Biləsuvarın restorator başçısı
Tarix: 14-03-2016, 09:07 | Çap et
Biləsuvarın restorator başçısı
Son vaxtlar redaksiyamıza daxil olan məlumatlarda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin fəaliyyətindən doğan narazılıqlara tez-tez rast gəlirik. Etiraf etməliyik ki, rayon sakinlərinin bu məmurun işi, daha dəqiq desək işləri barədə söylədikləri ilə tanış olarkən, bizdə elə bir təəssürat yaranır ki, sanki söhbət bir rayonun icra başçısından deyil, hansısa işbazdan, spekulyasiyalara meyilli ticarət adamından gedir. Sən demə, biz öz zənnimizdə elə də yanılmamışıq. Məsələ bundadır ki, yeni əldə etdiyimiz məlumatlarda Mahir Quliyevin keçmişi, yəni Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğu 2006-cı ilə qədərki fəaliyyəti barədə maraqlı açıqlamalar təqdim olunub. Məhz bu məlumatla tanış olduqdan sonra, biz artıq bu məmurun hazırda tutduğu vəzifədə törətdiyi əməllərinə, tətbiq etdiyi iş üsullarına “haqq qazandırmağa” başladıq. Necə deyərlər, heç kəsdən bacardığından artığını tələb etmək olmaz. Mahir Quliyevin “bacarıqları” isə, onun uzun illər çalışdığı sahələrdə mövcud olmuş spesifik mühitin təsiri altında formalaşıb. Amma bu dediklərimizi daha aydın başa düşmək üçün Biləsuvar RİH başçısının keçdiyi həyat yoluna qısa bir nəzər salmaq lazımdır.
İlk növbədə Mahir Quliyev haqqında təqdim olunan ən maraqlı faktlardan biri budur ki, iddialara görə, bu məmurun əslində heç bir ali təhsili olmayıb. Əmək fəaliyyətinə 1975-ci ildə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə kimi başlayan Mahir Quliyev, yalnız 38 yaşına çatanda ali təhsil haqda düşünməyə başlayıb. Bunun da yeganə səbəbi, onun artıq dövlət qulluğuna, vəzifəyə “düzəlmək” arzusu olub. Beləliklə də, yalnız 2000-ci ildə Mahir Quliyev Bakı şəhərində çox az adamın tanıdığı “Naxçıvan” universitetini İnzibati İdarəetmə ixtisası üzrə “biirərək”, özünü ali təhsil barədə diplomla təmin edib. Onun əmək fəaliyyətinin böyük bir hissəsi isə, “26 Bakı Komissarı” adına rayonun (indiki Səbail rayonu) İctimai iaşə idarəsində müxtəlif vəzifələrdə keçib. Belə ki, 1981-2005-ci illər ərzində Mahir Quliyev bu idarənin tabeliyində fəaliyyət göstərmiş müxtəlif obyekt və müəssisələrdə satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri kimi vəzifələrdə çalışıb. Həmin dönəmdə onun vəzifə karyerasının ən pik nöqtəsi kimi isə, “Sahil” restoranının administratoru vəzifəsini qeyd etmək olar. Açıqlamalarda vurğulanır ki, ilk olaraq ofisant kimi işə götürülən Mahir Quliyev qısa müddətdən sonra, bacarığına görə irəli çəkilir və ən sonda restoranın admnistratoru vəzifəsinə qədər yüksəlməyə nail olur. Demək lazımdır ki, bir zamanlar Bakı bulvarının ən gözəgəlimli, paytaxtın isə ən məşhur obyektlərindən biri olmuş “Sahil” restoranı sovet dönəminin məmurları tərəfindən də çox sevilirdi. Ola bilsin ki, məhz elə bu məqam da Mahir Quliyevin sonradan fəaliyyət profilini dəyişərək, məmur karyerasına üz tutmağında həlledici amil kimi çıxış etmişdir. İstənilən halda, 2005-ci ildə restoran administratoru kimi fəaliyyətini başa vuraraq Səbail rayon bələdiyyəsinin sədr müavini “seçilmiş” Mahir Quliyev, sadəcə bir il bu vəzifədə təcrübə topladıqdan sonra artıq Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat ala bilmişdir. Növbəti beş ili də (2006-2011-ci illər) məhz bu vəzifədə başa vurduqdan sonra, Mahir Quliyev Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib
Bu tərcümeyi-haldan da göründüyü kimi, icra başçısı vəzifəsinə təyinat almazdan öncə Mahir Quliyevin dövlət idarəçiliyində qətiyyən təcrübəsi olmamışdır. Bəlkə məhz elə bu səbəbdən də, rəhbərlik etdiyi rayonda mədəniyyət obyektlərini dağıdaraq, yerində ticarət mərkəzləri inşa etdirmək onun özü üçün normal hal kimi qəbul edilir..?





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net