«Sədərək Yusif»in istirahət mərkəzində adamın «dərisini soyurlar»
Tarix: 30-08-2016, 10:36 | Çap et
«Sədərək Yusif»in istirahət mərkəzində adamın «dərisini soyurlar»
Azərbaycanın əksər rayonlarında geniş şəkildə yayılmış İstirahət Mərkəzlərinin bir çoxu öz təyinatına uyğun işləsə də, bir çoxları ya başqa məqsədlər üçün yaradılıb, ya da əhalinin cibini soymaq üçün nəzərdə tutulub. Xızıdakı «Cənnət Bağı» kimi tanınan mərkəz də ikincilər kateqoriyasındadır.
Həmin istirahət mərkəzində dincəlmək üçün üz tutumş şəxslərin Vertikal.az-a verdiyi məlumatda deyilir ki, sözügedən məkanda sözün həqiqi mənasında anormallıq hökm sürür. İlk olaraq qiymətlərin həddindən artıq baha olmasından şikayət edən vətəndaşlar bildirirlər ki, iki nəfərlik adi günorta yeməyi minimum 250 manata başa gəlir. Əlavə nələrsə sifariş olunarsa, hesab 500 manata qədər qalxa bilər.
Onlar deyirlər ki, «Cənnət Bağın»da ayı da saxlanılır. Qəfəsdə yerləşdirilmiş bu vəhşi heyvanın saxlanılmasının səbəbi isə bura gələn məmurları əyləndirməkdir. Belə ki, davamlı olaraq Bakıdan «Cənnət Bağı»nı üz tutan həmin yüksək çinli məmurlar ayının çıxardığı min oyuna baxır və bununla da şənlənirlər. Hələlik ayını yemədikləri isə hamıda təəccüb doğurur.
Bu «bağın» bir sıra «özəllikləri» də var. Məsələn, mərkəzin həyətində Heydər Əliyevin büstü qoyulub. Amma onun üzərində sabiq prezidentin doğum tarixi qeyd olunsa da, dünyasını dəyişməsi ilə bağlı heç bir məlumat yoxdur. Təbii ki, biz buna hər hansı bir şəkildə etiraz edə bilmərik. Ola bilər mərkəzin rəhbərliyinin həmin rəqəmi yazmağa əli gəlməyib.
Amma qəribə olan budur ki, belə bahalı yerdə fəaliyyət göstərən 4 ulduzlu otelin giriş qapısında «İtən əşyalara müdriyyət cavabdeh deyil» elanı vurulub. Daha bir elan da var ki, «sudan və işıqdan qənaətlə istifadə edin». Sual olunur ki, «Cənnət Bağı» həqiqətən də istirahət mərkəzidirsə, orada kim oğurluq edə bilər? Hətta belə hal varsa, o zaman bu mərkəzin təhlükəsizliyi niyə belə bərbad vəziyyətdədir. Dincəlməyə gəlmiş insanlar əşyalarını əminliklə oteldə saxlaya bilməyəcəklərsə, o zaman oranın 4 və ya 8 ulduzlu olmasının nə əhəmiyyəti var?
«Cənnət Bağı»ın unikal tərəflərindən biri də başqa yollarla pul qazanmaqdır. Yeməyə görə hesabda müştəriyə «atan» İstirahət Mərkəzinin işçiləri, avtomobillərin saxlandığı yerdən də qazanc əldə etmək imkanına sahibdirlər. Məsələn, bu dayanacaqlarda maşın saxlayanlar hər saat üçün 1 manat ödəmək məcburiyyətindədir. Buna görə, çek tələb olunduqda isə «Biz vergi ilə danışmışıq, belə fəaliyyət göstəririk» deyirlər.
Növbəti pul qazanmaq mexanizmi isə ənənəvi üsullardan ibarətdir. Belə ki, «Cənnət Bağı»nda iki hovuz fəaliyyət göstərir. Onlardan biri Heydər Əliyevin büstünün qarşısında açıq səma altındadır. İkincisi isə qış üçün nəzərdə tutulub və üzəri bağlıdır. Qapalı hovuzda sauna xidmətindən tutmuş, buxar-VİP masajına qədər hər şey var. Giriş qiyməti 20 manatdır və 3 manata qurulanmaq üçün dəsmal almaq da artıq məcburiyyətə çevrilib.
Ortada sauna və qapalı yer varsa, demək orada başqa xidmətlərin də olacağı istisna deyil. Əslində, burada vəziyyət istisnadan da keçib. Redaksiyamıza danışan şəxslər deyirlər ki, həmin saunada 2 gürcü qadın «işləyir». Onların işi intim xidmət təklif etməkdir. Bu barədə hamının, hətta polisin belə məlumatı olsa belə, kimsə cəsarət edib problemin qarşısını ala bilməz. Orada işləyənlərdən birinin dediyinə görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi belə cəsarət edib «Cənnət Bağı»na yaxın düşmür.
Səbəbi təbii ki, məlumdur. Çünki sözügedən İstirahət Mərkəzinin başında duran şəxs «Sədərək» Ticarət Mərkəzinin rəhbəri Yusif Məmmədovdur.
Məsələ ilə qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net