21 saylı poliklinikanın “legioner” həkimi
Tarix: 16-10-2015, 09:36 | Çap et
21 saylı poliklinikanın “legioner” həkimi
Bu günlərdə redaksiyamıza daxil olmuş növbət şikayət ərizəsində yenə də dövlət tibb müəssisələrində yer almış rüşvətxorluq hallarından və digər qanun pozuntularından bəhs olunur. Zabrat qəsəbə sakinlərindən biri tərəfindən təqdim olunmuş ərizədə, şikayətçi elə bu qəsəbədə yerləşən 21 saylı şəhər poliklinikasının həkim və digər tibbi personalının əməllərinə dair öz iradlarını bildirir. Lakin şikayətin mahiyyətinə keçmədən öncə bir məqamı da vurğulamaq istərdik ki, vətəndaşın irəli sürdüyü ittihamlar xüsusunda araşdırma apararkən, biz paralel olaraq digər bir tibb müəssisəsinin də fəaliyyətinə dair məlumatlar əldə etmək məcburiyətində qaldıq. Bunun səbəbini isə, bir qədər sonra açıqlayacağıq. Hələlik isə qayıdaq Zabrat sakininin şikayətinə. Beləliklə, öz ərizəsində şikayətçi bildirir ki, o, iki azyaşlı övladı ilə kirayədə yaşayan, maddi baxımdan az təminatlı bir anadır. Buna baxmayaraq, ərizəçi xanımın dediyinə görə, hər dəfə 21 saylı poliklinikanın həkimlərinə müraciət edərkən o, aldığı müayinə və müalicəyə görə müəyyən məbləğdə pul ödəyir. Çünki əks halda, 21 saylı poliklinikanın dövlət müəssisəsi olmasına baxmayaraq, burada pulsuz hər hansı tibbi xidmət almaq demək olar ki, mümkün deyil. Bu xüsusda ərizədə deyilir: “Özümün də, uşaqlarımın da səhhətində tez-tez problemlər yaranır. Buna görə də hər dəfə poliklinikaya müraciət etməli oluram. Lakin bizim 21 saylı poliklinikada həkimlər də, tibb bacıları və laboratoriyanın personalı da göstərilən xidmətə görə pul tələb edirlər...” Şikayətçi bildirir ki, elə bir müddət bundan əvvəl onu qəbul etmiş dəri həkimi Şəhla xanıma verməyə pulu olmadığı üçün də, aralarında xoşagəlməz söhbət olmuşdur. Ərizəçinin sözlərinə görə, Şəhla xanım ilk əvvəl xəstəni səmimi qarşılamış, müayinə etmiş və müalicə də təyin etmişdir. Lakin bir qədər sonra, xəstənin pulu olmadığını bildikdə, həkim ona qarşı bu xüsusda yersiz iradlar bildirmişdir. Halbuki, bu xəstə əvvəllər də bir neçə dəfə Şəhla xanımın qəbulunda olmuş və hər dəfə də həkimin “hörmətini” etmişdir.

Təbii ki, bütün bu deyilənlərə aydınlıq gətirmək üçün biz ilk növbədə 21 saylı poliklinikanın baş həkimi Mərziyyə Məmmədova ilə əlaqə saxladıq. Və məhz elə bu zaman da məlum oldu ki, sən demə Şəhla xanım heç də 21 saylı poliklinikanın həkimi deyil. Onun əsas iş yeri 3 saylı uşaq dəri-zöhrəvi dispanseridir. Sadəcə olaraq, həftənin müəyyən günlərində Şəhla xanım 21 saylı poliklinikada da xəstələri qəbul edir. Etiraf edək ki, dəri-zöhrəvi xəstəliklərinin müalicəsində uşaq və böyük bölgüsünün olub-olmadığı barədə bilgimiz yoxdur. Hər halda, əgər uşaq dispanseri ayrıdırsa, deməli belə bir bölgü var və bu zaman Şəhla xanımın da bizim şikayətçini xəstə kimi qəbul etməsinə dair müəyyən suallar yarana bilər. Digər tərəfdən isə, Mərziyyə Məmmədovanın da məsələyə münasibəti bizdə bir qədər çaşqınlıq yaratdı. Belə ki, baş həkim Şəhla xanımın başqa bir tibb müəsisəsinin işçisi olduğunu vurğulamaqla, sanki bununla öz üzərindən bütün məsuliyyəti atmış oldu. Amma əslində bu qətiyyən belə deyil. İlk növbədə aldığımız ərizədə şikayətçi hələlik başqa heç bir həkimin adını konkret olaraq göstərməsə də, ümumilikdə 21 saylı poliklinikada pulsuz müayinədən keçməyin və müalicə almağın mümkün olmadığını vurğulayır. Digər tərəfdən də, əgər Şəhla xanım özü başqa bir tibb müəssisəsinin həkimi ola-ola bu poliklinikada xəstələrdən pul almağa cürət edirsə, o zaman poliklinikanın öz həkimlərinin bu xüsusda davranışlarını təxmin etmək elə də çətin olmaz. Qeyd edək ki, apardığımız araşdırmalar nəticəsində 21 saylı şəhər poliklinikasının fəaliyyətində yer almış digər neqativ hallara dair də olduqca maraqlı açıqlamalar əldə etmişik. Lakin bu barədə növbəti saylarımızın birində daha ətraflı məlumat verəcəyik.

Eyni zamanda da, araşdırmalarımız nəticəsində Şəhla xanımın çalışdığı 3 saylı uşaq dəri-zöhrəvi dispanserində cərəyan edən bəzi proseslərə aydınlıq gətirə bilmişik. Bu məlumatları da müəyyən dəqiqləşdirmələrdən sonra ictimai müzakirəyə təqdim edəcəyik.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net