Ana Sayfa > Üçüncü sektor > Elmar Məmmədyarov İlham Əliyevə qarşı çıxan qüvvələri gizlədir?

Elmar Məmmədyarov İlham Əliyevə qarşı çıxan qüvvələri gizlədir?


6-06-2015, 07:11. Yazar: admin
Elmar Məmmədyarov İlham Əliyevə qarşı çıxan qüvvələri gizlədir?
Səfir Arif Məmmədovun müxalif ruhlu çıxışları ətrafındakı qalmaqal hələ bitməyib. Özü də bu qalmaqal və hay-küy Azərbaycan Xarici İşlər Nazirliyinin günahı ucbatından səngimir.

Niyə? Bəs buradan hansı nəticə çıxır? Azərbaycan xalqını məmur özbaşınalığına və talançılığına daha dözməməyə çağıran səfirin hökumət əleyhinə bu çıxışları barədə informasiya yayılan kimi prezident İlham Əliyev məsələyə dərhal reaksiya verir.

Yada salaq ki, dövlət başçısı Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlini dərhal geri çağırdı. Səfirin oğlu, Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşı Anar Mədətli Brüsseldə fırtına axtarışında olan qiyamçı səfir Arif Məmmədovun qiyamçı çıxışını dəstəkləyənlərdən biri idi.



Hakimiyyətin məntiqinə haqq qazandırmamaq olmur. Çünki səfirin və diplomatın missiyası ölkədaxili məsələlər və daxili siyasət, üstəlik məmur talançılığı və özbaşınalığı barədə mülahizə və mühakimə yürütmək yox, dövlətin maraq və mənafelərini yaşadığı ölkədə təmsil, daha dəqiq desək, müdafiə etməkdir.

Diplomat da dövlətin əsgəridir. Və o da bir hərbçi, zabit olaraq öz dövlətinin siyasətini şübhə altına salmaq hüququna malik deyil. Hökumətin mövqeyi və siyasəti diplomatdan və səfirdən ötrü bütün şübhə, ehtimal və fikirlərdən daha üstün mövqedə olmalıdır. Əgər diplomat öz ölkəsinin daxili siyasəti barədə hər hansı açıq mövqe bildirmək istəyi ilə alışıb-yanırsa, onda o, öz hökumətinə istefa xahişi ilə müraciət edərək öz postunu tərk etməli və azad insan kimi yeni həyata başlamalıdır. O, buna sadəcə borcludur. Bu qayda diplomatdan ötrü təkcə yazılmamış qayda deyil, həm də ciddi şəkildə reqlamentləşdirilmiş qaydadır.

Üstəlik də əgər diplomat banan respublikasının yox, özünü təmin etməyi bacaran güclü bir dövləti təmsil edirsə, onda o, hətta istefadan sonra da susmağa borcludur. Çünki o, xidməti işləri ilə əlaqədar öz dövlətinin və hökumətinin müəyyən sirlərinə vaqif olub. Və bu sttausda olan şəxs susmaq qanununa əməl etməlidir. Yoxsa...

Diplomatın vətəndaş mövqeyinə malik olmaq hüququ yoxdur. XİN əməkdaşının öz vətəndaş mövqeyini büruzə verməsi artıq qiyamdır, üsyandır, öz hakimiyyətinə qarşı sabotajdır. Əgər diplomat, yaxud da hərbçi qiyam edirsə və dövlət də ona qarşı heç bir qabaqlayıcı tədbir görmürsə, onda onun ölkəsi “ərəb baharı” və ya Qəzzafinin vəhşicəsinə edamı kimi bir “hədiyyə” almaq zorunda qalır.



Liviyanın səfir və diplomatlarının “ərəb inqilabı” və Qəzzafinin edam səhnəsi ərəfəsində bir-birinin ardınca hansı çıxışları etdiyini xatırlayırsınızmı?

Yaxşı, diplomat öz hökumətinə qarşı qiyam qaldırıb müxallifətə keçəndə hakimiyyət necə hərəkət edir və ya etməlidir? ABŞ prezidenti Barak Obama necə hərəkət etmişdisə - elə. Obama NATO-nun Əfqanıstandakı missiyasının komandanı Stenli Makkristalın müsahibəsindən sonra necə hərəkət etmişdi? Əgər demokratların yaddaşı pozulubsa, onda xatırladaq.

S.Makkristal “Rolling Stone” jurnalına müsahibəsində amerikalı məmurlar haqda öz tənqidi fikirlərini bildirən kimi Obama onu dərhal Ağ Evə çağırıb hamının gözü önündə, məsul şəxslərin iştirak etdiyi toplantıda rəsmən danladı və işdən qovdu!

Yəni liberalizm və ya azadfikirlilik kimi anlayışlar hərbçilərə və ya diplomatlara münasibətdə tamamilə başqa, dolayı məzmun kəsb edir. Yəni bu münasibət brimənalı deyil. Belə olmasa, dövlət tərtəmiz bardaka çevrilər, dərəbətlik meydan sulayar.

Bunlar hamıya, ilk növbədə Azərbaycan XİN rəhbərliyinə, o cümlədən nazir Elmar Məmmədyarova aydıan olmalı olan elementar həqiqətlərdir.

Bəs nazir öz tabeliyində olan şəxslərin özbaşınalığına, lap açıq desək, qiyamçı ruhuna necə reaksiya verdi? Heç bir reaksiyası olmadı!

Yadınıza salıram, XİN-in düz 5 əməkdaşı səfir Arif Məmmədovun müxalifətçi mövqeyini dəstəkləmişdi. Və onların arasında XİN məbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də var. Elmar Məmmədyarov isə onların birini də işdən qovmadı! Bu, nədir, yoxsa Məmmədyarov özü də səfirin mövqeyi ilə razıdır?!

Bir anlığa özülüyünüzdə belə bir mənzərəni təsəvvür edin: hansısa bir amerikalı səfir sosial şəbəkələrdə amerikalı məmurları korrupsiyada ittiham edən bəyanatla çıxış edib, deyək ki, Mari Harf və ya Ceyn Psaki, cəhənnəm, lap elə Kirbi isə bu tənqiddən vəcdə gələrək sevinc içində çəpik çalır. Yaxşı, Hatf belə özbaşınalıq eləsə, onun başına nə oyunlar açarlar?! Onu təkcə işdən də qovmazlar. Onu Dövlət Departamentindən elə qovarlar ki, heç izi-tozu da qalmaz.

Məmmədyarov isə susur. Heç bir iş də görmür. Azərbaycan XİN-in əməkdaşları - Cavid Musayev, Ramiz Vəliyev, Anar Mədətli, Fərəh Gözəlova, nəhayət, Hikmət Hacıyevin özü XİN-də və səfirliklərdəki vəzifələrini icra etməkdə hələ də davam edirlər. XİN başçısı isə canını İslam Konfransı Təşkilatına səfir Arif Məmmədovu vəzifəsindən kənarlaşdırmaq xahişi ilə müraciət etməklə qurtarmış saydı. Vəssalam. Daha heç nə...





Yəni Məmmədyarov özünün bu hərəkət(sizliy)i ilə cəzasızlıq mühiti və təhlükəli presedent yaradır. Sabah isə bundan ABŞ-dakı, sonra Almaniyadakı, daha sonra Rusiyadakı səfirlər istifadə edəcək...

Bəs necə?! Belə çıxır ki, sabah bizim Almaniyadakı səfirimiz də Almaniya XİN-in bəyanatlarını dəstəklətib Leyla Yunusa azadlıq tələb edəcək. Tutaq ki, Polad Bülbüloğlu da rəsmi Bakını Qarabağ məsələsində kifayət qədər kompromisə getməməkdə tənqid etməyə başlayacaq.

Hə, nə durmusunuz, cənab səfirlər, öz dövlətinizin əleyhinə çıxış etməyə başlayın! Azərbaycanı ərazisində təmsil etdiyiniz ölkələrin hökumətlərinə işləyin! Axı Azərbaycan XİN rəhbərliyinin fəaliyyətsizliyi hadisələrin məhz bu cür arzuolunmaz məcrada davam və inkişaf etməsini nəzərdə tutur! Məmmədyarov nə daxili xidməti təhqiqat aparır, nə də qiyamçılara qarşı konkret tədbir görür!!!

Yeri gəlmişkən, səfir Məmmədovu dəstəkləyənlər arasında necə oldusa deputat Aydın Abbasovun da adı peyda oldu. Onun adına bizim milli Konçitanın çağırışını “like” edənlər arasında rast gəlinir.

Deputat, XİN əməkdaşları... Bəh-bəh, əladır ki... Heç sözümüz yoxdur. Hakimiyyət daxilindəki narazıların meydanı necə də sürətlə böyüyüb genişlənir...

Yaranmış bu sarsaq vəziyyətə görə XİN-in daxili təhlükəsizlik xidməti daha böyük məsuliyyət daşıyır. Əliyev hakimiyyətinin adı hamıya bəlli olan gizli düşməni - veteran səfir Arif Məmmədovun sıx münasibətləri kimə və ya kimlərə də olmasa XİN-in daxili təhlükəsizlik xidmətinə məlum olmalı idi. Və bunu da yoxlamaq lazımdır: səfirin bu etirazları hamımıza yaxşı məlum olan “istinad qruplaşması”nın çoxgedişli kombinasiyası deyil ki?!

Bir sözlə, Məmmədyarova ünvanlanası suallar həddən artıq çoxdur. Biz isə hələ də əsas suala cavab tapmaq istəyirik: XİN-dəki anti-Əliyev qruplaşmasının üzvləri öz pastlarını niyə hələ də qoruyub saxlayırlar?

Eynulla Fətullayev

Geri dön