası, idman zalı, yataqxanası və müasir kompyuter avadanliğı ilə təhciz olunmuş informasiya mərkəzi vardır...” Lakin tələbələr artıq neçə ildir ki, nə bu “var” olan kitabxanadan, nə də yataqxanadan istifadə edə bilmirlər. Məlum olduğu kimi, Gəncədə fəaliyyət göstərən 3 ali təhsil müəsssəsinin yataqxanaları 1993-cü ildə erməni işğalı nəticəsində dədə-baba yurdlarından didərgin düşən soydaşlarımızın yaşayış evlərinə çevrilib və onlar son illərə kimi burada yaşayıblar. O cümlədən, Gəncə Dövlət Universitetinin yataqxanasında yerləşdirilən qaçqın və məcburi köçkünlərə görə, bu ali məktəbdə təhsil alan tələbələr kirayə tutduqları mənzillərdə yaşamaq məcburiyyətində qalmışdılar. Lakin 2014-cü ildə dövlət proqramına uyğun olaraq, məcburi köçkünlər yeni şəhərciklə təmin olundular. Həmin vaxtdan iki il keçməsinə baxmayaraq, ali təhsil ocağının yataqxanası bərbad vəziyyətdə qalmaqdadır. Bu gün də 5 mərtəbəli 3 korpuslu yataqxanadan təyinatı üzrə istifadə etmək mümkün deyil. Universitetin prorektoru Fəxrəddin Həsənov isə, hələ ötən il tələbələrin minimum tələbatını təmin etmək üçün korpuslardan birinin təmir edilərək istifadəyə veriləcəyini bildirmişdi. Daxil olan məlumatda da mənbələr iddia edirlər ki, yataqxananın təmirini GDU-nun daxili imkanları hesabına həyata keçirmək olardı: “Universitetimizin kifayət qədər böyük yataqxanası olsa da, biz tələbələr hələ də kirayədə qalmağa məcburuq. Fəxrəddin Həsənov hələ ötən il söz vermişdi ki, bu problem həll olunacaq. Amma sonradan başladılar bəhanə gətirməyə ki, təmirə pul yoxdur. Təmirə pul yoxdur, amma rektorun da, digərlərinin də bahalı maşınlar almağa, villalar tikdirməyə pulları var. Əlbəttə ki, yeyinti, korrupsiya olan yerdə təmirə pul qalmaz. Eyni vəziyyət kitabxana ilə də bağlı hökm sürür. Gəncə Dövlət Universiteti kimi bir ali təhsil müəssisəsinin hələ indiyə qədər elektron kitabxanası yoxdur. İnan ki, biz tələbə ola-ola bu vəziyyətdən utanırıq, amma rəhbərliyin bu heç vecinə də deyil. Əlbəttə, onlara belə sərf edir. Tələbə nə qədər savadsız qalsa, ondan pul qoparmaq şansı da bir o qədər yüksək olacaq. Pul qoparmaqda isə, “bizimkilərə” çatan olmaz...”

Göründüyü kimi, Gəncə Dövlət Universitetinin problemləri nə saymaqla, nə də yazmaqla başa çatan deyil. Bu problemləri həll etməyin yeganə yolu isə, yalnız Təhsil Nazirliyi tərəfindən GDU-da əsaslı kadr islahatlarına başlanmasından keçə bilər.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net