“Tamaşaçı bir az qəddardır”
Tarix: 1-02-2016, 09:00 | Çap et
“Tamaşaçı bir az qəddardır”
Qəzetimizin bu həftəki qonağı gənclərə əsil örnək bir ifaçı - əməkdar artist İlahə Əfəndiyevadır. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solistlərindəndir. Bir sıra beynəlxalq vokal müsabiqələri və festivalların iştirakçısı olub. Moskvada Qalina Vişnevskaya adına Opera mərkəzində ixtisasartırma kurslarını bitirib.

Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar, Sergey Raxmaninovun “Aleko” operasında Zemfira, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Gülzar, Cüzeppe Verdinin “Traviata” operasında Violetta, C.Verdinin “Riqoletto” operasında Cilda, Fikrət Əmirovun “Sevil” operasında isə Sevil partiyalarını böyük uğurla ifa etməkdədir. Səsi simasından daha çox məşhur olan ifaçı ötən il dövlət başçısının diqqətindən də kənarda qalmayaraq, Prezident Mükafatına layiq görülüb.

İfaçı gözəl səsə sahib olmaqla bərabər, həm də gözəl ürəyə malikdir. Səsinin sehrinə qapıldıqdan sonra şirin söhbətindən də doymadıq. Beləliklə, gənc ifaçı ilə müsahibəmizi ixtisarla təqdim edirik:

- İlahə xanım, istərdik bir az sizi opera sənətinə gətirən yoldan danışasınız.

- Uşaq yaşlarımdan incəsənətə meyilli olmuşam. Belə ki, həm oxuyur, oynayır, həm də gözəl rəsm qabiliyyətim var idi. İncəsənətlə məşğul olmaqla bərabər, dərslərimi də çox yaxşı oxuyurdum. Nədənsə valideynlərim məni incəsənət sahəsində görmürdülər. Onlar mənim incəsənətə olan həvəsimi ciddi qəbul etmirdilər. Hesab edirdilər ki, mən hüquqşünas olacağam. Tale elə gətirdi ki, sənədlərimi hüquq fakültəsinə verəsi oldum. Amma fikrimi dəyişdim və imtahanlarımı Üzeyir Hacıbəyli adına Konservatoriyada verdim. İlk olaraq qabiliyyət imtahanına getdim, imtahanlardan müvəffəqiyyətlə keçdim və yüksək balla universitetə daxil oldum.

- Ailənizdə incəsənətə olan münasibət necə idi?

- Çox gözəl. Ailə üzvlərimin hər biri böyük istedad sahibidirlər. Onların gözəl musiqi duyumları var. Sadəcə ailəmizdə heç kim incəsənətlə ciddi məşğul olmayıb. Onlar elə hesab edirdilər ki, məndə olan bu həvəs bir hobbidir. Maraqlısı da orasındadır ki, özüm də elə düşünürdüm ki, gələcəkdə hüquqşünas olacağam. Ancaq musiqiyə olan həvəs məndə daha güclü idi. Mənim 5 yaşım olanda artıq Gülçöhrənin ariyasını ifa edirdim. Təsəvvür edin ki, o yaşımda belə, Azərbaycanın korifey sənətkarlarını dinləyir, onlardan nələrsə götürməyə çalışırdım. Kiçik yaşlarımdan musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan “Sənsiz” romansını ifa edirdim. Məktəb dövründə isə muğam ifa etməyə başladım. Ancaq zaman ötdükcə müəllimlərim belə qərara gəldilər ki, mənim səsim opera janrında daha gözəl səslənir.

Daha sonra 6 il konservatoriya - 4 il bakalavr, iki il də magistr təhsili aldım. Elmira Quliyevadan və digər müəllimlərdən bu sənətin sirlərini öyrəndim. Bundan sonra təhsilimi Moskva şəhərində davam etdirdim. Moskvanın görkəmli sənətkarlarından ustad dərsləri aldım. Xaricdə ən azı Rusiyada, Türkiyədə qalmağım üçün mənə çox təkliflər olunsa da, mən vətənimi seçdim. Bu qərarıma görə də heç peşman deyiləm.

- Bir aydır ailə qurmusunuz. Sizə bu yolda qadın səadəti arzu edirik. Bəs, həyat yoldaşınızın sənətinizə münasibəti necədir?

- Çox gözəl. Uzun illərdir arzu etdiyim bir ailəyə sahibəm. Həyat yoldaşım musiqidən kənar sahədə çalışır. Ancaq buna baxmayaraq, musiqini sevir, sənətə, sənətkara, incəsənətə dəyər verir. O, ilk dəfə mənim səsimi bəyənib və sonra mənimlə tanış olub. Qeyd edim ki, o məni səhnədə “Koroğlu” operasında görüb. Tanış olub, ailə qurmuşuq. Ailəmi də sənətimlə birlikdə idarə edirəm. Həyat yoldaşım mənim hər bir işimdə dəstəkçim olub. Mən ona çox arxayınam. Sənətdə olan bütün xanımlara belə bir həyat yoldaşı arzulayıram. Mənim üçün ailə qurmaq çox çətin idi. Bu addımı atmaq üçün çox fikirləşmişəm. Bilirsiniz ki, sənət adamlarının işi çox gərgin və keşməkeşli olduğundan onu hər adam qəbul edə bilmir. Ona görə sənət adamları elə bir insanla ailə həyatı qurmalıdır ki, qarşı tərəf onu anlasın və əziyyətini qiymətləndirsin.

- İlahə xanım, gənclərimiz sizin kimi istedadlı ifaçıları az tanıyırlar. Halbuki, şou-biznes nümayəndələri sizdən daha çox tanınır. Bu sizi narahat edirmi?

- Bu fikrinizlə tamamilə razıyam. Opera ifaçıları barmaqla sayılası qədərdir. Bu işdə günahı efirlərdə, mediada, reklam işi ilə məşğul olan insanlarda görürəm. Biz öz işimizi görürük. Daima sənətimizlə məşğuluq. Əfsuslar olsun ki, həm telekanallar, həm də media orqanları opera sənəti ilə az maraqlanırlar. Onları qınamıram, çünki dünyanın hər yerində belədir. Şou ifaçıları hər zaman göz önündə olublar. Ancaq buna baxmayaraq, operanın öz tamaşaçıları var. Heç zaman şikayətlənə bilmərəm ki, səhnəyə çıxmışam, zalı boş görmüşəm. Mən hər zaman səhnədə dolu zal üçün ifa etmişəm. Opera çox ağır janrdır, bunu hər kəsə sevdirmək olmaz.

- Hazırda opera sənətindən yazan teatrşünaslar, jurnalistlər də çox azdır.

- Bir zamanlar Arif müəllim adlı bir yazar vardı. O, salonda ön cərgədə otururdu. Daha sonra tamaşanı təhlil edib, yazı hazırlayırdı. Əfsuslar olsun ki, indi opera tamaşaları ilə bağlı resenziya yazanlar azdır. Tamaşa haqqında nəsə yazmaq üçün xüsusi bilik sahibi olmaq lazımdır. Təəssüflər olsun ki, bu barədə jurnalistlər az məlumatlıdırlar. Operanın qidasından tutmuş mətbəxinə qədər ondan xəbərdar olmaq lazımdır. Biz əlimizdən gələni etməyə çalışırıq. Səsimizi keyfiyyətli şəkildə tamaşaçıya çatdırmaq üçün biz də daima öz üzərimizdə işləyirik. Hər opera qabağı biz öz fiziki durumumuza əmin olub, sonra səhnəyə çıxırıq. Çünki 3 saat canlı şəkildə tamaşaçıların qarşısına çıxırıq. İfadan əlavə, səhnədə obraz canlandırırıq. Səhnəyə çıxmaq üçün həm vokal, həm də texniki cəhətdən 100 faiz formada olmalıyıq. Biz saatlarla texniki və bədii məşqlər edirik. Səsin də özünə uyğun spesifik məşqləri var. Əgər gün ərzində pianoçu 8 saat məşq edirsə, eləcə də vokalçı özünə uyğun səs tembrini qurmalıdır. Səsin də birinci dostu nəfəsdir. Biz də bunu hər zaman qoruyub saxlamalıyıq. Yuxu, qida rejiminə əməl etməli, gündəlik stressdən uzaq olmalıyıq. Bütün bunlar səsə təsir edir.

- İlahə Əfəndiyevanın uğurunun sirri nədir?

- Əslində burada elə də böyük sirr yoxdur. Sadəcə, sənəti sevmək lazımdır. Kim hansı sahədə çalışırsa-çalışsın, ilk növbədə sənətini sevib ona sevgi ilə yanaşmalıdır. Səbir bütün dərmanların açarıdır. Bəzən olub ki, məndə alınmayıb və bu sənəti atıb getmək istəmişəm. Ancaq səbir etmişəm, nəticədə məndə alınmayan bir şey hamıda olduğundan daha gözəl alınıb və o sahə üzrə öndə olmuşam. Mənim borcumdur ki, bildiklərimi bizdən sonra gələn gənclərə çatdırım. Çox istərdim, davamçılarım olsun. Bizim işdə öz üzərində işləməklə bərabər, Allah-təala vergisi də vacibdir.

- Opera ifaçısının maaşı o qədər də yüksək deyil. İş çox, maaş az… Yəqin ki, bu səbəblərə görə gənclərin bu sənətə axını da az olar.

- Biz fədakarıq (gülür). Mən operaya olan böyük sevgimə görə sənətimi tərk etməmişəm. Dünyanın müxtəlif ölkələrində çalışmaq üçün bir sıra təkliflər almışam. Mən də sənətimi atıb şouya qoşula, gəlirli ifaçı ola bilərdim. İnanın ki, bu məndə 200 faiz alınardı. Bu sənətə məhəbbətim o qədər çox olub ki, onu heç nəyə dəyişməmişəm. Çətin anlarım çox olsa da, sənətimi tərk etməmişəm. Ən əsası odur ki, sevdiyim işlə məşğul olmuşam. Bu səviyyəyə gəlib çatmaq üçün çox çalışmışam.

- Bəhrəsini də görmüsünüz. Bu yaşda Prezident Mükafatına və əməkdar artist adına layiq görülmüsünüz.

- Mən boş dayanmıram. İndinin özündə də öz üzərimdə çalışıram, kitablar oxuyuram. Hər zaman mütaliə edirəm. Zəmanəmizin gənclərində, əfsuslar olsun ki, bunu müşahidə etmirəm. İndi mənə desələr ki, haradasa ustad dərsləri keçirilir, ora uçaraq gedərəm. Yenə də nə isə öyrənmək istəyirəm. Opera sənətində bütün partiyaları ifa etməmişəm. Hələ mənim səsimə, yaşıma uyğun partiyalar qabaqdadır. Hələ tonları öyrənməliyəm. Oxumadığım bir neçə səhnələr var. Çalışıram ki, onları ifa edim.

- Bu səviyyəyə gəlib çatdıqdan sonra qarşınıza nəyi hədəf qoymusunuz?

- Hər insanın həyatda bir məqsədi olmalıdır. Mənim məqsədim heç zaman tanınmaq, gəlir əldə etmək olmayıb. Hər zaman düşünmüşəm ki, nə işlə məşğul oluramsa-olum, onu keyfiyyətli şəkildə təqdim edim. Əgər mən bu sənəti seçmişəmsə, ixtiyarım yoxdur ki, tamaşaçıların qarşısına hazırlıqsız çıxım. Əgər mənim hansısa problemim varsa, onu tamaşaçıya yansıtmamalıyam. Çünki tamaşaçı bir az qəddardır. O bilmir ki, mənim səhnədən kənarda həyatımda nələr baş verir. Tamaşaçı teatra istirahət etmək üçün gəlir. Bu səviyyəyə çatmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir.

- Əlinizdə imkan olsaydı, bu sənətdə nələri dəyişərdiniz?

- Bəzi şeyləri dəyişərdim. Teatrı daha çox təbliğ edərdim. Əminəm ki, bu təbliğatdan sonra teatra daha çox axın olardı. Bir neçə il bundan öncə muğam sənəti zəif inkişaf etmişdi. Muğam sənətində gənclərimiz çox az idi. Şükürlər olsun ki, bu gün Mehriban xanım Əliyevanın sayəsində muğam sənəti yüksəklərə qalxdı və gənclərin bu sənətə axını başladı. Mən hər zaman istəyirəm ki, bu sənət ölməsin, günü-gündən daha da zirvələrə qalxsın.
Kaspi





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net