Qaradağda sahibkarlara divan tutulur
Tarix: 25-11-2015, 11:02 | Çap et
Qaradağda sahibkarlara divan tutulur
Qaradağ rayon sakinləri, eləcə də yerli sahibkarlar Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Rasim Rəsul oğlu Əhmədovun əlindən dad edirlər. Bununla bağlı əldə etdiyimiz bilgilərdə deyilir ki, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədrinin son illər ərzində müxtəlif yollarla sahib olduğu sərvətin ümumi dəyəri milyonlarla qiymətləndirilir.
Vertikal.az bildirir ki, Rasim Əhmədovun Qaradağ rayonu ərazisində onlarla obyektin ya tamhüquqlu sahibi, ya da şəriki olduğunu vurğulayan adıçəkilən rayonun sakini, sahibkar Çingiz Zahid oğlu Sultanovun sözlərinə görə, mənzil-kommunal təsərrüfatı birliyinin sədri əlində olan imkanlardan istifadə edərək ayrı-ayrı vətəndaşlara məxsus olan və müvafiq dövlət qurumları tərəfindən qeydiyyatdan keçmiş torpaq sahələrini, həmçinin qeyri-yaşayış sahələrini müxtəlif yollarla özününküləşdirməyə çalışır: "Rasim Əhmədov uzun illərdir ki, bu vəzifədə çalışır və bu müddət ərzində özünə külli miqdarda sərvət toplayıb. Yəni o, Qaradağ rayonundakı bir çox obyekti özəlləşdirib. Belə ki, rayonun Lökbatan qəsəbəsində yerləşən "Xocahəsən" kafesinin yanındakı hamamı öz balansında saxlayan Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri həmin obyektin icarə haqqından əldə olunan gəliri göyə sovurur". Deyilənlərə görə, "Xocahəsən" kafesi də məhz Rasim Əhmədova məxsusdur. O da bildirilir ki, Lökbatan qəsəbəsində yerləşən "profilaktoriya"nın sahibi Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri olsa da, həmin obyekti onun qayınatası Mürşüd müəllim işlədir. "Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri bu illər ərzində o qədər daşınmaz əmlaka sahib olub ki, onları saymaqla bitən deyil" deyən Çingiz Sultanov qeyd edir ki, Lökbatandakı "Kapitalbank"ın yanındakı 2 mərtəbəli obyekt də Rasim Əliyevə məxsusdur: "O, həmin obyekti icarəyə verib və bu gün orada stomatoloji klinika fəaliyyət göstərir. İcarə haqqı isə birbaşa Rasim Əliyevin büdcəsinə daxil olur. Bundan başqa, mənzil-kommunal təsərrüfatı birliyinin sədrinin Lökbatan qəsəbəsində dayanacağın yanında da böyük obyekti olub. Lakin o, bir müddət əvvəl həmin obyekti baha qiymətə satıb. Gördüyünüz kimi, bu adamın sərvətinin ucu-bucağı yoxdur. Lakin buna baxmayaraq, mənə məxsus olan obyekti - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5C ünvanında yerləşən qeyri-yaşayış binasını əlimdən almağa çalışır. Mən rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul oluram və gəlirim də həmin obyektdən çıxır. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri isə icra başçısı Süleyman Mikayılovun göstərişinə əsasən mənə məxsus olan obyekti öz balansına keçirməyə çalışır. Bununla bağlı bütün müvafiq qurumlara müraciət etmişəm. Ancaq hələ də Rasim Əhmədovun əməllərinə lazımi qiymət verilməyib. Halbuki Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 0726801 nömrəli çıxarış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasport, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi Hərracların Təşkili üzrə Auksion Mərkəzi Kiçik Dövlət Müəssisələrinin (obyektlərinin) Özəlləşdirilməsi üzrə Hərrac Komissiyasının 31 mart 2015-ci il tarixdə tərtib etdiyi 10/02 nömrəli hərrac protokolu həmin obyektin mənə məxsus olduğunu təsdiqləyir. Rasim Əhmədov və onun arxalandığı Süleyman Mikayılov isə bu cür önəmli sənədlərə əhəmiyyət vermirlər…" Bütün bunlar onu deməyə əsas verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və mənzil-kommunal təsərrüfatı birliyinin sədri Rasim Əhmədov rayon ərazisində sahibkarlığın inkişafına ciddi maneə yaradırlar. Bu isə onların tutduğu postdan kənarlaşdırılması ilə nəticələnə bilər. Çünki ölkə başçısı növbəti dəfə sahibkarlara mane olmağa cəhd edənlərə qarşı sərt çıxış edib. Belə ki, bu günlərdə dövlət başçısı Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində bildirib ki, sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Məhz bu səbəbdən də sahibkarlara maksimum sərbəstliyin verilməsinin vacibliyini vurğulayan prezident bəyan edib ki, biznesin inkişafına mane olanlar öz cəzasını alacaqlar: "Bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər edilir, onların işinə müdaxilələr, qanunsuz ödəmələr tələb olunur. Bütün bu hallara son qoyulması üçün həm inzibati, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Bunu həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Kim ki, söz başa düşmür, öz cəzasını alacaq". Gördüyünüz kimi, ölkə başçısının çıxışından belə qənaətə gəlmək olar ki, Süleyman Mikayılovun göstərişi ilə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Çingiz Sultanova məxsus olan qeyri-yaşayış binasını onun əlindən almağa çalışdığı üçün Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Rasim Əhmədov ciddi şəkildə cəzalandırıla bilər. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net