Məmurlar yalan danışmağa davam edirlər
Tarix: 27-01-2016, 10:01 | Çap et
Məmurlar yalan danışmağa davam edirlər
Azərbaycan iqtisadiyyatının ən ciddi problemlərindən biri ölkədə inhisarçılığın baş alıb getməsidir. Son vaxtlar artıq hökumət rəsmiləri də bu problemlə və onun aradan qaldırılması zərurəti ilə bağlı yüksək səslə danışmağa başlayıblar.
Hətta bəzi məmurların mətbuata açıqlamalarından belə aydın olur ki, artıq Azərbaycanda monopoliyaların ləğvi istiqamətində konkret işlər görülüb. İnhisarçılığın aradan qaldırıldığını iddia edənlər də az deyil. Bəs görəsən, bəzi məmurların bu cür açıqlamalarının əsası varmı? Doğrudanmı, Azərbaycanda inhisarçılıq aradan qalxır? Bu mövzu ətrafında tanınmış iqtisadçı ekspert Qubad İbadoğlunun dünən yazdıqları əslində hər şeyə çılpaqlığı ilə aydınlıq gətirir.
İqtisadçı-alim ölkə iqtisadiyyarındakı inhisarçılığın aradan qaldırıldığı barədə iddialara münasibətini açıqlayaraq özünün sosial şəbəkədəki səhifəsində status yazıb. "Xəbərlər dolaşır ki, gömrükdə inhisarçılıq yığışdırıldı, indi kim hansı malı istəyirsə, ölkəyə maneəsiz gətirə bilər. Artıq arada vasitəçilər, gömrük brokerləri də yoxdur. Gətirdiyiniz malı birbaşa özünüz rəsmiləşdirə bilərsiniz. Həqiqətən də bu deyilənlər özünü praktikada təsdiq edir. Bəs onda qiymətlər niyə ucuzlaşmır?”.
İqtisadçı ekspert bildirir ki, bu sual hazırda hamını düşündürür. O daha sonra fikirlərinə belə davam edir: “Məsələ burasındadır ki, gömrükdə dəyişən yalnız prosedurlardır. Belə ki, əvvəlki proseduraya görə, gömrük brokerləri tələb olunan vəsaiti sahibkardan nağd şəkildə alıb, sənədləşdirmə işini onların iştirakı və məlumatı olmadan daxili qaydalarına uyğun olaraq həll edirdisə, indi həmin işi rəsmi şəkildə gömrük məmurları apaırırlar. İndiki prosedur üzrə də sahibkarın hazırkı ödənişləri ilə əvvəlki ödənişləri arasında ciddi fərq yaranmır. Çünki onlar əvvəl qeyri-rəsmi ödədikləri məbləğ qədər vəsaiti indi rəsmi ödəyirlər. Dəyişən odur ki, əvvəllər ödəniş üçün sənədlər əldə edə bilməyən sahibkarlar hazırda bütün növ ödənişlərinin sənədlərini ala bilirlər. Əksinə, hazırda manatın ikinci devalvasiyasından sonra idxalla məşğul olan sahibkarların xərcləri əvvəlkindən çoxdur. Çünki indi bu xərcləri artıran həm də məzənnə fərqindən yaranan itkilərdir. Yəni manatın ucuzlaşması idxalatçıların ziyanına işləyir. Odur ki, gömrükdə inhisarçılığın aradan qaldırılmasının idxal mallarının qiymətinə əhəmiyyətli təsiri hiss olunmur, çünki sahibkarın xərci nəinki azalıb, hətta bir az da artıb".
İqtisadçı ekspertin yazdıqlarından da göründüyü kimi, Azərbaycanda inhisarların ləğvindən danışmaq üçün hələ çox tezdir. Əlbəttə, monopolizm ölkəmizdə çox dərin kök salmış bir problemdir və onun həllinin çox qısa vaxtda mümkünlüyü real deyil.
Amma ümumi mənzərə hətta hökumət nümayəndələrinin də inhisarçılığın ləğvi zərurəti barədə açıq mətnlə danışmağa başladığı bir vaxtda monopoliyaların ləğv istiqamətində real addımların yetərli olmadığını deməyə əsas verir. Digər tərəfdən, manatın ikinci devalvasiyasından sonra idxalla məşğul olan sahibkarların xərclərinin əvvəlkindən çox olması inhisarçılığa qarşı həyata keçirilən tədbirlərin müsbət effektliliyini azaldır. Xüsusilə qiymətlərin ucuzlaşması istiqamətində hər hansı tendensiyanın müşahidə olunmaması narahatlıq doğurur. Odur ki, hökumətin bu yöndə müəyyən addımlar atmasına ehtiyac var.
Sonda: bəzi məmurların artıq idxalla bağlı hər şeyin “qaydasında olduğunu” dair söylədikləri heç də real durumu əks etdirmir, bu sahədə hələ də ciddi problemlər qalmaqda və öz həllini gözləməkdədir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net